AMİP-30

Səfirliyimizə terror hücumundan iki il ötdü – İranın götürmədiyi dərs

Ötən həftə, hadisənin ikinci ildönümü ərəfəsində isə Y.Hüseynzadənin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Cinayət işi icra olunması üçün məhkəməyə göndərilib. Məhkəmə zərərçəkənlərin yaxınlarını dəvət edəcək. Zərərçəkənlər edamın icrasını tələb etdiyi halda, cinayət işi icra olunması üçün əlaqədar quruma göndəriləcək.

Zərərçəkən – terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərov edamın icrasını tələb edir: “Təxminən 1 il yarım öncə İran İslam Respublikasının Baş Prokuror müavini Bakıya gəldi və Azərbaycan Respublikasının Baş Prokurorluğunda görüşümüz oldu. Başsağlığı verdilər və bildirdilər ki, İran İslam Respublikasının qanunlarına uyğun olaraq kompensasiya və ya edam cəzası verilə bilər. Orxan Əsgərovun atası olaraq, şübhəsiz ki, mən həmin dəqiqə edam cəzasını istədim”.

R.Əsgərov qeyd edib ki, bir il yarım öncə bununla bağlı müvafiq sənədlər hazırlandı: “Mən və kiçik oğlum qisas qismində edam istədiyimizi tələb məktubu kimi yazdıq. İndi isə bu tələbi yenidən istəyirlər. Biz də bu tələb məktubunu yenidən yazacağıq. Biz həmin terror aktını törədən şəxsin edamını istəyirik. Bizim başqa tələbimiz yoxdur”.

Qeyd edək ki, faciəvi olaydan sonra İranla diplomatik əlaqələr ən aşağı səviyyəyə endirilib. Səfirliyimiz isə yalnız keçən ilin iyulunda yeni binada fəaliyyətə başlayıb.

Ümumiyyətlə, ötən iki illik müddəti Azərbaycan-İran münasibətləri kontekstində necə səciyyələndirmək olar? Rəsmi Tehran terror aktından gərəkən nəticəni çıxarıbmı? İran tərəfi niyə sifarişçinin axtarışını aparmadı?

Onu da qeyd edək ki, sözdə mehriban qonşuluqdan və dindaşlıqdan danışmağı sevən İran XİN keçən həftə Tehrandakı səfirimizi çağıraraq ona etiraz təqdim edib. Ardınca İranın Bakıdakı müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə dəvət edilib və qarşı tərəfə etiraz bildirilib.

Azərbaycan Milli İstiqlal Partiyasının lideri, xalq hərəkatının öncül isimlərindən olan Etibar Məmmədov tanınmış politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun Günaz TV-də yayımlanan müəllif verilişində çox maraqlı məqamlara toxunub:

“İran tərəfi münasibətlərin normallaşmasına imkan verməyəcək. Biz xarici siyasətimizi qonşularımızın haqqımızda nə düşündüyündən asılı etməməliyik. Özümüzün strategiyamız olmalıdır. İran bizim üçün problem yaradır. Bunun qarşısını almağın bir yolu var ki, biz də onlar üçün problem yaratmalıyıq. Bizim onlara problem yaratmaq imkanlarımız onlarınkından qat-qat çoxdur. İctimaiyyətə təsir baxımından onların bizim cəmiyyətə təsir gücü bizim imkanlarımız qədər deyil. Düzdür, onlar agentura şəbəkəsi qurublar, yeni cəmiyyətlər formalaşdırıblar, dini təbliğat aparırlar. Lakin yalnız bu vasitələrlə təsir göstərə bilirlər. Çünki onların cəmiyyətə nümunə kimi təqdim edəcəyi heç bir şey yoxdur. Bir nümunələri yoxdur ki, bizə göstərsinlər. Amma bizim cəmiyyətin İran üçün nümunəliyi var. Sərbəstlik, azadlıq, yəni dini azadlıq, dünyəvilik, bir sözlə, hər şey var. Onun üçün bizim təsirlər daha çoxdur. Milli hisslərlə İrana təsirlərimiz daha çoxdur, nəinki farsın Azərbaycana təsiri.

Deyirlər ki, dövlət səviyyəsində biz Azərbaycanla dostuq, nə edirlərsə, dini və digər təşkilatlar edirlər. Biz də elə təşkilatlar formalaşdırmalıyıq ki, İrana problem yaratsınlar, bu istiqamətdə fəaliyyətlərini gücləndirsinlər, lazım olan imkanlara və təsir gücünə malik olsunlar…”. Musavat.com