AMİP-30

Deputat: “Yeni bələdiyyələr dövlət və xalqa faydalı xidmət edəcək”

“Seçkilərə kifayət qədər böyük diqqət və maraq idi”.

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, bələdiyyə seçkiləri çox əhəmiyyətlidir: 

“Xüsusi olaraq vurğulamaq lazımdır ki, ötən il 7 fevralda prezident seçkiləri, 1 sentyabrda isə parlament seçkiləri keçirdik. Həmin seçkilər ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra keçirildi. Budəfəki bələdiyyə seçkiləri də suverenliyimiz təmin olunduqdan sonra keçirilən ilk seçkilər kimi dəyərləndirilməlidir”.

Partiya sədri qeyd edib ki, lider namizədlər sırasında AMİP-in namizədləri də var: 

“Bələdiyyələrin funksionallığının arzuolunan səviyyədə olmaması səbəbilə Azərbaycan Milli İstiqlal Partiyasının üzvləri tərəfindən seçkilərdə iştiraka əvvəlki dönəmlərdəki kimi həvəs göstərmirdilər. Lakin istənilən halda biz partiya olaraq seçkilərdə iştirak etdik, 30 nəfərə yaxın namizədimiz qeydə alındı. Eyni zamanda, təxminən 600 nəfərdən artıq müşahidəçi ilə seçkiləri izləyirdik. Nəticələr açıqlanır, təbrik edə biləcəyimiz namizədlərimiz də var”.

Arzuxan Əlizadə vurğulayıb ki, seçki zamanı qayda pozuntusu olmayıb:

“Müşahidəçilərimizin verdiyi məlumatlara əsasən, seçkilərə hər hansısa kənar müdaxilə olmayıb. Yəni seçkilər uğurlu və şəffaf keçdi. Hansı partiyanın üzvü və ya bitərəf olmasından asılı olmayaraq, bələdiyyə üzvü seçilən şəxsləri təbrik edirik. Ümid edirəm və əminəm ki, yeni formalaşacaq bələdiyyələr dövlət və xalqa faydalı xidmət edəcək. Onların insanlarımızın problemlərini və istəklərini uğurlu səviyyədə həll edəcəklərinə inanırıq”.