AMİP-30
arzuxan

Bələdiyyə seçkilərində də “ana müxalifət” onlar oldu

“Yanvarın 29-da ölkəmizdə sayca 6-cı bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə 685 bələdiyyəni əhatə edən seçkilərdə respublika üzrə 1 874 810 nəfər seçici məntəqələrə gəldi və fəallıq 31.45 faiz oldu. Bununla da seçkilər baş tutmuş sayıldı.

Seçkilərin nəticələri olaraq tam formalaşmış bələdiyyələrin sayı 413-dür”. Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında söyləyib.

O bildirib ki, tam formalaşmış bələdiyyələr üzrə namizədlərin sayı isə 4801 nəfərdir. MSK sədri qeyd edib ki, seçkilərin nəticələrinə təsir edəcək heç bir hal baş verməyib. Bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına heç bir müraciət daxil olmayıb. M.Pənahov bildirib ki, bütün dairə seçki komissiyaları hesabat verib, lider namizədlərin sayı isə 7791 nəfərdir.

Məlumat üçün bildirək ki, lider namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

O barədə də məlumat verməyi vacib bilirik ki, lider namizədlər dedikdə, seçkilərdə üzv kimi seçilən hər bir iddiaçı nəzərdə tutulur. Növbəti mərhələ həmin üzvlərin öz aralarından sədr və müavinləri seçmə mərhələsi olacaq. Bu proses də qarşıdakı bir ayda baş tutacaq.

Onu da bildirək ki, bu seçkilərdə ölkədə qeydiyyatda olan 26 siyasi partiyadan 23-ü iştirak edib. Artıq bir sıra siyasi partiyaların lider namizədləri məlumdur. Hakim Yeni Azərbaycan Partiyasının bütün seçki dairələri üzrə bir deyil, bir neçə lider namizədi var. AĞ Partiya bu seçkilərə 15 namizədlə qatılmışdı və onlardan 6-sı liderlər sırasındadır. Azad Vətən Partiyasının 5, Vəhdət və Müasir Müsavat partiyalarının 7 namizədi liderlərə qoşula bilib. Parlamentdə təmsil olunan VHP-nin 12, AMİP-in 8, MCP-nin 7, REAL-ın isə 5 namizədi lider namizəd statusu qazanıb. 

Modern.az-ın məlumatına görə, bələdiyyə üzvlüyünə seçilənlər arasında tanınmış şəxslər də var.

Onlardan biri də mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovdur. O, Sabunçu bələdiyyəsinin üzvü seçilib. Oqtay Qasımov bundan əvvəlki seçkilərdə də həmin bələdiyyənin üzvü seçilib.

“Seçkilərə kifayət qədər böyük diqqət və maraq idi”.

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, bələdiyyə seçkiləri çox əhəmiyyətlidir: “Xüsusi olaraq vurğulamaq lazımdır ki, ötən il 7 fevralda prezident seçkisi, 1 sentyabrda isə parlament seçkiləri keçirdik. Həmin seçkilər ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra keçirildi. Budəfəki bələdiyyə seçkiləri də suverenliyimiz təmin olunduqdan sonra keçirilən ilk seçkilər kimi dəyərləndirilməlidir”.

Partiya sədri qeyd edib ki, lider namizədlər sırasında AMİP-in namizədləri də var: “Bələdiyyələrin funksionallığının arzuolunan səviyyədə olmaması səbəbilə Azərbaycan Milli İstiqlal Partiyasının üzvləri tərəfindən seçkilərdə iştiraka əvvəlki dönəmlərdəki kimi həvəs göstərmirdilər. Lakin istənilən halda biz partiya olaraq seçkilərdə iştirak etdik, 30 nəfərə yaxın namizədimiz qeydə alındı. Eyni zamanda təxminən 600 nəfərdən artıq müşahidəçi ilə seçkiləri izləyirdik. Nəticələr açıqlanır, təbrik edə biləcəyimiz namizədlərimiz də var”.

Arzuxan Əlizadə vurğulayıb ki, seçki zamanı qayda pozuntusu olmayıb: “Müşahidəçilərimizin verdiyi məlumatlara əsasən, seçkilərə hər hansısa kənar müdaxilə olmayıb. Yəni seçkilər uğurlu və şəffaf keçdi. Hansı partiyanın üzvü və ya bitərəf olmasından asılı olmayaraq, bələdiyyə üzvü seçilən şəxsləri təbrik edirik. Ümid edirəm və əminəm ki, yeni formalaşacaq bələdiyyələr dövlət və xalqa faydalı xidmət edəcək. Onların insanlarımızın problemlərini və istəklərini uğurlu səviyyədə həll edəcəklərinə inanırıq”.