AMİP-30

Üç nazirin işdən çıxarılmasının ilginc səbəbləri – Nəyə hazırlıq gedir?

Son 1 ayda Prezident İlham Əliyevin sərəncamı ilə 3 nazir işdən çıxarıldı. Öncə Samir Şərifov maliyyə naziri vəzifəsindən uzaqlaşdırıldı. Ardından Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri postu ilə vidalaşdı. Dünən isə Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini itirdi.

Prezidenti müvafiq sərəncamları ilə onlar yeni işə keçirildi. Samir Şərifov baş nazirin müavini, Muxtar Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, Sahil Babayev isə maliyyə naziri təyin edildi.

S.Şərifov işdən çıxarıldıqda media yazdı ki, Azərbaycanda yeni super nazirlik yaradılır. Bildirilirdi ki, Dövlət Gömrük Komitəsi, Vergi Xidməti, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birləşdiriləcək, yeni yaradılacaq quruma Sahil Babayev rəhbər təyin olunacaq.

S.Babayevin maliyyə naziri təyin olunması bu istiqamətdə gedən müzakirələrin dayanmasına səbəb oldu. Artıq məlumdur ki, yeni qurum yaradılmayacaq.

Diqqət çəkən məqamlardan biri Muxtar Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilməsidir. Son vaxtlar bir başqa iddia ortaya atılıb. Deyilənə görə, yeni struktur islahatları aparılacaq, hazırkı idarəetmə quruluşu nümayəndəliklərlə əvəzlənəcək. Hətta icra hakimiyyətlərinin ləğv ediləcəyi, yerinə prezidentin nümayəndələrinin təyin olunacağı bildirilir.

Düzdür, bu iddialar artıq təkzib olunub. Globalinfo.az hökumətdəki mənbələrdən öyrənə bilib ki, bu il referendum keçirilməyəcək, konstitusiya islahatı aparılmayacaq.

Buna baxmayaraq, paraleldə isə nümayəndəlik institutu gücləndirilir. Sanki növbəti mərhələ üçün hazırlıq aparılır. Bəzən dövlətin planları bir neçə ilə hədəflənir. Hazırlıq görülür, bünövrə hazırlanır, 5-6 il sonra qəfil dəyişiklik olur. İndiki proseslər də bunun əlaməti sayıla bilər.
Azərbaycan Prezidentinin nümayəndələrinin sayı 10-a çatıb. 10 xüsusi nümayəndənin ikisi xüsusi tapşırıqlar üzrə nümayəndə statusu daşıyır: Azərbaycan Respublikası Birinci vitse-prezidentinin sabiq köməkçisi Elçin Əmirbəyov və xarici işlər nazirinin keçmiş müavini Xələf Xələfov. Fuad Nəcəfli də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərir.

Bu yeni institutun fəaliyyəti nədən ibarət olacaq? Verilən vəzifələrin anlamı nədir?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib ki, Azərbaycan Respublikası Prezidentinin konstitusiya ilə müəyyən edilmiş müstəsna səlahiyyətləri var, bunlardan biri də onun xüsusi nümayəndələrini təyin etməsi hüququdur:

“Bu hüququndan istifadə edərək Prezident İlham Əliyev müxtəlif sahələr və xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndələr təyin edib. Ümumilikdə, Xüsusi nümayəndəlik institutu yenidir. 2021-ci ildə bununla bağlı əsasnamə qəbul edilmiş, buna müvafiq olaraq işğaldan azad olunmuş ərazilərdə və Naxçıvanda Prezidentin xüsusi nümayəndəlikləri formalaşıb. Onlar Prezidentin xüsusi səlahiyyətli nümayəndələri təyin edilmişlər.

Muxtar Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edildi. Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammitində Muxtar Babayev həmin tədbirin prezidenti idi. Bu səlahiyyəti COP30-a qədər davam etdirəcək. Bu bir il ərzində Azərbaycanın daxil olduğu layihələri, Prezidentin bu sahə üzrə verdiyi tapşırıq və göstərişləri yerinə yetirmək səlahiyyəti verilmiş bir şəxs kimi fəaliyyət göstərəcək. Təyinat hələ təzə olub, fəaliyyət istiqamətləri ilə bağlı əsasnamə də qəbul ediləcək. Buna müvafiq olaraq M.Babayev fəaliyyətini davam etdirəcək”.