“USAİD-in araşdırılmasına ehtiyac var” – DEPUTAT
“Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) 10 illiklər ərzində təxminən 80-dən artıq ölkədə fəaliyyət göstərib, müxtəlif fondları, təşkilatları maliyyələşdirib. Bir çox ölkələrdə rəngli inqilabların həyata keçirilməsində iştirak edən təşkilatlar USAİD tərəfindən maliyyələşdirilib. USAİD-in bir sıra qanundankənar fondları maliyyələşdirdiyi, eyni zamanda Əfqanıstanda narkotik vasitələri, heroin istehsalında iştirak etdiyi iddiaları var və yardım adı altında bir sıra ölkələrdə fərqli məqsədlər də hədəfləmişdir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib.
O, USAİD-in Azərbaycandakı fəaliyyəti ilə bağlı olduqca şübhəli məqamların olduğunu qeyd edib:
“Tramp Adminstrasiyası fəaliyyətə başladıqdan dərhal sonra bir sıra beynəlxalq təşkilatlara maliyyələşməsini dayandırmışdı və bu ilk növbədə də USAİD-lə başlayıb. Artıq bu təşkilatın Vaşinqtondakı, Filadelfiyadakı mərkəzi qərərgahında yoxlamalara başlanılıb, qərərgahlar bağlanmış, audit yoxlamaları həyata keçirilməkdədir. Hətta Tramp Adminstrasiyasının əsas hüquqlarından biri hesab olunan İlon Mask bu təşkilatı cinayətkar yuva adlandırmış və onun qanunazidd fəaliyyəti ilə bağlı ona dövlət departamenti tərəfindən ayrılmış vəsaitin təyinatına uyğun olmayan istiqamətlərə xərclənməsi ilə bağlı çox ciddi ittihamlar irəli sürmüşdü. Azərbaycanda fəaliyyətinə gəlincə, təxminən 34 ilə yaxın bir müddət ərzində burada fəaliyyətdə olan bu təşkilat bütövlükdə Azərbaycan dövlətçiliyinə qarşı mövqe sərgiləyib. Zaman-zaman bir dəfə də olsun Azərbaycanın 30 ilə yaxın işğalda olan əraziləri ilə bağlı bir dəfə də olsun mövqe bildirməyib. Daha çox Azərbaycan mentalitetinə, Azərbaycan insanının yaşam tərzinə tamamilə zidd olan layihələrin dəyişdirilməsi gündəmdə olub. Eyni zamanda Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən 30 il ərzində Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlayan ermənilərə, Ermənistana dəstəklə də gündəmdə olub”.
Deputat artıq bu təşkilatın Azərbaycandakı fəaliyyətinin dayandırıldığını vurğulayıb:
“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun faktiki olaraq USAİD-in Azərbaycandakı fəaliyyətinin 2024-cü ilin iyun ayının 1-dən etibarən de yure dayandırıldığını bəyan etmişdi. Məsələ ondadır ki, Azərbaycanda da fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycan tərəfindən ABŞ hökumətinə məlumat verilib. Bəziləri bunu Azərbaycan-Amerika münasibətlərinə mənfi təsir göstərə biləcəklərini desələr də, əslində bu belə deyil. Çünki qeyd etdiyim kimi, Tramp Adminstrasiyası USAİD-in bu vaxta qədərki fəaliyyəti ilə bağlı tam fərqli fikirdədilər və Tramp tərəfindən bu təşkilatın maliyyələşdirilməsinin dayandırılması da əslində elə həmin münasibətdən qaynaqlanır. Bu baxımdan təşkilatın Azərbaycandakı fəaliyyətinin dayandırılması təbiidir. Həmçinin ümumilikdə bu təşkilatın fəaliyyətinin araşdırılmasına da hesab edirəm ki, ehtiyac var. Hansı təşkilatlar Azərbaycanda USAİD tərəfindən maliyyələşdirilib, hansı təşkilatlara hansı məqsədlər üçün maliyyə vəsaiti ayrılıb və məqsəd nədir. Təbii ki, verilən qrantlar Azərbaycandakı bu təşkilatın heç bir halda Azərbaycan dövlətçiliyinin, eləcə də Azərbaycan vətəndaş cəmiyyətinin inkişafına deyil, tamamilə kənar, Azərbaycana yad maraqların təmin edilməsinə xərclənmişdir. Bu məqam xüsusilə diqqət çəkəndir. Hesab edirəm ki, araşdırmaya ehtiyacı olan bir məsələdir”. /hafta.az/