Azərbaycan siyasətində yeni münasibətlər sistemi: iqtidarla müxalifət 4 saat nələrdən danışdı?
Fevralın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda Dəyirmi Masa təşkil edilib.
“Hilton” otelində təşkil olunan tədbirdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 24 siyasi partiyanın nümayəndələri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri iştirak edib.
Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağa-zadə, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, AĞ Partiyasının sədri Tural Abbaslı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, REAL Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev çıxış edərək, tədbirin önəmini vurğulayıblar.
AMİP sədri, deputat Arzuxan Əlizadə bu cür tədbirlərin davamlı olmasının vacibliyini vurğuladı:
“Keçirilən bu tədbirdə dövlət qurumlarının nümayəndələri ilə yanaşı ölkədə fəaliyyət göstərən partiyaların rəhbərləri, eləcə də, politoloqlar, alimlər, KİV-lərin təmsilçiləri iştirak edirdi. Çox faydalı bir tədbirin keçirildiyi qənaətindəyəm. Artıq neçənci dəfədir ki, Prezident Aparatının müvafiq şöbəsi belə tədbirlər düzənləyir. 2019-cu ilin noyabrında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılandan və həmin quruma çox hörmətli Ədalət Vəliyev rəhbər təyin olunandan sonra siyasi partiya rəhbərləri, funksionerləri ilə mütəmadi görüşlər keçirilməkdədir. O zaman qeydiyyatı olmayan partiya rəhbərləri ilə keçirilən belə görüşlər silsilə xarakter almağa başladı. Bir sıra partiyaların qeydiyyat məsələləri həll olundu. Eyni zamanda qərargahı olmayan partiyalar dövlət tərəfindən qərargahlarla təmin olundular. Siyasi partiyalarla bağlı qəbul edilən yeni qanunda siyasi partiyalar bilavasitə iştirak etdilər. İlk dəfə olaraq bir parlament çərçivəsində dinləmələr də keçirildi. Siyasi partiyalarla olan bu təmaslar olduqca müsbət bir tendensiyadır. 5 il öncə Azərbaycan Prezidenti cəmiyyətdə yeni bir siyasi dialoqun formaşdırılması ilə bağlı mesajlar vermişdi. Müvafiq şöbə həmin siyasətin həyata keçirilməsini uğurla təmin etməkdədir. Bu fəaliyyətin nəticəsidir ki, II Qarabağ savaşı öncəsi, eləcə də, savaş günlərində, savaşdan sonra siyasi partiyalar kiçik bir istisna ilə eyni mövqedən çıxış etdilər. Tədbirdəki çıxışımda da qeyd etdim ki, bu, düşmənlərimizə çox ciddi bir mesaj oldu. Bəlkə də ilk dəfə idi ki, siyasi partiyalar eyni mövqedən, platformadan çıxış edərək dövlət və dövlətçiliyin yanında olduqlarını birgə bəyan etdilər. Çıxışımda onu da qeyd etdim ki, bu siyasət davam etdirilməlidir. Çünki təhdidlər hələ də qalmaqdadır. Qarşımızda çox böyük hədəflər var. Zəngəzur dəhlizi ilə bağlı məsələnin həlli əsas hədəflərimiz sırasındadır. Digər həlli çox vacib olan milli məsələlərimiz də var. Bunların həlli üçün ölkədaxili siyasi qurumların birliyinə çox böyük bir ehtiyac var. Dialoq mühiti bir qədər də genişləndirilməlidir. Siyasi partiyalar ölkənin siyasi mühitinə təsiretmə imkanlarına malik olmalıdırlar. Regionda çox ciddi proseslər cərəyan etməkdədir. Cəmiyyətimizdə barışa hər zaman böyük ehtiyac var. Bu baxımdan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə keçirilən bu tədbir çox faydalı idi. Bir sıra təkliflər səsləndirildi və onlardan biri bu idi ki, başqa bir formatda olsa da siyasi partiya rəhbərləri, funksionerləri səviyyəsində belə tədbirlərin davamlı olması çox vacibdir”.
Musavat.com