AMİP-30

Siyasi birlik, milli həmrəylik…

Ölkəmizdə aparılan davamlı islahatlar iqtisadi-sosial, hərbi, eyni zamanda, siyasi-ictimai mühitdə mühüm irəliləyişlərə yol açıb. Xüsusilə, siyasi islahatlar ölkədə yeni siyasi konfiqurasiyanın əsasını qoyub – bu, həm də yeni siyasi münasibətlər sistemi yaradıb. Artıq ənənəyə çevrilmiş iqtidar-müxalifət görüşləri milli və qlobal çağırışların həllində mühüm ştrix kimi çıxış edir. Bu yeni siyasi konfiqurasiyanın uğurla təmin edilməsi, siyasi dialoq mühitinin gücləndirilməsi isə ölkədə siyasi birliyin daha da möhkəmlənməsinə yol açır. Bu xoş və əsaslı ənənə davam etdirilir – artıq siyasi mühitin yeni standartlara, yeni çağırışlara uyğun inkişafı üçün əsaslı zəmin formalaşıb. Fevralın 25-də siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, 24 siyasi partiyanın nümayəndələrinin və həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin təmsilçilərinin iştirakı ilə keçirilən “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masa yeni siyasi münasibətlər sisteminin inkişafına əsaslı töhfə sayıla bilər.

Arzuxan Əlizadə: Belə görüşlər müsbət tendensiyadır və müsbət qiymətləndirilir

Görüşdə iştirak edən və təəssüratlarını “Yeni Azərbaycan”a bölüşən Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, AMİP tədbirin keçirilməsini təqdir edir: “Partiyamız, ümumilikdə, ölkədə müxtəlif məsələlərlə bağlı siyasi təşkilatların bir araya gəlməsini, dəyirmi masa arxasında məsələlərin müzakirə edilməsini, problemlərin həlli istiqamətlərini birgə müzakirə etməsini dəstəkləyir. Bu baxımdan da analoji tədbirlərin keçirilməsi tərəfimizdən yüksək qiymətləndirilir. Artıq bir neçə ildir ki, ölkədə yeni siyasi konfiqurasiya formalaşıb. 2019-cu ilin noyabrında Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb. Ötən dövr ərzində siyasi partiyalarla əlaqələr genişləndirilib. Bu prosesdə təbii ki, yeni yaradılmış şöbənin və onun rəhbərliyinin kifayət qədər əhəmiyyətli rolu var”.

A.Əlizadə vurğulayıb ki, görüşdə bir sıra dövlət strukturlarının rəsmiləri və siyasi mühitdə təmsil olunan ziyalılarımız iştirak edib. “Keçirilən bu tədbirdə dövlət qurumlarının nümayəndələri ilə yanaşı, ölkədə fəaliyyət göstərən partiyaların rəhbərləri, eləcə də politoloqlar, alimlər, KİV-lərin təmsilçiləri iştirak edirdi. Bu kimi görüşlər siyasi partiyaların ölkənin siyasi gündəmindəki iştirakını daha da aktual edəcək. Bir daha vurğulayım ki, belə görüşlər müsbət tendensiyadır və müsbət qiymətləndirilir”, – deyə AMİP sədri əlavə edib.