AMİP-30

Ermənistandan təxribat: “Qarşılığı verilməlidir”

Ermənistan ordusu növbəti dəfə atəşkəs rejimini pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Müdafiə Nazirliyinin məlumatına görə, martın 4-ü saat 22:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən atıcı silahlardan istifadə edərək Azərbaycan Ordusunun mövqelərini atəşə məruz qoyub. Uzun müddətdir ki, cəbhədə sakitlik idi. Bu, mümkün sülh danışıqları ilə bağlı ümidləri gücləndirirdi. Buna baxmayaraq, Ermənistan və ya onun arxasındakı güclər sanki məqsədli şəkildə prosesi sabotaj edir. 

Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, proseslərin necə davam edəcəyini izləmək vacibdir. Onun sözlərinə görə, Ermənistan uzun müddətdir ki, atəşkəs rejimi ilə bağlı müxtəlif bəyanatlar versə də,  Ermənistanın davamlı təxribatları narahatlıq doğurur: “Avropa İttifaqının Ermənistandakı Mülki müşahidə missiyasının üzvlərinin Azərbaycan-Ermənistan sərhədinə gələrək binokl vasitəsilə kəşfiyyat aparması təxribat kimi qiymətləndirilməlidir. Bu, Azərbaycanın ərazi bütövlüyünə təhdid hesab oluna bilər. Azərbaycanın ərazilərinə bu cür nümayişkaranə şəkildə baxış keçirilməsi ciddi pozuntudur.Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması, Azərbaycanın mövqelərinin atəşə tutulması kifayət qədər ciddi məsələdir. Təbii ki, bunun qarşılığı verilməlidir. Əgər bu, ciddi fəsadlara səbəb ola bilərsə, istənilən halda, Ermənistanın bu addımları sülh prosesini pozmağa yönəlib”. 

Deputat söyləyib ki, son günlər Ermənistanın baş naziri Nikol Paşinyan və digər rəsmi şəxslər tamamilə fərqli kontekstdə açıqlamalar verirlər: ” Onlar Azərbaycanın guya sülhə hazır olmadığını iddia edir, lakin əslində sülh sənədinin imzalanmasını bilərəkdən gecikdirirlər. Bu isə Ermənistanın məqsədli şəkildə sülh prosesini pozmaq niyyətində olduğunu göstərir. Ermənistana havadarlıq edən qüvvələr bölgədə eskalasiyanın baş verməsində maraqlıdırlar. Buna görə də Ermənistanı müxtəlif yollarla bu cür addımlar atmağa təhrik edirlər. Ermənistanın silahlandırılması, xüsusilə hücum silahları ilə təmin edilməsi də bunun göstəricisidir. Lakin ermənilər anlamalıdırlar ki, Azərbaycana qarşı hər hansı revanşist addımlar onların özü üçün ağır fəsadlarla, hətta faciələrlə nəticələnə bilər”.