AMİP-30

Arzuxan Əlizadə: “Gələn il Bakı BMT-nin daha bir beynəlxalq tədbirinə, WUF13-ə ev sahibliyi edəcək”

Yerli mediada yayılan məlumata görə, Azərbaycan hökumətinin BMT-nin dörd təşkilatının – BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı regional ofislərinin bağlanması təklifi ilə bu qurumlara müraciət etdiyini yazıb.

Xəbərin yayılması Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun martın 3-də BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonu qəbul etməsindən sonraya təsadüf edib. Məlumata əsasən, görüşdə Azərbaycanın “BMT ilə əməkdaşlıqdakı prioritetlərini yeni dövrün reallıqlarına uyğun və BMT-nin resurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidən nəzərdən keçirdiyi vurğulanıb”. “Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi müqabil tərəfin diqqətinə çatdırılıb,” deyə qeyd olunub.

Bu arada BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Cenevrədə İnsan Haqları Şurasının 58-ci sessiyasında təqdim etdiyi hesabatda Azərbaycanda məhkəməsi keçirilən ermənilərdən danışıb. Ali komissar törətdikləri ağır cinayətlərə görə Azərbaycan dövləti tərəfindən mühakimə olunan ermənilərə azadlıq tələb edib.

BMT-nin dörd qurumunun fəaliyyətinin dayandırılmasına səbəb nə ola bilər? Bu texniki məsələdir, yoxsa BMT ilə Azərbaycan arasında müəyyən fikir ayrılığına görə baş verir?
Baki-xeber.com saytının suallarını cavablandıran millət vəkili, AMİP sədri, millət vəkili Arzuxan Əlizadə bildirdi ki, martın 3-də ölkəmizdə səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşündə bir sıra məsələlərin müzakirəsi ilə yanaşı BMT-nin bir sıra qurumlarının Azərbaycanda yerləşən regional təşkilatları ilə əməkdaşlıq formatına yenidən baxılması məsələsi də gündəmə gətirilib: “Xarici işlər naziri qonağın diqqətinə çatdırıb ki, BMT-nin müxtəlif sahələr üzrə fəaliyyət göstərən təşkilatları ilə regional səviyyədə deyil, həmin təşkilatların mərkəzi ofisləri ilə əməkdaşlığın qurulması və gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi baxımından birbaşa əlaqələrin mövcudluğu və inkişaf etdirilməsi hökumətin hazırki siyasətini əks etdirən məqamdır. Bu baxımdan Azərbaycan hökuməti həmin regional təşkilatların ölkədə fəaliyyət göstərməsindənsə, birbaşa təşkilatların mərkəzi qərargahları ilə əməkdaşlığın saxlanılmasını daha məqbul hesab edir. Ona görə də həmin regional təşkilatların ölkəmizdə fəaliyyətinə xitam verilib. Bu heç bir halda BMT-nin həmin qurumları ilə Azərbaycanın əlaqəsinin kəsilməsi kimi qiymətləndirilə bilməz. Sadəcə olaraq əməkdaşlıq daha səmərəli formatda qurulur.

Məsələ burasındadır ki, Azərbaycan əraziləri 30 ilə yaxın müddətdə işğal altında olduğu vaxtda BMT-nin müxtəlif qurumları ilə əlaqələr olub, həmin qurumlar tərəfindən qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə dəstək verilib. Amma Azərbaycan 44 günlük müharibədə qazandığı möhtəşəm zəfərlə artıq regionda olan reallıqları tam olaraq dəyişdirib. Bu gün reallıqlar onu diktə edir ki, artıq Azərbaycan özü donor ölkə olaraq çıxış edə bilir. Azərbaycan BMT-nin həmin qurumları vasitəsi ilə donorluq fəaliyyəti həyata keçirir. Müxtəlif ölkələrə və təşkilatlara yardımlar edir. Yəni Azərbaycan yardım alan ölkədən yardım verən ölkəyə çevrilib. Bu baxımdan reallıqlar köklü şəkildə dəyişib.

Onu da qeyd etmək lazımdır ki, hazırda ölkəmiz BMT ilə bir sıra sahələr üzrə əməkdaşlığı davam etdirməkdədir.

Məsələn, ötən il keçirilən COP29 da BMT-nin beynəlxalq tədbiri idi ki, Azərbaycan ona ev sahibliyi edirdi. Hətta, Azərbaycan-BMT əməkdaşlığı çərçivəsində Keniyada keçirilən BMT-Habitat Proqramının İcraiyyə Şurasının 3-cü sessiyasında 13-cü “World Urban Forum”unun (WUF13) 2026-cı ildə Bakıda keçiriləcəyi açıqlanıb. Bu qurum ümumdünya şəhər forumu adlanır. Bu qurum 2001-ci ildə BMT tərəfindən yaradılıb. Yəni gələn il Bakı BMT-nin daha bir beynəlxalq tədbirinə, WUF13-ə ev sahibliyi edəcək.

BMT-nin qurumları ilə ölkəmiz əlaqələri bundan sonra da daha səmərəli şəkildə qoruyub saxlayacaq. Bir daha vurğulayıram ki, BMT-nin dörd regional qurumunun fəaliyyətinə son qoyulması heç bir halda BMT ilə əlaqələrimizin kəsilməsi kimi dəyərləndirilə bilməz. BMT ilə əməkdaşlığın məhdudlaşdırılması da nəzərdə tutulmur, əksinə biz bu əməkdaşlığı daha da genişləndirməyi hədəfləyirik”.