Paşinyanın kommunikasiya yalanı
Ermənistanın Baş naziri Nikol Paşinyan bölgədə kommunikasiyaların açılması ilə bağlı öhdəliklərindən boyun qaçırır, əvəzində məntiqsiz fikirlər irəli sürür. Onun bir neçə gün əvvəl rəsmi mətbuatda dərc olunmuş regionda mümkün kommunikasiyaların açılmasına həsr olunmuş məqaləsi də məhz yalan və əsassız iddialardan ibarətdir. Baş nazir yazıb ki, Ermənistanın bütün yolları Azərbaycana açıqdır, tranzit yüklərin daşınması üçün də lazım olan ifrastruktur təmin edilib: “Hələ 2022-ci ildə hökumət Ermənistan-Azərbaycan sərhədində üç sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı qərar layihəsini dövriyyəyə buraxmışdı. Bu da Azərbaycanın yük və minik avtomobillərinin Ermənistana daxil olmasına, məsələn, Naxçıvana və Türkiyəyə getməsinə imkan verəcək”.
Paşinyan, eyni zamanda, öz öhdəliyini inkar etməyə çalışaraq deyib ki, Bakı Ermənistanla Azərbaycan arasında rabitə kanallarının bağlı olduğu aşkar faktı əsas gətirərək İrəvanın öhdəliklərini yerinə yetirmədiyini iddia edir: “Xatırladım ki, Ermənistanın birtərəfli öhdəliyi yoxdur. Hər iki tərəf bir-biri üçün bütün nəqliyyat və iqtisadi kommunikasiyaları açmağı öhdəsinə götürdü. Bu gün Azərbaycanda nə bir nəqliyyat, nə də iqtisadi kommunikasiya nə Ermənistana, nə də Ermənistandan keçənlərə açıqdır: nə bir yol, nə bir dəmir yolu, nə bir boru xətti, nə bir elektrik xətti, nə də bir kabel”.
Göründüyü kimi, Paşinyan öz öhdəliklərini danaraq, manipulyasiya ilə məşğuldur. Özünü konstruktiv, sülhpərvər kimi göstərməyə çalışsa da, reallığı inkar etmək o qədər də asan deyil. Çünki Paşinyandan fərqli olaraq Bakı həmişə faktlarla danışıb və həqiqəti söyləyib.
Məlumdur ki, Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatı ilə üzərinə kommunikasiyaların açılması, eyni zamanda Zəngəzur dəhlizinin təmin edilməsi ilə bağlı öhdəlik götürüb. Həmin sənədin 9-cu bəndində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirirlər. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Bəli, söhbət Zəngəzur dəhlizindən gedir, amma beşinci ilə keçib ki, Paşinyan bu faktı danmağa çalışır, öhdəliyi yetinə yetirmir. İndi isə həmin öhdəliyinə Azərbaycanı “şərik” etməyə çalışır. Amma təbii ki, fakt irəli sürə bilmir, yenə də uydurmalara əl atır. İkincisi, Paşinyanın iddia etdiyi kimi, heç də tranzit yüklərin daşınması üçün “Ermənistanın bütün yolları Azərbaycan üçün açıq deyil”, onun nəzərdə tutduğu bütün yollar dağıdılıb və ötən müddət ərzində İrəvan bərpa işləri aparmayıb.
Azərbaycanın Xarici İşlər Nazirliyi qeyd edilən məqalə ilə bağlı yaydığı açıqlamada bəyan edib ki, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları indiyə qədər yerinə yetirməyib: “30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal altında saxlamış, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının blokadaya düşməsinə səbəb olmuş Ermənistanın 44 günlük Vətən müharibəsindən sonrakı dörd ildə də kommunikasiyaların açılması üzrə real danışıqlar prosesinə müsbət töhfə vermədiyi hər kəsə məlumdur. Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürməsi diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədi daşıyır. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır”.
Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı “525”ə deyib ki, Nikol Paşinyanın, bütövlükdə ermənilərin sərgilədiyi mövqe bir o qədər də təəccüblü deyil. Hər zaman görmüşük ki, onlar sözdə nəsə deyiblər, amma əməldə bunu təkzib ediblər: “Biz 30 il ərzində erməniləri ağıllı olmağa dəvət etdik, danışıqlar yolu ilə problemin həllinə çalışdıq. Buna getmədilər, nəticə etibarilə öz gücümüzə torpaqlarımızı işğaldan azad etdik, suverenliyimiz bərpa etdik və artıq bölgədə yeni reallıqlar formalaşıb. Yeni reallıqlar da onu diktə edir ki, əgər proses sülhə doğru getməlidirsə, tərəflər, xüsusilə də Ermənistan növbəti dəfə qeyri-konstruktivlik nümayiş etdirməməlidir. Ermənistan lideri olaraq Paşinyanın üzərinə götürdüyü öhdəliklər var. Amma biz görürük ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında, yəni kapitulyasiya sənədində üzərinə götürdüyü öhdəlikləri növbəti dəfə yerinə yetirməmək və həmin öhdəliklərdən yayınmaq məqsədi güdən açıqlamalar verir. Biz dəfələrlə bunun şahidi olmuşuq. Paşinyanın son açıqlaması da həmin siyasətin təkrarıdır”.
Deputat deyib ki, əslində kommunikasiyaların açılması ermənilərin özlərinə hava, su kimi lazımdır: “Bizim üçün ciddi problem yoxdur.
Azərbaycanın kommunikasiya xətləri açıqdır. Azərbaycan dövləti bölgədə bir hab rolunu oynayır. Amma ermənilər yürütdükləri siyasət nəticəsində özlərini blokadaya salıblar. Cənab Prezident Ermənistanın bir dalan dövlət olması ifadəsini işlədəndə onların düşdüyü durumu əslində tam olaraq ifadə etmişdi. Əgər bu gün Ermənistan kommunikasiyaların açılmasında maraqlı olmayacaqsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəksə, problemi başqasının üzərinə atmaqla öz öhdəliyindən yayınmaq istəyəcəksə, təbii ki, sonda ən çox zərər çəkən də özü olacaq. Çünki birdəfəlik başa düşməlidirlər ki, regiondan kənar qüvvələri bura cəlb etməklə, onların havadarlığına arxalanmaqla nəyəsə nail olmaq mümkün deyil. Bölgədə sözün həqiqi mənasında kommunikasiya xətlərinin açılmasını, sülh, sabitlik içərisində yaşamaq istəyirlərsə, ən azından öhdəliklərini yerinə yetirməlidirlər. Bölgənin əsas söz və güc sahibi olan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdırlar. Çünki həm Azərbaycan, həm Türkiyə ilə sərhədlər açıqlacağı təqdirdə bu, Ermənistan iqtisadiyyatına kifayət qədər ciddi dividentlər gətirə bilər. Bunun fərqində olmalıdırlar. Bu cür yanaşma heç bir halda nə Paşinyana uğur gətirəcək, nə də Ermənistan adlı qondarma dövlətə nəsə qazandıracaq. Əksinə, bir daha deyirəm ki, əgər bu siyasəti davam etdirmək niyyətində olacaqlarsa, gələcəkdə çox böyük faciələrlə üzləşəcəklər”.
A.Əlizadə hesab edir ki, sülh sazişi ilə bağlı əsas müddəalardan və Azərbaycanın şərtlərini yerinə yetirməkdən yayınan İrəvan məntiqsiz addımlara əl atır: “Sülh sazişinin imzalanması ilə bağlı Azərbaycanın konkret şərtləri var və o şərtlər də həm ədalətə, həm də beynəlxalq hüquqa söykənir. Biz artıq heç nə istəmirik. Bütün dünyada qəbul edilmiş normalar var. Əgər tərəflər arasında sülh müqaviləsi imzalanırsa, bir tərəfin digər tərəfə ərazi iddiaları olmamalıdır. Ərazi iddiaları Ermənistan konstitusiyasında təsbit olunub. Ona görə də Azərbaycanın haqlı tələbi var ki, bu müddəa konstitusiyadan çıxarılmalıdır, bunun üçün də referendum keçirilməlidir. Ermənistanın Baş naziri bir neçə dəfə konstitusiyanın dəyişdirilməsinin vacibliyi ilə bağlı mesajlar verib, amma erməni toplumu da konstruktiv bir toplum deyil. Onlara kənardan bir az dəstək göstərilən kimi dərhal ritorikalarını dəyişirlər, revanşist addımlar atmağa həvəslənirlər, amma bu, faktdır və mən hesab edirəm ki, konstitusiya dəyişikliklərinə getməsi mütləqdir. Ermnistanın ədliyyə nazirinin də açıqlaması oldu ki, konstitusiya dəyişikliyinə gediləcək, yeni konstitusiya hazırlanmalıdır.
Sadəcə olaraq bu gün Paşinyan və onun havadarları hansısa bölgədə özlərinin xeyrinə dəyişiklik ola biləcəyini gözləməklə vaxt udmağa çalışırlar. Bu vaxtdan həm də o formada istifadə edirlər ki, beynəlxalq cəmiyyətə təqdim etmək istəyirlər ki, guya Ermənistan sülhə hazırdır, sadəcə olaraq Azərbaycan buna hazır deyil və bunu istəmir. Bu cür yanlış təsəvvür formalaşdırmağa çalışırlar. Amma istənilən halda, əgər Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəksə, heç bir halda sülh sazişinin imzalanmasından söhbət gedə bilməz və o da diqqətdən qaçmamalıdır ki, hələ də Azərbaycanın dörd kəndi – üç Qazaxın və Naxçıvan MR-nın Kərki kəndi Azərbaycana qaytarılmayıb. Delimitasiya və demarkasiya prosesində qarşı tərəf normal, konstruktiv mövqe sərgiləməlidir. Eləcə də konstitusiya islahatlarına gedib Azərbaycana və qardaş Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir. Düzdür, bir çox digər məsələlər də var, amma ilk növbədə qeyd edilən əsas tələblər yerinə yetirilməlidir. Yalnız ondan sonra sülh müqaviləsinin imzalanmasından və normal münasibətlərin formalaşmasından söhbət gedə bilər”.