AMİP-30
arzuxan

Yubileyini qeyd edən deputat: “İnsanın ətrafı genişlənəndə, təbriklər də artır”- MÜSAHİBƏ

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadənin doğum günüdür.

Siyasətçi 60 illik yubileyini qeyd edir.

“Cebheinfo.az” doğum günündə Arzuxan Əlizadə ilə söhbətəşib:

-Arzuxan bəy, doğum gününüzü təbrik edir, sizə uğurlar və xoşbəxtlik arzulayırıq. Doğum gününüzü harada və necə qeyd edəcəksiniz?

-Diqqətiniz üçün çox təşəkkür edirəm. Doğum günümü iki gün əvvəl partiyada qeyd etdik. Partiyadaşlarımız və dostlarımız tərəfindən qərargahda yığıncaq təşkil olundu. Onlar öz təbriklərini və xoş sözlərini bildirdilər. Doğum günümdə isə bu tarixi hər zaman ailə üzvlərimlə qeyd edirəm. Bununla bağlı geniş yığıncaqların keçirilməsini sevmirəm. Bu axşam yenə də evimdə ailə üzvlərim, övladlarım və nəvələrimlə qeyd edəcəyəm.

-Xüsusi olaraq gözlədiyiniz təbriklər var?

-Açığı, xüsusi olaraq gözlədiyim təbrik yoxdur. Lakin səhərdən etibarən gözləmədiyim şəxslər belə təbrik ediblər. Yəqin ki, gün ərzində bu təbriklər davam edəcək. Əlbəttə ki, insan əlamətdar günlərdə daha çox diqqət görmək istəyir. Dostların, yaxınların təbrikləri həm də adama əlavə stimul verir. Başqa bir gözləntim yoxdur. Sadəcə yaxın dostlardan və səmimi münasibətdə olduğumuz insanlardan ən azından diqqət gözləyirik. Bu diqqəti göstərən hər kəsə təşəkkür edirəm. 

-Xüsusilə partiya sədrləri və deputatların aldığı hədiyyələr insanlara maraqlı olur. Siz hansı hədiyyələri almısınız?

-Elə özəl bir hədiyyə yoxdur. Övladlarım hər zaman doğum günündə mənə hədiyyə alırlar. Partiyada bir fotoxalça hədiyyə verdilər. Başqa hədiyyələr də olub. Lakin övladlarımın hədiyyəsi mənə daha əzizdir.

-İndiyə qədər aldığınız ən gözəl və ya bahalı hədiyyə nə olub?

-Hədiyyənin bahalısı və ya ucuzu olmur. Hər bir hədiyyə həmin insanın sənə verdiyi dəyər, qiymətdir. Ən kiçik bir hədiyyə belə çox dəyərlidir. Hətta deyilən xoş təbriklər belə mənim üçün ən gözəl hədiyyə kimidir. Mənə özəl olaraq hansısa qiymətli hədiyyənin verilməsini xoşlamıram. Dostlarım və yaxınlarım da bunu bilirlər. Hesab edirəm ki, hansısa qiymətli hədiyyənin verilməsi artıqdır. Diqqətin özü ən böyük hədiyyədir.

İndiyə kimi bir çox yaddaqalan hədiyyə almışam. Ən xoş hisslər yaradan və xatirimdə qalan hədiyyələr olub. Lakin onları sadalamaq istəmirəm. Çünki mən hədiyyənin qiymətinə görə deyil, mənə göstərilən diqqətə görə dəyərləndirirəm. Adicə bir sözlə də təbrik edənlər mənim üçün ən qiymətli hədiyyəni vermiş kimidirlər.

-Geriyə dönüb baxanda ən yaddaqalan doğum gününüzün hansı olduğunu deyə bilərsiniz?

Bütün doğum günlərim unudulmaz olub. Təbii ki, valideynlərimin mənim üçün etdikləri doğum günləri əsla yadımdan çıxmır. Təxminən hərbi xidmətə gedənə qədər mənim üçün çox böyük doğum günləri keçirilib. Görünür, ailədə yeganə övlad olduğum üçün xüsusi diqqət olub. Bütün qohumlar və yaxınlar tərəfindən çox böyük tərkibdə qeyd etmişik. O günlər mənim üçün unudulmazdır. Bundan başqa, bəzi doğum günlərini də dostlar və doğmalarla birlikdə qeyd etmişik. Onlar da unudulmazdır.

-İlk dəfədir ki, deputat olaraq doğum gününüzü qeyd edirsiniz. Hansı fərqliliklər var? Parlamentdən təbriklər gəlir?

-Əslində, deputat kimi doğum günümü qeyd etməyimdə xüsusi bir fərqlilik yoxdur. Əvvəllər də parlamentdə olan dostlarımız məni təbrik edirdilər. Sadəcə olaraq insanın ətrafı genişlənəndə təbriklər bir qədər də artır. Bu gün səhərdən etibarən də parlamentdə olan dostlarımdan təbriklər gəlir. Onların hər birinə xüsusi minnətdarlığımı bildirirəm.