AMİP-30

Milli İradənin Simvolu-Yubileyin Mübarək! Etibar Məmmədov -70

Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında müstəsna xidmətləri olan istiqlal məfkurəsi ilə yoğrulmuş Etibar Məmmədovun 70 illik yubileyinə. Tarixin hər dövründə öz liderləri olub, liderlər bəzən öz yaşadıqları zamanın yetirmələri olur, bəzi hallarda isə tarixin bütün dövrlərində tarixi şəxsiyyətinə çevrilirlər.Etibar Məmmədov bu baxımdan  belə liderlərdəndir.Son iki minillik tariximizdə Azərbaycanda müxtəlif dövrlərdə çox tarixi şəxsiyyətlər dünyaya gəlmiş, bacarıqları dərin bilikləri,qəhrəmanlıqları ilə şöhrət qazanmış parlamış və adlarını tariximizə qızıl hərflərlə həkk etmişlər.Etibar Məmmədov o tarixi şəxsiyyətlərdəndir ki, Azərbaycan tarixinin 90 -cı illərinin ən kritik anlarında,  həlledici qərar vermək qabiliyyəti ilə adını tariximizin parlaq səhifəsinə yazdırıb.Tələbəlik illərindən siyasi proseslərdə iştirak edən Etibar Məmmədov Bakı Dövlət Universitetində gizli dərnəklərdə fəaliyyət göstərdiyinə görə universitetdən xaric edilmişdi.Bu o zamanlar idi ki, sovet rejimi bütün gücü ilə  sovet cəmiyyətini saxta beynəlmiləlçilik ideologiyası ətafında idarə etməkdəydi.

Birdən birə gənc bir tələbənin  millətin faciəsini universitet divarında əks etdirməsi, bu günkü günümüzdə sadə görünə bilər, ancaq o dövr üçün  bu addım bağışlanılmaz cəzaya səbəb olan bir hərəkət sayılırdı.Bu baxımdan Etibar Məmmədov mübarizliyilə universitetə bərpa olundu.Bu o dövrlər idi ki, XX əsrin əvvəllərində milli məfkurənin ideoloji əsasını qoymuş görkəmli mütəfəkkirlər Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev,  şərqdə ilk demokratik dövlətin -Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoymuş Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli  və başqa tarixi şəxsiyyətlər haqqında düzgün məlumatlar  verilmirdi, onlar  Azərbaycana düşmən obrazında təqdim edilirdi. Belə bir mühitdə hələ gənc yaşlarından, təqiblərə təzyiqlərə məruz qalan, mübarizliyi ilə  tələbələrin dərin rəğbətini qazanan Etibar Məmmədov sovet rejiminə  qarşı şüurlu mübarizəyə başlaması təsadüfü deyildi.Etibar Məmmədov sonradan bu məsələ barəsində belə demişdir;”Mən hələ Universitetdə oxuyanda xalqımızın acı taleyi haqqında çox düşünmüşəm…Elə o vaxtdan xalqın haqq işi uğrunda mübarizə aparmaq alovu ürəyimi yandırırdı “.

Bəli XX əsrin 80-ci illərində  sovet müstəmləkəçi siyasətinə qarşı  yeni mübarizə mərhələsi vüsət almağa başladı .Qarşıda İstiqlal  mübarizəsinin çətin və şərəfli dövrü gəlirdi.Özünün dediyi kimi “ 70-ci illərdəki mübarizənin nəticəsi idi ki, 80-ci illərin ikinci yarısında birdən -birə milli azadlıq hərəkatı geniş vüsət ala bildi”.

Tarix siyasi elmdir, baş verən hadisələr zəncirvari bir -birilə bağlı olur.Milli azadlıq hərəkatının ilkin mərhələsi erməni fitnəkarlığı ilə start götürdü. Ermənilərin Azərbaycana qarşı torpaq iddiası, Qərbi Azərbaycandan yüz minlərlə soydaşımızın tarixi dədə baba yurdlarımızdan qovulması, sovet imperiya maşınının ermənilərə tərəfkeşlik etməsi xalqımızı çətin sınaqlarla üz -üzə qoymuşdu.Tədqiqatçılar  qeyd edirlər ki, liderlik xarizması daha çox hər hansı bir ölkənin,xalqın kəskin tarixi dönüş mərhələsində, böhranın dərinləşdiyi məqamlarda  özünü göstərir.Liderlik haqqında çox doğru soylənimiş fikirlərdir.Etibar Məmmədov siyasətə təsadüfən  gəlməmişdi.Hələ gənc yaşlarından  sovetlər adı altında xalqımıza qarşı edilən bütün haqsızlıqları şüurlu şəkildə dərk etdiyinə görə gərgin situasiyalarda bir an belə sayıqlığını əldən vermədi. Belə bir tarixi mərhələdə zor gücünə təklənmiş qaranlığa məhkum edilmiş,  xalqımızın  yoluna işıq saçan lideri Etibar Məmmədov  özünün intellekti, mübarizliyi qətiyyəti ilə mübarizənin önünə keçdi. Hərəkatın  dövründə bir çox liderilər mübarizənin önündə oldular.Ancaq Etibar Məmmədovun siyasi  uzaqgörənliyi,dəst-xətti İstiqlalımızın əldə olunması üçün, millətin azadlığa qovuşma instinktini, mübarizə üslubunu çox düzgün istiqamətləndirdi.Etibar Məmmədov  bir çox ziyalı ilə birlikdə 1988-ci ilin sonlarında Azərbaycan Xalq Cəbhəsini təsis etmək məqsədilə Təşəbbüs Qrupunu yaratdılar.  AXC -nın proqramında təşkilatı “Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə  aparan təşkilat “kimi təqdim edilməsini təklif etsə də,Təşkilat Komitəsinin bütün üzvləri çoxluqdan istifadə edərək “SSRİ tərkibində suverenlik uğrunda mübarizə aparan və yenidənqurmanı müdafiə edən təşkilat “ kimi cəmiyyətə təqdim etdilər. Hərəkatın həlledici mərhələsində istiqlaliyyət əvəzinə demokratiyanın birinci olaraq şərtləndirilməsini əsas gətirən “liberallar “prosesin  dönməz xarakter aldığını dərk etdikdən sonra “radikalları” müdafiə etməyə məcbur oldular.Etibar Məmmədov Azərbaycanın ilkin olaraq  öz İstiqlaliyyətinə qovuşmasının bir zərurət olduğunu meydanlarda elan etməklə müxtəlif tribunalardan xalqımıza səslənməklə milyonların qəlbində Azadlıq yanğısını yenidən alovlandırdı.Bu prosesdə Etibar Məmmədov əsl siyasətçiyə yaraşanı edərək, şansı axtarmadı, şansı yaxalamağı bacardı.1989-cu il iyul ayının 29-dan başlanan mitinqləri idarə edən Etibar Məmmədov xalqın dəstəyi nəticəsində  AXC -nın Milli Azadlıq Hərəkatına çevrilməsinə nail oldu.Meydanlarda keçirilən mitinqlər, həm də geniş  vüsət aldı və böyük hərəkata çevrildi.Həmin günlərdə Azadlıq meydanında mitinq iştirakçılarının sayı 500.000-1.000.000 arasında olurdu.Məhz kütləvi mitinqlərlərin və tətillərin nəticəsində Etibar Məmmədov 1989 -cü il sentyabr ayının 23-də  “Azərbaycan Respublikasının Dövlət Suverenliyi Haqqında “ Konstitusiya Qanununun qəbul edilməsinə  nail oldu.Bu SSRİ tarixində görünməyən hadisə idi.Məhz bundan sonra SSRİ – nin digər respublikalarında da xalq hərəkatı güclənməyə başladı.Təsadüfü deyil ki, ABŞ-da dərc olunan “ Newsweek” jurnalı Azərbaycan xalqını ilin xalqı elan etdi.Bu tarixi mərhələni indiki məqamda göz önündə canlandırdıqda liderlik haqqında daha bir xatırlatma yerinə düşər. Həqiqətən əsl liderlərin hər zaman güclü strateji hədəfləri  olur.Güclü lider həm də insanların dövlətçilik arzularını milli amala çevirir.Xalqı bir amal ümumi ideya ətrafında birləşdirir və düzgün hədəflərə  çatdırır. Etibar Məmmədov məhz belə liderlərdən biridir ki,  qarşısına qoyduğu müstəqillik ideyasını xalqın birliyilə  ümümi ideya ətrafında birləşdirməyi  bacardı.

Hələ  1988 -ci illərdə sovet imperiyasının  hərtərəfli təzyiqləri dövründə Etibar Məmmədov türk dövlətlərinin bir araya gəlməsi yönündə gərgin  iş fəaliyyəti ,  strateji olaraq hədəfləri dəqiq müəyyənləşdirməsi  onun uzaqgörən  lider  olmasının göstəricisidir.Bu gün biz Türk Dövlətləri Təşkilatının artıq bir reallığa çevrilməsinin şahidiyik. Hal hazırda Türk Dövlətləri Təşkilatının ticarət dövriyyəsi 45 milyard manata çatıb.İldən -ilə bu rəqəmin artması  gələcəkdə türk dövlətlərnin  regional gücə  cevrilməsini   yaxınlaşdırır.1989- cü ildə Etibar  bəyin,Turan ideyasının dərin təməlini istiqamətləndirən  Turan Yazqanla ciddi yazışmaları əlaqələri bu ideyanın realığa çevrilməsi üçün aparılan mübarizənin nəticəsi olaraq yüksək dəyərləndirilməlidir.

Türk dünyasının güclü iqtisadi və hərbi potensiala malik olmaları onların getdikcə dünya siyasətinə təsir etmək imka nlarını nəzərdən  keçirməklə düzgün strateji  xəttin seçilməsi  öz aktuallığını  gününüzdə də qoruyub saxlamaqdadır.XX əsrin sonlarından başlayaraq türkdilli ölkələr və muxtar qurumlar arasında iqtisadi, siyasi, mədəni yaxınlaşmaların fundamental olaraq əsası məhz o illərdə qurulmuşdur.

 Hələ 1991 -ci ilin mart ayında Turan Yazqanın Etibar Məmmədova yazdığı məktubda azərbaycanlı tələbələrin Türkiyə dövləti tərəfindən təhsil alması üçün  müraciət  etməsi qardaş  dövlətlə dərin tellərin qurulması nəticəsində baş vermişdir.Hərtərəfli  əlaqələrin qurulması nəticəsində 1992-ci ildə Turan Yazqanın şəxsi təşəbbüsü ilə Bakıda Türk Dünyası Bakı Atatürk Liseyi  və Azərbaycan Dövlət İqtisad Universitetində Türk Dünyası İşlətmə Fakultəsi açılmışdır.Biz bu gün bir millət iki dövlət olaraq zamanında düzgün atılmış addımların müsbət nəticələrini görməkdəyik.Bu siyasətin həyata keçirilməsində Etibar Məmmədovun gördüyü işlər əvəzsizdir. 1990 -cı illərdə Azərbaycan Ordusunun silah -sursata çox ehtiyacı yaranmışdı.Erməniləri ruslar silahla təhciz edirdilər, onlar da Azərbaycanı işğala məruz qoyurdular.Belə ağır vaxtlarda Etibar Məmmədov  bütün təhlükələri göz önünə alaraq  Türkiyəyə gedərək çox əziyyətlər  nəticəsində  Ordumuzu silahla təmin etmişdir.Həmin günləri  xatırlayan Türkiyə Cümhuriyyəti “Ana Vətən “ Partiyasının Baş Katibi olmuş mərhum Avni Çarsancaqlı  Etibar Məmmədovun   əliyalın Ordumuzu silahla təhciz  etməsini belə təsvir etmişdir:  “Ermənilərin Azərbaycan torpağını  Rusiyanın dəstəyi ilə işğala başladığı günlərdən etibarən Etibar bəyin Ankarada ciddi təmasları olmuşdur . Etibar bəy əlində çantası Ankarada sıxıntılar çəkir, xanımım Canan xanımla biz mütləq gündə bir dəfə Etibar bəyi oteldə ziyarət edirdik .Etibar bəy bir dilim çörəklə  24 saat idarə edirdi.Onun çörək yeyəcək vaxtı yox idi.Ancaq Etibar  bəy gerçəkdən qısa zamanda öz fikirlərini Türkiyə dövlətinə qəbul etdirdi.Çox hörmətli bir kişilik sahibi Etibar bəy , o zaman hərbi sahədə nə yardım gəlmişsə, nə kömək edilmişsə bilin ki, bütün dünya bilsin ki, bütün Azərbaycan xalqı bilsin ki, o yardımları Türkiyə dövlətindən xalqından, milliyyətçi qurumlardan qoparan, Azərbaycanın Ermənistan zülmünə qarşı torpaq  bütövlüyünü saxlamaq üçün nə  edilibsə, nə gətirilibsə  tamamını sahibi, allahın hüzurunda söyləyirəm ki, bunlar tarixə keçəcək sənədlərdir,  Etibar Məmmədovdur”.

Bəli o silahlar Azərbaycana min bir əziyyətlə gətirildi.Yaxın aylarda Etibar Məmmədov mətbuata müsahibə verərkən o günləri belə xatırlayır. Biz silahı Azərbaycan sərhədinə çatdırdıq,  silahı gömrükdən keçirmək  çox çətinləşdi.Türkiyənin o zamankı rəhbərliyi silahın geri qaytarılmasını  sərhədçilərdən tələb edirdi. Ancaq bu işdə sonadək öz qardaşlıq köməyini əsirgəməyən türk millətçiləri ordu komandanlığına artıq silahların sərhədin keçdiyini  söylədilər. Beləcə biz silahları Azərbaycana gətirdik.Naxçıvan da müdafiəsiz  idi, Sədərək rayonu hər gün ermənilər tərəfindən hücuma məruz qalırdı, bu səbəbdən 1000 ədəd avtomat silahı Naxçıvana rəhbərlik edən Heydər Əliyevə təhvil verdik. Beləliklə  Sədərək rayonu  bu  silah sursat sayəsində öz müdafiəsini təşkil edib ermənilərə layiqli cavabını verdi. Bütün bu sadalanan faktlar  onu deməyə əsas verir ki, Etibar Məmmədov üçün dövlət  millət , Vətən sevgisini daima içərisində yaşatdığı üçün gördüyü  işlər  üçün vəzifənin kreslonun heç bir anlamı olmayıb. Bütün bunları edərkən onun bir amalı niyyəti olub Azərbaycanın dövlət müstəqilliyinin ərazi bütövlüyünü qorruyub saxlamaq və onu möhkəmləndirmək . O hər zaman qarşısına qoyduğu hədəflərə doğru gedərkən başlıca amalı ondan ibarət olmuşdur ki,  artdığı addımlar,gördüyü işlərin  dövlətçiliyə  faydası olsun .Elə Müstəqillik Aktının ilkin əlyazması  bunun əyani sübutudur.
Dünya tarixində bir çox xalqlar öz İstiqlaliyyəti üçün mübarizə aparıblar, və mübarizənin əsas qayəsi həmin xalqların öz İstiqlaliyyətini elan edib müstəqil dövlət elan edib onu idarə etmək  əsas hədəflərdən biri olub.Belə bir tarixi nailiyyət Azərbaycanın dövlət mənafeyini hər şeydən üstün tutan Etibar Məmmədovla Fuad Ağayevə nəsib olmuşdur.Etibar bəy bu Akta Azərbaycanın 1918-1920 -ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu bəndini çox çətinliklə qəbul olnmasına nail olmuşdur.

20 yanvar hadisələri ilə bağlı  həqiqətləri  dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün Etibar Məmmədov imperiyanın paytaxtına  gizli yollarla gedərək bütün təhlükələrə baxmayaraq konfrans keçirərək baş verənlərdən Mixail Qorbaçovun birbaşa məsuliyyət daşıdığını bəyan etməsi  bir liderin  zülmə tabe olmayaraq  xalqın iradəsini ifadə etməsi ,   bunun sadəcə bir adı var,  əyilməzlik. Ona bu cəsarəti  bu yenilməzliyi verəcək  yeganə vasitə millətin vəkili olmasıydı . Millət vəkili kimi, o bütün fəaliyyətini Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə yönəldən tarixi şəxsiyyətdir. 20 yanvar hadisələri zamanı Azərbaycan xalqı elə həmin günlərdə Rusiya imperiyasına qalib gəldi. Elə o gündən sonra SSRİ mifi dağıldı. Məhz həmin tarixdən milli kimliyimiz dərin qatlardan üzə çıxdı.Qələbənin yaraları tez sağalır .O yaraları sağaltmaq üçün 1991 -ci ildə Etibar Məmmədov 60-a yaxın “20 yanvar “yaralısının öz sağlamlığına qovuşması üçün onların qardaş Türkiyə Respublikasında müalicə olunmasını təmin etdi. Harada bir boşluq ,harada bir əzilən köməyə ehtiyacı olanlar olarsa Etibar Məmmədovu orada görmək mümkündür.Onun bütün siyasi fəaliyyəti dövründə parlaq şəxsiyyətə çevirən amillərdən biri də yüksək mənəvi keyfiyyətləri -alicənablığı və təmizliyi ilə tanınması, işində və sözündə dəqiqliyi, obyektivliyi və  ən əsası ədalətli olmasıdır.İnsanların inamı da elə  bundan irəli gəlirdi. 1995 cı ildə  Etibar Məmmədov AMİP sədri olaraq  bu dövrdə əhalinin uşaq və gənclərin sağlamlığı ilə bağlı məsələlərə həssaslıqla yanaşaraq əlindən gələn köməyi əsirgəmirdi.Bu dövrdə partiyanın 6-12 yaşlı uşaqları peyvənd etmək üçün 50.000(əlli min) vaksini ölkəyə gətirərək,Respulika Sanitariya və Epidemiologiya Mərkəzinə təhvil verməsi buna əyani sübutdur.

1992-1997-ci ildə Etibar Məmmədov Güləş Federasiyasının prezidenti seçildi.Onun idmançılarımızın və gənc nəslin tərbiyəsində xüsusi fəaliyyəti ibrətamiz məqamlarla doludur.O zamanlar federasiyanın Baş katibi olmuş Xanmirzə müəllim söyləyir ki,  o dövrdə idmançıların xarici dövlətlərdə yarışlara göndərmək Azərbaycanı təmsil etmək üçün  maddi sıxıntılarımız olurdu.Bir dəfə güləşçiləri qələbə münasibətilə mükafatlandırma mərasimində qələbə   əldə etmiş  güləşçimizin birinə mükafat çatmadı.Bir göz qırpımında Etibar bəy öz qolundakı saatı çıxarıb güləşçimizə hədiyyə etdi.Bunun adı insanlara olan sevginin hörmətin təntənəsidir.Məhz Etibar Məmmədovun Güləş Federasiyasına rəhbərlik etdiyi dövrdə  müstəqil Azərbaycanın ilk Olimpiya çempionu oldu.Günümüzdə indiki zamanda , insanları belə məsələlərlə təəccübləndirmək mümkün deyil, çünki indi dövlətimiz kifayət qədər maliyyə  resurslarına malikdir, 1990-cı illərdə elementar olaraq idmançılarımıza himayəçi tapmaq çox çətin idi.Hələ üstəlik yenicə müstəqilliyini əldə etmiş bir dövlətin xarici ölkələrin əksəriyyətində səfirlikləri yeni formalaşması çətinliklərə səbəb olurdu.

Etibar bəy bütün sahələrdə ilklərə yeniliklərə imza atan tarixi şəxsiyyətdir.O Azərbaycan Milli İstiqlal Partiyasına rəhbərlik etdiyi qısa bir zaman kəsiyində partiyanı beynəlxalq aləmdə tanıtdı.1992- ci ildən başlayaraq Etibar Məmmədovun çoxsaylı xarici səfərlərində Azərbaycanın üzləşdiyi problemlər ciddi müzakirə predmeti olur. Belə səfərlərin birində AMİP-in Böyük Britaniyanın Konsevatorlar partiyası ilə  sıx əməkdaşlıq  münasibətləri qurulur.1995-ci ildə Londonda səfərdə olan Etibar Məmmədov Böyük Britaniyanın baş naziri Con Meycorla görüşüb, Böyük Britaniya  Azərbaycan əlaqələrinin daha da möhkəmləndirilməsində  əhəmiyyətli rol oynayır.Həm ölkə daxilində həm də beynəlxalq arenada qazandığı böyük nüfuza görə 1999-cu ildə Etibar bəyin rəhbərlik etdiyi AMİP Beynəlxalq Demokratlar İttifaqına tam hüquqla üzv qəbul edilib.Doğru atılmış addımlar sayəsində  torpaqlarımız işğal altında olanda müxtəlif  illərdə BDİ-da təmsil olunan dövlətlərin demək olar hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar  veriblər.

Ümumiyyətlə Etibar bəy haqqında çox məsələləri yazmaq danışmaq olar, hətta illər öncə 1990-cı illərdə ölkənin aparıcı vəzifələri belə ona təklif olunmuşdu, ancaq o bunların heç birini qəbul etməyib.Çünki  hakimiyyət, ali kürsü, vəzifə Etibar Məmmədov üçün heç vaxt məqsəd olmayıb.Onun həyatı boyu apardığı mübarizənin tək qayəsi Milləti və Dövləti ağır ictimai -siyasi sosial -iqtisadi və mənəvi böhrandan çıxarmaq Azərbaycan Vətəndaşının maddi və mənəvi rifahını yüksəltməkdən ibarət olmuşdur.1994 -cü may ayından 2023-cü ilin sentyabr ayınadək atəşkəs imzalanan gündən Etibar Məmmədovun bütün çıxışlarında Qarabağ problemilə bağlı bir cümlə yer alırdı.Qarabağ probleminin sülh yoluyla həll variantı mümkün deyil, bu problemin qəti həlli hərbi siyasi yoldur.Ordumuzu gücləndirərək, düzgün hərbi strategiya qurmaqla ərazi bütövlüyümüzə suverenliyimizə nail ola bilərik.Elə də oldu.Bir siyasətçinin,bir liderin də əsas üstünlüyü onun  strateji hədəfləri doğru düzgün cəmiyyətə aydın təsvir etməsidir.Biz bir xalq və dövlət olaraq bütov birliyə nail olmaqla qarşımızda duran ümumilli problemi həll etməyi bacardıq.Hələ gediləsi, daha  böyük hədəflərimiz qarşıdadır, növbəti hədəflərimizdən biri də Güneyli soydaşlarımıza mənəvi dəstək  verməklə öz İstiqlaliyyətinə qovuşmasıdır.Onun da düsturunu Etibar bəy belə ifadə edir; “ Azərbaycan günü-gündən inkişaf edir, biz dövlətimizi daha da gücləndirməli, elə cəlbedici bir dövlətə çevirməliyik belə olan halda güneyli soydaşlarımız tərəddüd etmədən modern Azərbaycana can atıb , öz hüquqlarını bərpa etmək üçün mübarizə aparıb real nəticələrə nail olsunlar.”

Bu günləri görmək diləyilə.,

Əziz Etibar bəy!

Sizə dərin hörmətimi bildirməklə bərabər, yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Allahdan Sizə möhkəm can sağlığı uzun ömür , işlərimizdə bundan sonra da uğurlar arzulayıram!

Dərin hörmətlə, Afsəddin Nəbiyev.

AMİP Sədrinin Təşkilat Məsələləri üzrə müavini