AMİP-30

ABŞ-da gərginlik PİK HƏDDƏ – Xalq və milyarderlər Trampa BAŞ QALDIRDI

Keçən həftə sonu ABŞ-ın bütün böyük şəhərlərini etiraz dalğası bürüdü. Ölkənin 50-ə yaxın ştatında Prezident Trampın yürütdüyü siyasətə etiraz olaraq mitinqlər təşkil olundu. Hansı ki, bu aksiyalarda təxminən 1 milyona yaxın insan iştirak edib. Etirazçıların Trampın yürütdüyü miqrasiya və gömrük rüsumu siyasətinə qarşı çıxaraq, onun bu addımının Amerikanın beynəlxalq nüfuzunun sarsılmasına yönəldiyini bəyan ediblər.

Bu azmış kimi, Trampın addımları bəzi milyarderləri də çətin duruma salıb. Onlar yürüdülən siyasətin qurbanı olaraq böyük ziyana məruz qalıblar.

Belə bir vəziyyətdə Amerikada Trampdan narazılıq artmağa başlayır. Onun nəticəsidir ki, son rəy sorğularına görə Trampın reytinqi 43 faizə qədər aşağı düşüb.

Belə durumda görəsən, Tramp etirazçıların təzyiqilə geri addım atacaq, yoxsa daha sərt tədbirlər görəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirir ki, Tramp mövcud siyasətini davam etdirəcək və heç bir halda geri dönüş etməyəcək:

“ABŞ Prezidenti Donald Trampı yeni tarif və rüsumlar tətbiq etməyə vadar edən səbəblər var. Başlıcası odur ki, Vaşinqtonun Avropa Birliyi ölkələri, Çin, Yaponiya, Cənubi Koreya ilə ticarət dövriyyəsində ABŞ-ın ziyanına mənfi saldo mövcuddur. Amerikanın ixrac və idxal etdiyi məhsulların ticarət dövriyyəsində böyük fərqlər var. Nəticədə mənfi saldo ABŞ-ın fantastik dərəcədə borclanmasına gətirib çıxarıb. Bu borc 36 trilyon dollara yaxındır”.

Deputat deyir ki, Tramp idxal məhsullarına rüsumlar tətbiq etməklə ölkə iqtisadiyyatını dirçəltməyi nəzərdə tutur:
 

“Belə bir vəziyyətdə ABŞ-da Trampın yürütdüyü siyasətə qarşı etiraz dalğası baş qaldırıb. Həmçinin, çoxsaylı milyarderlər yeni adminstrasiyadan narazıdır. Lakin buna baxmayaraq etirazçıların tələbləri qarşısında Trampın geri çəkiləcəyi gözlənilmir. Tramp bu addımları Amerika iqtisadiyyatını gücləndirmək üçün atdığını bəyan etməklə yanaşı, gələcəkdə narazı tərəflərin də bundan razı qalacağını bildirir.


İqtisadçıların proqnozlarına görə tətbiq olunmuş yeni tarif və rüsumlar ilin sonuna qədər ABŞ iqtisadiyyatına əlavə 1,5 trilyon dollar vəsait verəcək ki, bu da Amerikanın artan xarici borclarını həm önləyəcək, həm də tədricən onun azalmasına səbəb olacaq. Bu kontekstdə Trampın etirazçıların təzyiqilə geri addım atacağını düşünmürəm. Əksinə, onun verdiyi son açıqlamalar göstərir ki, mövcud siyasəti davam etdirəcək və heç bir halda geri dönüş olmayacaq”.