AMİP-30
arzuxan

Üç uşağı olan ailələrin NƏZƏRİNƏ: “Bu qərar əlavə maliyyə yüküdür…”

Mövcud qanunvericiliyə uyğun olaraq beş uşaqlı ailələr çoxuşaqlı ailələr kateqoriyasına daxil edilib. Bir müddətdir ki, üç uşaqlı ailələrin çoxuşaqlı ailə kimi qəbul edilməsi ictimai müzakirələrə cəlb edilib. Bu məsələ sosial sifariş kimi qəbul edilə bilər”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. 

Deputat bildirib ki, təəssüf ki, son dövrlər ailələrdə bir ən yaxşı halda iki uşağın olmasına üstünlük verilir: 

“Buna bir çox amillər səbəb olur. Bu səbəbdən üç uşaqlı ailələrin çoxuşaqlı ailə hesab edilməsi gündəmə gəlir. Məsələ ciddi qərar tələb edir. Bunun üçün bir çox araşdırmaların aparılmasına və mütəxəssis rəyinə ehtiyac var. Bu qərar əlavə maliyyə yüküdür, qərarın qəbul ediləcəyi halda büdcənin bu yükü qarşılaya biləcəyi sual doğurur. Mütəxəssislər araşdırma aparmalı, büdcədən nə qədər vəsaitin ayrılmalı olduğunu dəqiqləşdirməlidirlər. Hesab edirəm ki, hazırki dövrdə bu qərarın qəbulu mümkün olmasa belə, irəliki zamanlarda mümkünlüyü ilə bağlı araşdırma aparılmalıdır”.

Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çoxuşaqlı ailə kriteriyası məsələsinə yenidən baxmağı tövsiyə edib.