Pezeşkianın səfəri: Münasibətlərin normallaşması maraqlarımız çərçivəsindədir
“İran-Azərbaycan münasibətlərinin normal məcrada inkişafı regionda sülhə və sabitliyə xidmət edən başlıca faktordur”.
Bu sözləri Azərbaycan-İran münasibətlərini şərh edən deputat Arzuxan Əlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan hər zaman qonşu dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq və münasibətlərin formalaşmasında maraqlıdır. Bununla bağlı ölkəmiz öz mövqeyini istər şimal, istərsə də cənub qonşusuna hər dəfə bildirib. Ölkəmiz bunu sözlə ifadə etməklə yanaşı, əməli addımlarla da qarşılıqlı əməkdaşlıq formatında münasibətləri inkişaf etdirdiyini nümayiş etdirib.
Müsahibimizin sözlərinə görə, Azərbaycanla İranın münasibətlərinin normallaşması maraqlarımız çərçivəsindədir:
“Təəssüf ki, uzun illər ərzində Azərbaycanın sərgilədiyi mövqeyə baxmayaraq, İranın yürütdüyü siyasət tamamilə fərqli olub və ölkəmizə qarşı münasibəti heç də dostca olmayıb. İran Azərbaycan ərazilərini 30 il müddət ərzində işğal altında saxlayan Ermənistana dəstək nümayiş etdirib, Ermənistanın hərtərəfli ayaq üstə qalmasına dəstək verən siyasət yürüdüb. Bu, İranın Azərbaycana dost ölkə kimi yanaşmadığını açıq şəkildə göstərib. Ölkəmiz müstəqillik əldə edəndən və İkinci Qarabağ müharibəsindən sonra İranın Azərbaycana qarşı yürütdüyü siyasət heç də xoş olmayıb”.
Arzuxan Əlizadə qeyd edib ki, İran prezidenti Məsud Pezeşkianın ölkəmizə gözlənilən səfəri bir çox məsələlərdə gözləntiləri doğrultmaq baxımından diqqət mərkəzində olacaq.
“Pezeşkianın prezident seçkiləri ərəfəsində verdiyi bir çox mesajlar var. Həmin mesajların reallaşması tərəfimizdən gözlənilir. İran rəsmiləri burada yaşayan 40 milyondan artıq Azərbaycan türkünün ən azından öz dilində təhsil almaq hüququnun bərpa olunması və digər məsələlərin həllinin fərqində olmalıdırlar. Unutmaq olmaz ki, İranla Azərbaycanın ortaq tarixi var. Uzun əsrlər boyunca İran dövlətinə Azərbaycan türkləri rəhbərlik ediblər. Bu gün də İranda kifayət qədər çox yaşayan Azərbaycan türkləri var, onların haqq və hüquqlarının müdafiəsi müstəqil Azərbaycan dövlətinin maraqları çərçivəsindədir”, – Arzuxan Əlizadə vurğulayıb.