AMİP-30

Arzuxan Əlizadə: “Gürcüstanla gələcəkdə də münasibətlər yüksələn xətlə inkişaf edəcək”

Məlum olduğu kimi, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycanda səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini qəbul edib.

Təkbətək görüş zamanı liderlər iki ölkə arasında nümunəvi strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar. Söhbət zamanı müxtəlif sahələrdə, o cümlədən ticarət-iqtisadi əməkdaşlıqda ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə toxunulub.

Gürcüstan prezidenti azərbaycanlı həmkarına Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə təşəkkür edib. Görüşdə, həmçinin, regionda sülh və sabitliyin vacibliyi vurğulanıb. Mixeil Kavelaşvili Gürcüstanın gələcəkdə də Cənubi Qafqazda dialoq və diplomatiyanın təşviqi prosesinə töhfə verməyə hazır olduğunu təsdiqləyib.

Təkbətək görüş zamanı liderlər birgə irimiqyaslı strateji layihələri və əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Gürcüstan-Azərbaycan münasibətlərinin perspəktivlərini necə görürsünuz? Gürcüstanın Azərbaycanla əməkdaşlığa münasibətləri hansı prinsiplərlə müəyyən edilir? Gürcüstan Azərbaycanı strateji baxımdan tərəfdaş kimi seçir, yoxsa başqa imkanları olmadığına görə Bakı ilə münasıbətləri dərinləşdirməyə çalışır?

Baki-xeber.com saytının sualını cavablandıran AMİP sədri, millət vəkili Arzuxan Əlizadə bildirdi ki, Gürcüstan Azərbaycanla qonşu olmaqla yanaşı, müxtəlif zaman kəsiklərində müştərək tarixə malik olduğumuz dost ölkə kimi də xarakterizə edilə bilər: “O da diqqətə alınmalıdır ki, Gürcüstanda təxminən yarım milyona yaxın Azərbaycan türkü yaşayır. Onların həyat tərzi və yaşamı da Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Müstəqilliyi bərpa ediləndən sonra Gürcüstan və Azərbaycan arasında münasibətlər bir qədər də istiləşib və yaxınlaşıb. Daha çox iqtisadi müstəvidə inkişaf edərək, digər sahələrə də yansıyıb. Biz reallaşdırdığımız layihələrin bir çoxunun kommunikasiya hissəsini Gürcüstan üsərindən həyata keçirmişik. Bakı-Tiflis-Ceyhan nert əsas ixrac boru kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmir yolu layihələri məhz Gürcüstan üzərindən keçir. Hazırda Azərbaycandan bu kəmərlə 12 ölkəyə təbii qaz ixrac edilr. Bu kommunikasiya layihələri çərçivəsində Gürcüstan dövlət büdcəsi gəlirlərinin 40 faizindən çox həcmdə dividend əldə edir. Gürcüstanın ovaxtkı prezidenti Eduard Şevardnadzenin də vurğuladığı bir məlum həqiqət var idi ki, ən cətin vaxtlarda Azərbaycan Gürcüstana dost dəstəyi göstərib. Ən yaxın qonşuluq münasibətində olmaqla biz Gürcüstana elə vacib məqamda yardım etmişik ki, gürcü xalqı bunu unutmamalıdır.

Bu gün Gürcüstan-Azərbaycan münasibətləri iqtisadi müstəvidən artıq siyasi müstəviyə keçməkdədir. BMT də daxil olmaqla bir sıra beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış etmək, məsələlərə baxış bucağının uyğunlaşdırılması baxımından da yaxınlaşıblar. Müstəqillik dönəmində həm Azərbaycanda, həm də Gürcüstanda separatçı rejimlərin şimal qonşumuzun dəstəyi ilə baş qaldırması da bizə təxminən eyni taleyi yaşamağı qismət edib. Biz artıq ərazi bütövlüyümüzü öz gücümüzə təmin etmişik. Amma eyni problem hələ də Gürcüstanda qalmaqdadır. Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünə dəstək verib, onun suverenliyini tanıyıb. Məsələn, bu gün parlamentlərarası işçi qrupları fəaliyyət göstərir, hökumət nümayəndələrinin qarşılıqlı səfərləri reallaşdırılır. Gürcüstanla münasibətlətin dinamikası onu deməyə əsas verir ki, gələcəkdə də bu iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edəcək.

Bu gün Gürcüstanın Azərbaycana daha çox ehtiyacı var. Enerji daşıyıcılarının Gürcüstan üzərindən nəqli Gürcüstan iqtisadiyyatına kifayət qədər böyük töhfələr verir. Gürcüstan da, təbii ki, bunun fərqindədir. Bu baxımdan Gürcüstan üçün Azərbaycan kimi güclü iqtisadiyyata malik qonşunun olması Tiflisi onunla isti münasibətləri qoruyub saxlamağa sövq edir.

Azərbaycan da bütün qonşularla normal və bərabərhüquqlu münasibətlərin qurulmasında maraqlı olduğunu hər zaman nümayiş etdirir. Bu dövlətlər içərisində Gürcüstan da xüsusi yerə malikdir. Bununla yanaşı, Gurcüstan qardaş Türkiyə ilə həmsərhəddir. Regionda Azərbaycanın və Türkiyənin Gürcüstana dəstəyi danılmazdır. Bu baxımdan Gürcüstan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafında maraqlıdır. Bundan sonrakı dönəmdə də bu tendensiya davam edəcək. Eyni zamanda, Borçalıda yaşayan soydaşlarımızın maraqları da daima Gürcüstan dövlətinin diqqət mərkəzində olmalıdır”.