Azərbaycan düşməninin arvadı da həbsə gedir – sıra kimdə?
Bakıya qarşı qarayaxma kampaniyası aparan həbsdəki keçmiş senatorun erməni həyat yoldaşının rüşvət əməlləri də sübuta yetirilib; deputat: “Belələrinin ifşası istiqamətində işlər davam etdirilməlidir”
Nyu-York münsiflər heyəti Nyu-Cersi ştatının keçmiş senatoru Robert Menendesin həyat yoldaşı, 58 yaşlı erməni Nadin Menendesi (Arslanyan) bütün 15 maddə üzrə təqsirli bilib. İttihamlara rüşvət və ədalət mühakiməsinə mane olmaq da daxildir.
Hökm, siyasi təsir müqabilində nağd pul, qızıl külçələr və bahalı hədiyyələr almaqla bağlı illərlə davam edən korrupsiya sxeminin istintaqı çərçivəsində çıxarılıb.
Nadin Menendes əri ilə birlikdə 2023-cü ilin sentyabrında ittiham olunub. Lakin onun məhkəməsi səhhətindəki problemlərə görə təxirə salınmışdı. Məhkəmə zamanı prokurorlar Nadinin ərinin korrupsiya sxemində əsas rol oynadığına dair sübutlar təqdim ediblər. Prokurorlar onun Robert Menendesin “Misir və Qətər hökumətlərinə rüşvət verən iş adamları” ilə bağlayan “aralıq” rolunu oynadığını bildiriblər. Bu haqda “New York Post” yazıb.
Bunun müqabilində siyasətçi Senatın xarici əlaqələr komitəsinin sədri kimi nüfuzlu vəzifəsindən istifadə edərək, Misirə 300 milyon dollarlıq hərbi yardımın dondurulması üçün həmkarlarını lobbi edib. Robert Menendes artıq 2024-cü ilin iyulunda təqsirli bilinib və 11 il həbs cəzası alıb. Nadini də uzunmüddətli həbs gözləyir. Onun əri anti-Azərbaycan çıxışları ilə yadda qalan, erməni lobbisindən qidalanan biri idi.
Bu həbslər digər ermənipərəst korrupsioner senatorlara, konqresmenlərə də dərs olacaqmı? Onların sırasında Frenk Pallone kimi Konqres üzvləri, Avropa Şurasında Şvabe kimi Azərbaycana nifrət bəsləyən deputatlar “en” qədərdir…
Arzuxan Əlizadə
“Yeni Müsavat”a danışan deputat Arzuxan Əlizadə qeyd etdi ki, keçmiş senator Menendes və arvadı uzun illər erməni pulları ilə Azərbaycana nifrət yağdırıb. Onun sözlərinə görə, bu ailə erməni lobbisinin verdiyi rüşvət qarşılığında ölkəmiz əleyhinə çirkin kampaniya aparıb, şər-böhtanla məşğul olub.
“Bu şəbəkə korrupsiya burulğanında olduğunu həmişə gündəmə gətirmişik və nəhayət, layiqli cəzasını aldı. İndi onun erməniəsilli arvadı da oxşar taleyi yaşaya bilər. Sadəcə, onlar tək deyil. Bölgədə maraqlarını təmin etməyə çalışan bir sıra “siyasətçilər” korrupsiya içindədir. Əfsuslar olsin ki, zamanında lazım olduğundan artıq dəyər verdiyimiz beynəlxalq təşkilatlar, Avropa Parlamenti kimi təsisatlar da var. Bu gün də avropalı deputatlar arasında ölkələrinin maraqlarına deyil, korrupsiyaya xidmət edərək Azərbaycana qarşı qərəzli kampaniyada, fəal iştirak edirlər”, – deyə deputat vurğuladı.
A.Əlizadə bildirdi ki, müxtəlif sənədlərə və qətnamələrə müəlliflik edənlər hər zaman gündəmə gətirilib, bundan sonra da həmin şəxslərin ifşası istiqamətində iş aparılmalıdır: “Menendesin timsalında bunun mümkün olduğunu görə bildik. Onların arxasında böyük güc olsa belə, həmin korrupsioner siyasət adamlarını öz ölkələrində faş etmək lazımdır. Çünki seçicilər bu adamların onları necə təmsil etdiyini görməlidirlər. Ona görə ifşa faktları açıqlanmalıdır. Yəni sənədli-sübutlu faktlar nəticə verir. Azərbaycanı istəyən güclər də dəstək verməlidir. Bizə yaxın dost ölkələr, səfirliklər, diasporumuz, hüquq-müdafiə təşkilatları imkanlarını səfərbər etməlidirlər”.
Xatırladaq ki, “Ermənilərin Azərbaycanın təcavünzündən qorunması haqqında” bədnam qanun layihəsinin də müəllifi Menendes olub. O, başına özü kimi ermənipərəst senatorlar Bill Kessidini, Kris Van Holleni, Aleks Padilyanı, Şeldon Uaynthausu və Heri Pitersi toplayıb fəaliyyətə keçmişdi. Ümid edirdilər ki, Menendes erməni lobbisi və diaspor təşkilatlarından aldığı vəsaiti onlarla da bölüşəcək. Lakin bu, baş vermədi.
Menendes qeyd olunanlarla yanaşı, vaxtilə rəhbərlik etdiyi komitədə “Dağlıq Qarabağda böhranın qiymətləndirilməsi” mövzusunda dinləmələr də keçirib. İddiasında göstərmişdi ki, guya Azərbaycan Laçın yoluna girişi bağlayıb, “acından ölən Qarabağ erməniləri”nə humanıtar yardımın çatdırılmasına imkan vermir. Lakin əvvəlki iddiaları kimi, onun bu sənədi də qəbul edilməmişdi.
Bob Menendes bundan əvvəl keçmiş prezident Cozef Baydenə əfvlə bağlı müraciət etsə də, rədd cavabı alıb. İndi isə ümidini yeni seçilmiş prezident Donald Trampa bağlayıb. Korrupsiya ittihamı ilə məhkum edilmiş Menendes aralarındakı siyasi düşmənçiliyə baxmayaraq, Trampın mərhəmətinə ümid edir.
Onu da yada salaq ki, Menendesin həyat yoldaşı Nadin Arslanyan piyadanı vuraraq öldürüb, lakin cinayət təqibindən yayınıb. Ölümlə nəticələnən qəza 2018-ci ilin dekabrında Nyu-Cersi ştatının Boqota şəhərində baş verib, lakin medianın diqqətini cəlb etməyib və heç bir ittiham irəli sürülməyib.
Bundan başqa, Arslanyan girovla üzləşməsinə baxmayaraq, 400.000 dollar dəyərində qızıl külçələri nağdlaşdırıb. Arslanyan qızılı 7 aprel 2022-ci il və 16 iyun 2022-ci il tarixləri arasında satıb. Bu, 13 funt (təxminən 5.9 kq) xalis qızıla bərabərdir. Satış 2020-ci ildə Menendeslə evlənməmişdən əvvəl maliyyə cəhətdən çətinlik çəkən, hətta evinin girovu ilə üzləşdiyi bildirilən Arslanyan üçün əlamətdar maliyyə dönüşü olub.
Qeyd edək ki, cütlük 2020-ci ilin oktyabrında Baysayd şəhərindəki erməni kilsəsində kiçik bir mərasimlə evlənib. Arslanyan 2020-ci ildə etiraf edib ki, Menendesi 1915-ci il “erməni soyqırımı”nın tanınması üçün təbliğat aparmağa təşviq edib.