AMİP-30

“Araz yolu” Zəngəzur dəhlizinə alternativ deyil” – Millət vəkili AÇIQLADI

“Yeni “Araz yolu” layihəsi heç bir halda Zəngəzur dəhlizinə alternativ deyil, nə də onu əvəz etmək üçün nəzərdə tutulmayıb”. 

Milli Məclisin deputatı Arzuxan Əlizadə bunu TodayPress-ə danışarkən bildirib. 

Onun sözlərinə görə, Azərbaycan ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə, xüsusilə də nəqliyyat, energetika və sənaye sahələrində birgə layihələrin icrası sürətlə davam edir. Son dövrlərdə iki ölkə rəsmilərinin intensiv görüşləri nəticəsində yeni hədəflər müəyyənləşdirilib və əməkdaşlıq istiqamətləri genişlənib. “Araz yolu” adlandırılan yeni nəqliyyat qovşağı da diqqət mərkəzindədir: 

“Hazırda layihənin icra mərhələsi davam edir, yolun üzərində tikiləcək körpünün bünövrəsi artıq qoyulub və bu istiqamətdə işlər sürətləndirilib. Yeni nəqliyyat dəhlizinin istifadəyə verilməsi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanla gediş-gəlişi daha da asanlaşdıracaq, eləcə də Cənubi Azərbaycana, Təbrizə, Ərdəbilə və Araz çayı boyunca yerləşən bölgələrə çıxışı genişləndirəcək”.

Millət vəkili diqqətə çatdırıb ki, layihənin həyata keçirilməsi iki ölkə arasında bütün sahələr üzrə münasibətlərin inkişafına töhfə verəcək, əlaqələrin müsbət istiqamətdə inkişafına ciddi təsir göstərəcək.

Deputat əlavə edib ki, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri və Azərbaycan lideri ilə keçirilən görüşlər bu əməkdaşlıq çərçivəsində mühüm əhəmiyyət daşıyır.

Səfər zamanı tərəflər arasında infrastruktur layihələrinin icrası, qarşılıqlı anlaşmalar və gələcək addımlar əsas müzakirə mövzusu kimi diqqət çəkir. Bu görüşlər ölkələrimiz arasında münasibətlərin bir qədər də inkişaf etməsinə rəvac verəcək. 

Parlamentari vurğulayıb ki, “Araz yolu” nəqliyyat layihəsi heç bir halda Zəngəzur dəhlizinə alternativ deyil. Çünki Zəngəzur dəhlizinin açılması Azərbaycanın əsas hədəflərindən biridir və bu istiqamətdə də ciddi addımlar atılır.

“Araz yolu” isə əlavə bir imkan olaraq regiondakı əlaqələri daha da genişləndirəcək və sürətləndirəcək. 

Qeyd edək ki, İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian bildirib ki, “Araz yolu” Azərbaycanla Təbriz Ərdəbil və Qərbi Azərbaycan arasında əlaqələrə töhfə verəcək. 

Bundan əvvəl isə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş jurnalistlərə açıqlamasında deyib ki, növbəti aylarda İran və Azərbaycan arasında “Araz yolu” dəhlizi sazişi imzalanacaq.