Rəşad Bayramov: “Putin Qərb şirkətləri barədə danışarkən əslində məsələni bir qədər şişirdir”
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Qərb şirkətləri Rusiyaya geri dönmək üçün müraciətlər edirlər. Lakin onun sözlərinə görə, sadəcə üzr istəmələri yetərli deyil və bu məsələyə praqmatik yanaşmaq lazımdır.
Bu fikirləri Putin “Delovaya Rossiya” təşkilatının 20-ci Konqresində çıxışı zamanı səsləndirib.
Prezident qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinə maliyyə dəstəyi verən həmin şirkətlər indi münasibətləri bərpa etmək istəyirlər.
“Eh, yox. Bu, qətiyyən kifayət deyil, indi bol-bol üzr istəyirlər. Mən onların çoxu ilə onilliklər ərzində danışmışam – ciddi, bacarıqlı, praqmatik və məqsədyönlü insanlardır, əsl rəqibdirlər… Əgər geri qayıtmaq lazımdırsa, üzr istəyəcəklər. Amma bütün məsələlərə praqmatik yanaşmalıyıq: əgər bu bizim üçün sərfəlidirsə, onları buraxmalıyıq, sərfəli deyilsə, verməmək üçün minlərlə səbəb tapmalıyıq. Və sizi əmin edirəm ki, bu səbəblərin 999-u ÜTT-nin tələblərinə tam cavab verəcək,” – deyə Putin vurğulayıb.
Maraqlıdır, əslində Putin bununla nə demək istəyir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, Putin Qərb şirkətləri barədə danışarkən əslində məsələni bir qədər şişirdir: “Bununla Qərblə aparılan informasiya müharibəsində prosesə yeni elementlər daxil edərək, əslində bir növ həmin şirkətlərə Rusiyaya qayıtmaq üçün çağırış edib. Başqa sözlə desək, təbii ki, Rusiyanın ABŞ-la yaxınlaşması fonunda Vaşinqtonun Moskvaya tətbiq etdiyi bir sıra sanksiyaları yumşaltmaq ehtimalı fonunda ayrı-ayrı şirkətlər fəallaşır. Əvvəllər də Rusiya ilə işləmiş şirkətlər bu ölkədə bu və ya digər formada iqtisadi fəaliyyətə yenidən qayıtmaq, yenidən əlaqələri bərpa etmək üçün müraciət ediblər. Ancaq sözügedən müraciətlər bu gün həmin şirkətlərin geri qayıdıb fəaliyyət göstərməsi demək deyil. Düzdür, müraciət edən şirkətlər üçün biznes maraqları hər şeydən öndə dayanır. Ancaq onlar yaxşı bilirlər ki, hələlik Rusiyaya qarşı sanksiyalar ləğv edilmədiyi və yumşaldılmadığı halda gedib ora sərmayə qoymağın perspektivi yoxdur. Belə şəraitdə buna getmək sadəcə ağılsızlıq olacaq. Xarici şirkətlərin müraciətləri əsasən ondan ibarət olub ki, əgər ABŞ və yaxud da Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar götürülərsə, biznes üçün normal şərait yaradılarsa, o zaman geri qayıdacaqlar. Ancaq reallıq fərqlidir axı. Rusiyaya qarşı sanksiyalar nəinki yumşaldılmayıb, əksinə, onların sayı artır. Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyir. Belə olan halda xarici şirkətlər necə qayıdar ora? O üzdən, Putinin dedikləri bir qədər şişirdilmiş məlumatlardır. Xarici şirkətlər Rusiyaya sərmayə qoymaq istəsəydilər, Putin buna dərhal razı olardı. Çünki xarici texnologiyalara və bir sıra vasitələrə ciddi ehtiyacı var. Heç bir halda “sadəcə üzr istəmələri yetərli deyil” ifadəsi işlətməzdi”.