AMİP-30

Afsəddin Nəbiyev: “Gürcüstana qarşı sanksiyaların tətbiq olunmasının heç bir məntiqi yoxdur”

Litva hökuməti gürcü diplomatları və rəsmiləri üçün vizasız rejimin ləğvi haqqında qətnaməni təsdiqləyib. Qətnamə Avropa İttifaqı (Aİ) Şurasının Gürcüstan rəsmiləri və diplomatları üçün viza rejiminin sərtləşdirilməsi ilə bağlı yanvarda qəbul edilmiş qərarına əsasən qəbul olunub.

Daha əvvəl Estoniya hökuməti Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız rejimi ləğv edib. Litva, Latviya və Estoniya ilk olaraq Gürcüstan hökumətinə qarşı sanksiyalar tətbiq edib.

Avroittifaq son vaxtlar Orta Asiyanın enerji resursları və nəqliyyat daşımalarında Rusiyadan yan keçən mərşrutlara üstünlük verir, o biri tərəfdən Gürcüstana sanksiyalar tətbiq edir. Orta Dəhliz, enerji xətləri də Gürcüstandan keçir. Sanksiya siyasəti davam edərsə, Gürcüstan bu dəhlizlərə maneə yaradarmı və yarada bilərmi?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev Qərbin Gürcüstanla bağlı siyasətinə bir neçə aspektdən yanaşdı: “Son vaxtlar ABŞ və Avropanın istəklərini yerinə yetirmədiyinə görə Gürcüstana qarşı təzyiqlərin artması gözlənilən idi. Əslində bu dövlətlərin məqsədi Gürcüstana təzyiq edərək, ölkəni Rusiyaya qarşı ikinci cəbhə açmağa sövq etmək idi, ancaq bu alınmadı. Çünki Gürcüstan siyasi rəhbərliyi ağıllı siyasi qərarlar qəbul etməklə sonu məlum olmayan böyük təhlükədən xilas olmağın yolunu seçdi. Qanlı müharibəyə atılmış Ukrayna “yolunu” seçmədi. Gürcüstan Avropa dövlətlərinin Rusiya qarşısında heç nə edə bilməyəcəyini dərk edərək, 2008-ci ildə bir neçə gün davam edən hərbi münaqişədən tarixi dərs çıxarmağı bacardı. Faktiki olaraq, Avropa dövlətləri Gürcüstana ancaq mənəvi dəstək olmaqla kifayətləndilər. Gürcüstan mətbuatında bu gün ən çox müzakirə olunan mövzulardan biri də budur ki, ölkə rəhbərliyi doğru qərarlar qəbul etməyəcəyi təqdirdə çox böyük fəlakətli sonluqla üz-üzə qalacaqdı. Gürcüstan politoloqları Ukrayna timsalında bu mövzunu Gürcüstanın dövlətçiliyi və suverenliyinin qorunması kontekstində çox aydın şəkildə cəmiyyətə çatdırırlar. Avropa və Baltikyanı dövlətlər keçən il Gürcüstanın “xarici agentlər” haqqında qanunun qəbul olunmasından və eyni zamanda hakimiyyətə gələn yeni komandanın Rusiya ilə münasibətləri normal məcraya yönəltməsindən sonra Tbilisiyə qarşı təzyiq yolunu seçiblər. Latviya və Estoniyanın ardınca Litva hökumətinin Gürcüstanla vizasız rejimin ləğvi haqqında qətnamə qəbul etməsini sanksiyaların ilkin mərhələsi kimi qiymətləndirmək mümkündür. Ancaq burada bir məqama diqqət yetirsək görərik ki, Gürcüstana qarşı sanksiyaların tətbiq olunmasının heç bir məntiqi yoxdur. Gürcüstan Azərbaycanla bərabər çox böyük əlverişli coğrafi üstünlüyə malik olmaqla, həm də Rusiyadan yan keçən nəqliyyat daşımalarında əsas körpü rolunu oynayan dövlətlər sırasındadır. Hələ bunun üzərinə enerji daşıyıcılarının Gürcüstan vasitəsilə Avropaya nəql olunmasını əlavə etsək, mənzərə aydın olur. Rəsmi Tbilisi bu dəhlizlərə heç bir maneə yarada bilməz, çünki hazırkı dövlət büdcəsinin xeyli hissəsi məhz tranzit daşınmaları hesabına formalaşır. Sadəcə olaraq, Gürcüstan bu məsələdə özünün dövlət təhlükəsizliyini düşünərək bu addımları atır”.