AMİP-30

Budapeştdə vacib sənəd: “Türk dövlətləri gələcəkləri ilə bağlı mənfi ehtimalları sıfıra endirdilər”

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Görüşdə 71 bənddən ibarət Bəyannamə imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış sənədlə dövlət başçıları türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu, TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər. Türk dövlətlərinin regionda və onun hüdudlarından kənarda rolunu artıran siyasi, iqtisadi, ekoloji, sosial və mədəni nailiyyətləri təqdir edən prezidentlər “Türk Dünyası Xartiyası”nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi tanıyıblar.

Məsələdə digər maraqlı məqam isə tərəflər Türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildirir, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələrini alqışlayırlar. Eyni zamanda, Kipr məsələsinin danışıqlar yolu ilə, qarşılıqlı məqbul və həyat qabiliyyətli həllinə nail olunmasının zəruriliyi qeyd edilir. Üzv dövlətlərin birliyini və həmrəyliyini pozmağa yönəlmiş hər hansı hərəkət və təhdidlərin qarşısının alınmasının vacibliyi diqqətə çatdırılır. Bütün bunlar həm də türk dövlətlərinin fəaliyyətinə yönələn şübhəli, hətta qərəzli fikirləri alt-üst edir. Çünki Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Avropa İttifaqı (Aİ) ilə imzaladıqları və 12 milyard avro həcmində investisiya vədi aldıqları saziş çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətini tanımayacaqlarını bəyan etmişdilər. Bu baxımdan, bu məqam bütün türk dünyasında qızğın müzakirələrə səbəb olmuşdu.

Lakin yeni Bəyannamədə türk dünyasının təhlükəsizliyi, eləcə də üzv və müşahidəçi üzv ölkələrin əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildirməsi, həmçinin Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələrini alqışlaması, hətta üzv dövlətlərin birliyini və həmrəyliyini pozmağa yönəlmiş hər hansı hərəkət və təhdidlərin qarşısının alınmasının vacibliyinin diqqətə çatdırılması təşkilatın öz ruhunu qoruyub saxladığını və bundan sonra da saxlayacağını deməyə əsas verir.

Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə Macarıstanın qeyri-rəsmi Zirvə toplantısına ev sahibliyi etməsini əlamətdar hadisə kimi səciyyələndirib:

“Çünki ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü zirvə toplantısına ev sahibliyi edir. Bu da xüsusi diqqətə alınmalıdır. Üstəlik, Macarıstan Avropa İttifaqına (Aİ) üzv ölkədir və Aİ-də təmsil olunan dövlətin TDT-nin Zirvə toplantısına ev sahibliyi etməsi mühüm əhəmiyyətli məsələdir”.

“Görüşdə 71 bənddən ibarət Bəyannamə qəbul edildi. Sənəd TDT-də təmsil olunan dövlətlərin bundan sonrakı fəaliyyət istiqamətləri, birgə koordinasiya, bir sıra beynəlxalq təşkilatlara digər türk dövlətlərinin də namizədliklərinin irəli sürülməsi və dəstəklənməsi və bir çox digər sferaları əhatə edir. Eyni zamanda, bu toplantı və imzalanan sənəd Türk Dövlətləri Təşkilatının arasına nifaq salmaq, təşkilatda təmsil olunan dövlətlərin vahid platformadan çıxış etmək imkanlarını məhdudlaşdırmaq istiqamətində atıla biləcək addımları qabaqlamış oldu. Çünki bir müddət əvvəl Aİ ilə 4 türk dövlətinin razılaşmasına əsasən, Şimali Kipr Türk Cümhuriyyəti tanınmır və bu, bir sıra suallara səbəb olmuşdu. Amma Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü və TDT-nin qəbul etdiyi bəyannamə təşkilatın bundan sonrakı fəaliyyəti ilə bağlı mənfi ehtimalları faktiki olaraq sıfıra endirdi”, – deyə deputat vurğulayıb.

Müsahibimizin qənaətinə görə, sözügedən görüş və imzalanan sənəd təşkilatın gələcək perspektivləri üçün vacib əhəmiyyətə malikdir:

“Çünki TDT-nin daha da güclənməsi və üzv dövlətlərin birgə koordinasiyası ilə gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi təşkilatın güclənməsinə bundan sonra da öz müsbət töhfəsini verəcək”.