AMİP-30

Afsəddin Nəbiyev: “Çox güman ki, ABŞ sülh sazişi ilə bağlı səylərini artıracaq”

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp 28 May Müstəqillik Günü ilə əlaqədar Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda bir sıra məqamlara toxunub.

Məktub Tramp Administrasiyasının Azərbaycanı regional güc və mühüm tərəfdaş kimi dəyərləndirdiyini açıq şəkildə göstərir. Məktubda xüsusilə diqqətçəkən məqamlardan biri Cənubi Qafqazda “yeni firavanlıq dövrünə” keçid və sülh çağırışıdır ki, bu da Trampın regiona praqmatik baxışını əks etdirir: “ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır”.

Maraqlıdır, bu sözlər nə kimi nəticələrə gəlməyə əsas verir? Tramp Qafqazda sülh naminə təsirli addımlar atacaqmı?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev buna bir neçə aspektdən yanaşdı: “ABŞ Prezidenti Donald Trampın 28 May Müstəqillik günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubunda sülhü dəstəkləmək mesajı Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi önəmin göstəricisidir. Azərbaycan ilə ABŞ arasındakı münasibətlər hər zaman qarşılıqlı əməkdaşlığa əsaslanıb. 1990-cı illəri istisna etməklə. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra ABŞ-ın Cənubi Qafqaz, xüsusilə Azərbaycana qarşı siyasəti birmənalı olmayıb. Müstəqilliyimizin ilk illərində Azərbaycanın əleyhinə yönələn “Azadlığa Dəstək Aktına 907-ci düzəliş”adlı sənəd ABŞ-la Azərbaycan arasında əngələ çevrilib. İki dövlət arasındakı münasibətlər Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində tədricən yaxşılaşmağa doğru istiqamət götürdü. Azərbaycan dövlətinin balanslaşdırılmış xarici siyasəti bu məsələlərin müsbət həllinə öz töhfəsini vermiş oldu. Təbii ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan enerji sahəsindəki əməkdaşlıq münasibətlərin yaxşılaşmasına səbəb oldu. Bütün bunlar ABŞ ilə Azərbaycan arasında mühüm iqtisadi, siyasi əlaqələrin qurulmasına inkişaf etdirilməsinə xidmət edən amillər sırasındadır. Bu baxımdan, ABŞ regionda sülhün və sabitliyin təmin olunması üçün sülh çağırışları etməklə xoş niyyətini nümayiş etdirir. ABŞ da hazırda anlayır ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin arxitekturası məhz Azərbaycan dövləti tərəfindən qurulmaqdadır. Davamlı sülhün əldə olunması üçün Ermənistan məsuliyyətli addımlar atmalıdır. Ermənistanın mövcud konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalı, Zəngəzur koridoru açılmalıdır, işğala görə təzminat ödəməlidir və s. Bu addımlardan sonra bölgədə davamlı sülhün əldə olunmasına heç bir əngəl qalmayacaq. Hiss olunur ki, Tramp sülh sazişinin tezləşməsində maraqlıdır. Çox güman ki, ABŞ bu yöndə səylərini artıracaq”.