AMİP-30

Erməni kilsəsinin iç üzü İFŞA OLUNUR – Paşinyan “gizli sandığı” AÇARSA…

Ermənistanda Paşinyan hakimiyyəti ilə erməni kilsəsi arasında qarşıdurma yeni fazaya daxil olub. Bu qarşıdurma hətta konstitusiya böhranı həddinə qədər inkişaf edib. Belə vəziyyət isə onsuz da qeyri-stabil olan daxili sabitlik üçün daha real təhlükə yaradır.

Gərginliyə səbəb nədir?

Baş nazir Nikol Paşinyan erməni kilsəsinə və keşişlərə qarşı sərt ittihamlar irəli sürməyə başlayıb. Erməni baş nazirin “subaylıq andı”na riayət etməyərək, pozğun həyat tərzi yaşayan keşişlərə yönəlik “dini xidməti tərk edin” tələbi Ermənistan cəmiyyətinin radikal-revanşist təbəqəsində ciddi narahatlıq doğurub.
Çünki Paşinyan bu ittihamların ardınca erməni kilsəsinə katolikos seçkilərində dövlətin “həlledici səsə” malik olmasının vacibliyini də vurğulayıb və bu, ciddi siyasi-hüquqi mübahisələrə səbəb olub.

Bəzi müxtəlifyönümlü hüquqşünaslar baş nazirin bu tələbinin Ermənistan konstitusiyasının əsas prinsiplərinə – yəni kilsənin dövlətdən ayrılığına – zidd olduğunu bildiriblər. Onların fikrincə, belə tələblərlə çıxış edən Paşinyan cinayət məsuliyyəti daşımalıdır.

Görünən odur ki, yaxın gələcəkdə, yəni seçkilər ərəfəsində Ermənistanda Paşinyanla müxalifəti dəstəkləyən kilsə arasında dini-ideoloji cəhətdən ciddi qarşıdurmaların şahidi ola bilərik.

“Paşinyan kilsəyə nəzarət edə bilmir”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Arzuxan Əlizadənin fikrincə, Paşinyanın kilsə ilə bağlı söylədiyi fikirlər onlar arasındakı qarşıdurmanın pik həddə çatdığına işarədir:

“Görünən odur ki, kilsə tərəfindən Paşinyana qarşı cəbhə formalaşıb. Ötən il keşiş Baqratın timsalında Paşinyana qarşı hərəkat başlanıldı. Amma nəticə etibarı ilə onlar nəyəsə nail olmadılar. İndiki qarşıdurma da əslində onun davamıdır. Qarşıdurmanın kökündə dayanan əsas faktor odur ki, Paşinyan kilsəyə nəzarət edə bilməməsilə bağlıdır. Kilsəyə qarşı onun dediklləri də konkret buradan qaynaqlanır”.

Lakin həmsöhbətimiz mövcud qarşıdurmanın Ermənistanda ciddi xaosa gətirib çıxaracağını düşünmür:

“Düzdür, 2026-cı ilin may seçkiləri yaxınlaşdıqca bu gərginlik bir qədər ciddi qarşıdurma xarakteri alacaq. Lakin unutmayaq ki, Paşinyanın elektoratı daha güclüdür. O, bəzi kilsə nümayəndələrinin fəaliyyətilə bağlı kifayət qədər ciddi məlumatlara malikdir. Belədə o gələcəkdə sandığı açaraq kilsə barədə daha bir çox sirləri ortaya çıxara bilər. Bu da öz növbəsində kilsə icmasının əleyhinə işləyəcək. İstənilən halda, Paşinyan bu qarşıdurmadan müsbət dividendlə çıxacaq. Çünki hazırki dönəmdə o, daha güclü görünür”.