AMİP-30
arzuxan

Arzuxan Əlizadə: “Ortada nəticə olacaqsa, bu, Avropanin da istəklərinə uyğunlaşdırılacaq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, ən böyük arzusu İstanbulda və ya Ankarada Putinlə Zelenski arasında görüş təşkil etmək və Trampı bu görüşə dəvət etməkdir.

“Trampın tarixi açıqlamalarından sonra Avropa ölkələrinin Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarından biz çox məmnunuq. İnanırıq ki, Suriya sabitlik və sülh əldə etdikcə, bundan bütün qonşuları və bütün region ölkələri faydalanacaq”, – deyə Türkiyə prezidenti əlavə edib.

Avropanın iştirakı olmadan belə görüşün nə vaxtsa baş tutması mümkündürmü? Belə bir görüş baş tutsa, hər hansı ciddi nəticəsi ola bilərmi? Yəni Avropanı bu işdən kənara qoymaq fayda verərmi?

“Bakı-Xəbər” qəzetinin sualını cavablandıran AMİP sədri, millət vəkili Arzuxan Əlizadə bildirdi ki, iyunun 2-də Ankarada keçirilən Rusiya-Ukrayna danışıqlarında əsir və meyit mübadiləsi barədə razılıq əldə edilib: “Bunun ardınca keçirilən Türkiyə hökumətinin iclasından sonra Rəcəb Tayyib Ərdoğan açıqlamasında Rusiya-Ukrayna danışıqlarının ikinci raundunu “möhtəşəm görüş” adlandırdı. Məlumdur ki, Türkiyə bu müharibə başlayandan bəri vasitəçilik missiyasını öz üzərinə götürüb. İki il əvvəl də İstanbulda analoji görüşlər keçirilmişdi. Türkiyənin uzlaşma cəhdləri nəticəsində kasıb ölkələrə və Avropaya taxıl daşınmasını nəzərdə tutan “Taxıl razılaşması” əldə edilmişdi. Ərdoğan son danışıqlarda Türkiyənin xüsusi önəmi olduğunu qeyd etdi. Eyni zamanda o, Rusiya və Ukrayna liderlərinin İstanbulda və ya Ankarada görüşməsi və bu görüşə Donald Trampın da dəvət edilməsi arzusunu dilə gətirdi.

Məlumdur ki, Türkiyə artıq qlobal gücə çevrilib, qlobal münaqişələrin həllində əsas rol oynayan aktyorlardandır. Məsələn, bu gün Suriyada sabitliyin əldə edilməsində Türkiyənin çox böyük rolu var. Hazırda Suriyada formalaşmış yeni hökumət Ərdoğanın səyləri nəticəsində vəziyyəti sabitləşdirməyə nail olub. Eyni zamanda, yenə Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində Tramp Suriyaya qarşı zamanında tətbiq edilən sanksiyaları ləğv edəcəyini bəyan etdi. Həmin sanksiyakar dayandırılandan cəmi iki həftə sonra Avropa İttifaqı da Suriyaya əvvəllər tətbiq edilmiş sanksiyaları dayandırdı.

ABŞ-nin bu məsələlərdə təsir gücü böyükdur, bu baximdan da Türkiyə prezidenti daha çox Donald Trampla məsləhətləşməyı, onunla uzlaşma etməklə münaqişələrin dayandırılmasını planlayır və bunu açıq surətdə ifadə edib.

Sirr deyil ki, ABŞ Avropa ölkələrinə də təsir imkanlarına malikdir. Məsələn, yuxarıda qeyd etdiyimiz kimi, ABŞ-nin Suriyaya sanksyaları dayandırmasının ardınca Avropa da analoji addım atdı. Yəni bu iki müttəfiq – ABŞ və Avropa koordinasiya edilmiş şəkildə hərəkət edir.

Ukraynaya yardımlarda da ABŞ Avropadan daha üstün mövqedədir. Hazırda sülh və sabitliyə ən böyük töhfə bu müharibənin dayandırılmasına nail olmaqdır. Bunun üçün Türkiyə cəhd göstərir, nəticə necə olacaq, bunu zaman göstərəcək”.

Ekspert əlavə etdi ki, əslində bu prosesdə Avropa ölkələri özləri də tərəf kimi çıxış edir. Yəni Avropa Rusiyaya sanksiyalar tətbiq edir və Ukraynanın yanındadırlar: “Ona görə də Avropanın vasitəçilik missiyasında iştirakı mümkün görünmür. Rusiya və Ukrayna Türkiyənin tərəfsiz olaraq vasitəçilik missiyasını qəbul edib. ABŞ-nin prosesə qoşulması isə Rusiyaya bir təzyiq vasitəsi kimi nəzərdə tutulub. Amma bu danışıqlarda nəticə əldə ediləcəksə, münasibətlərin normallaşmasına nail olunacaqsa, bundan Avropa ölkələri də faydalanacaqlar. Ona görə də hesab edirəm ki, bu, Avropa ölkələrinin kənarda qalması anlamına gəlmir. Sadəcə olaraq, Türkiyənin bu prosesləri tərəfsiz olaraq yürütmək imkanları genişdir. Ona görə də missiya Türkiyəyə həvalə edilib. Ortada nəticə olacaqsa, bu, Avropanın da istəklərinə uyğunlaşdırılacaq. Bəzən belə görünür ki, ABŞ və Avropa arasında fikir ayrılığı var, amma onlar həmişə təxminən eyni mövqedən çıxış edir. Yəni ABŞ-nin prosesdə olması elə Avropanın da orada olması anlamına gəlir”.

Lakin Rəcəb Tayyib Ərdoğanın arzuladığı dördtərəfli Zelenski-Tramp-Putin-Ərdoğan görüşünün baş tutması hazırda davam edən danısıqların heç üfüqündə də görünmür. Çünki hələ Rusiya müharibəni dayandırmaq fikrindən çox uzaqdır. Üstəgəl, Putin müharibəyə səbəb olan ilkin şərtlərindən nəinki geri çəkilməyib, hətta onu bir qədər də tundləşdirib. Rusiyanın Ukraynaya təqdim etdiyi memorandum buna bariz sübutdur. Ukrayna isə buna heç vaxt razı olmayacaq. Əslində hazırda məsələnin danışıqlar masasına daşınması üçün, görünür ki, hələ tezdir. Çünki danışıqlara qədər Rusiya sındırılmalı idi. Bunu isə nə ABŞ, nə də Avropa ya hələ istəmir, ya da bacarmır.