Rəşad Bayramov: “Kilsə-hakimiyyət qarşıdurması erməni cəmiyyətində parçalanmaya səbəb ola bilər”
İyunun 2-də Eçmiədzində bütün ermənilərin katolikosu II Qaraginin sədrliyi ilə Ali Ruhani Şuranın iclası keçirilib. Yığıncaqda Baş nazir Nikol Paşinyanın son günlər başlatdığı biabırçı anti-kilsə kampaniyası xüsusi diqqət mərkəzində olub.
Ali Ruhani Şurasının iclası son günlər Ermənistan hökuməti ilə Eçmiədzin kilsəsi münasibətlərində müşahidə olunan gərginliyə və qarşılıqlı şəkildə səslənən ittihamlara həsr olunub. Müzakirələrin yekununda Nikol Paşinyanın əleyhinə sərt bəyanat qəbul edilib.
O da məlumdur ki, 1991-ci ildə Ermənistan müstəqillik əldə edəndən Erməni Apostol Kilsəsi bu ölkədə ciddi təsir imkanlarına malik olub. Bu müddət ərzində bir neçə dəfə hakimiyyət dəyişsə də, kilsənin ölkədəki proseslərə təsiri ortadan qalxmayıb. Çünki Apostol kilsəsi Ermənistanda 10 illərlə radikal və terrorçu qrupların siyasi-ideoloji mərkəzi rolunu oynayıb. Ona görə də Ermənistanda kilsənin siyasi proseslərə təsiri güclüdür. Paşinyan isə revanşist müxalifətə dəstək verən erməni kilsəsini nəzarətə götürməklə öz hakimiyyətinə qarşı əsas təhlükə mənbələrindən birini neytrallaşdırmağa çalışır.
Maraqlıdır, son vaxtlar müşahidə edilən kilsə-hakimiyyət qarşıdurması Paşinyan üçün nə vəd edir? Bunun gələn il ölkədə keçiriləcək parlament seçkilərinə təsiri necə olacaq?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir ki, Paşinyanla kilsə arasında son dövrlərdə daha da kəskinləşən münasibətlər əslində yeni deyil: “Paşinyan hakimiyyətə gəldikdən qısa bir müddət sonra, xüsusən də İkinci Qarabağ müharibəsindən sonra biz kilsənin onun əleyhinə fəaliyyətə başladığını gördük. Bu, təkcə Paşinyanın Qarabağ məğlubiyyəti ilə bağlı deyildi. Bu, həm də Paşinyanın Qərbə yönəlik siyasəti ilə əlaqədar idi. Bu da onu göstərir ki, həm Paşinyanın daxildəki siyasi müxalifəti, həm də kilsə faktiki olaraq eyni mərkəzdən idarə olunur. Kilsənin bu gün Paşinyana qarşı hücumlarının arxasında böyük ölçüdə Rusiya faktoru dayanır. Rusiya uzun illər ərzində özünün yetişdirdiyi 5-ci kolonun Paşinyanla mübarizədə zəif qaldığını bildiyi üçün, eləcə də kilsənin erməni cəmiyyətinə təsir imkanlarını kifayət qədər yaxşı bildiyi üçün həmin qüvvələri bir araya toplamağa və onların imkanlarından maksimum istifadə etməyə çalışır. Paşinyan da kilsəni neytrallaşdırmaq üçün davamlı şəkildə onların əleyhinə mövqe sərgiləmək məcburiyyətində qalıb. Çünki Paşinyan da kilsənin gücünün fərqindədir. Bunu bildiyi üçün zaman-zaman kilsə ilə bağlı neqativ fikirləri ortaya atmaqla onların təsir imkanlarını zəiflətməyə çalışır. Təsadüfi deyil ki, bir müddət əvvəl kilsəyə yığılan ianələrin, vəsaitlərin haraya xərclənməsi ilə bağlı məsələ qaldırmışdı. Açıq şəkildə kilsəni vəsaitləri korrupsiya məqsədilə istifadə etməkdə ittiham etmişdi. Bu öz effektini verdi. Artıq ictimaiyyətdə kilsə ilə bağlı diskussiyalar başlayıb. Paşinyan gördü ki, bu cür faktları ortaya qoymaqla kilsənin mövqeyini zəiflətmək mümkündür. Ona görə də indi növbəti kampaniyaya start verib. Bu da təbiidir. Çünki Ermənistanda qarşıdan parlament seçkiləri gəlir. Parlament seçkilərində də kilsə ilə revanşist müxalifətin birgə hərəkət edəcəyi hamıya bəllidir. Ona görə də maksimum dərəcədə kilsəni neytrallaşdırmaq, onun ictimaiyyətə təsir imkanlarını azaltmaq üçün bu tədbirləri görür. Kilsə-hakimiyyət qarşıdurması erməni cəmiyyətində parçalanmaya səbəb ola bilər. Ancaq Paşinyan yalnız müdafiə mövqeyi tutsa, kütlə kilsənin arxasınca gedə bilər. Paşinyan da hücum mövqeyindən çıxış edərək seçkiyə qədər kilsənin mövqeyini zəiflətməyə çalışır. Fikrimcə, buna nail olacaq”.