Düşmənin informasiya təxribatı- Azərbaycan ərazisindən İrana hücum üçün istifadə olunmur – Deputat
Azərbaycan-İran münasibətləri növbəti dəfə bəzi dairələrin məqsədli təxribatlarının hədəfinə çevrilib. Bir sıra media qurumları və ona yaxın mənbələr son günlərdə ölkəmizlə bağlı reallığı əks etdirməyən iddialar tirajlamaqdadır. Bu iddialarda Azərbaycan İsrailin İrana qarşı hərbi planlarında vasitə kimi təqdim olunur, bəzi hallarda isə dron və raketlərin Azərbaycan ərazisindən qalxaraq İrana tuşlandığı iddia edilir.
Deputat Arzuxan Əlizadə məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında yayılan məlumatları qətiyyətlə təkzib edib və bildirib ki, bu kimi əsassız iddialar uzun illərdir davam edir:
“Cənub qonşumuz olan İranda müəyyən dairələr Azərbaycan-İsrail münasibətlərini özləri üçün təhdid hesab edərək ölkəmizə qarşı qara yaxma kampaniyası aparıblar. Bu, yeni deyil. İran mediasında belə yanaşmalar mütəmadi olaraq tirajlanıb və bu gün də eyni tendensiya davam etdirilir. Məqsəd Azərbaycan haqqında mənfi fikir formalaşdırmaq və iki ölkə arasında münasibətləri pozmaqdır”.
Deputat qeyd edib ki, Azərbaycan ərazisindən heç zaman başqa dövlətlərə qarşı istifadə edilməsinə imkan verilməyib:
“İran tərəfi çox yaxşı bilir ki, əvvəllər də bu cür cəhdlər olub, lakin Azərbaycan Prezidenti bu məsələ ilə bağlı birmənalı mövqe ortaya qoyub. Azərbaycan istənilən dövlətlə, o cümlədən İranla bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıdır. Biz heç bir halda ərazimizdən hərbi məqsədlərlə istifadə olunmasına razılıq verməmişik”.
Arzuxan Əlizadə əlavə edib ki, İranda milyonlarla azərbaycanlı yaşayır və onların təhlükəsizliyi, rifahı Azərbaycan dövləti üçün əsas prioritetlərdən biridir:
“Bizim üçün İran sadəcə qonşu deyil – orada yaşayan soydaşlarımız var. Ona görə də Azərbaycan heç zaman İrana qarşı yönəlmiş hər hansı layihənin və ya hərbi təşəbbüsün içərisində olmayıb və olmayacaq da”.
Deputat həmçinin vurğulayıb ki, bu təxribatların arxasında bəzi ermənipərəst qüvvələr də dayanır:
“Bu cür iddialar həm İranın bəzi media orqanlarında, həm də ermənilərə yaxın informasiya platformalarında tirajlanır. Məqsəd Azərbaycanı qaralamaq və dost ölkələrlə münasibətlərimizə xələl gətirməkdir. Amma nə qədər çalışsalar da, faktsız, sübutsuz bu yalanlarla Azərbaycanı nüfuzdan sala bilməyəcəklər”.