AMİP-30

Rəşad Bayramov: “Moskva ilə Vaşinqton İrana qarşı hücumu əvvəlcədən razılaşdırıb”

Birləşmiş Ştatların İrandakı nüvə obyektlərinə zərbə endirməsi Moskva və Vaşinqton arasında ikitərəfli dialoqa təsir etməyəcək, çünki bunlar müstəqil proseslərdir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“İranla tərəfdaşlığımız, strateji tərəfdaşlığımız var, lakin ABŞ-la da əlaqələrimizi bərpa etməyə çalışırıq. Hər ikisi bizim üçün çox vacib sahələrdir”, – o bildirib.

Ümumiyyətlə, hesab etmək olarmı ki, Putin Trapla anlaşa bilsə Rusiya İranı qurban verəcək? Maraqlıdır, Rusiya nəyin müqabilində bu addımı ata bilər?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, İsrailin İrana hücum qərarı bir günün içində qəbul olunmayıb: “Bununla bağlı uzun müddət idi hazırlıq prosesi gedirdi və İsrail bütün imkanları ilə müxtəlif vasitələrlə İranı birbaşa müharibəyə cəlb etməyə çalışırdı. Sonradan isə anti-İran koalisiyası vasitəsi ilə bu ölkəni əzmək üçün müvafiq fəaliyyət həyata keçirirdi. Qəzza zolağında HƏMAS-la müharibənin aparılması, ondan sonra HİZBULLAH-a qarşı əməliyyatların keçirilməsi, husilərə qarşı əməliyyatlar İrana ciddi zərbə oldu. Çünki bunlar İranın proksiləri idi. Bu əməliyyatlar böyük ölçüdə İranı da proseslərə cəlb etməyə hesablanmışdı. İran uzun müddət ərzində birbaşa müdaxilə etməyərək üzərinə gələ biləcək hücumlardan özünü qorumağa çalışsa da, amma İsrailin zərbələrindən sonra mütləq şəkildə cavab vermək məcburiyyətində idi. Nəticə etibarı ilə biz 11 günlük İsrail-İran savaşına şahidlik etdik. Bu müharibədə, əvvəldən də gözlənildiyi kimi, biz İranın yanında onun ənənəvi müttəfiqi kimi çıxış edən ölkələrdən heç birini demək olar görmədik. Düzdür, ayrı-ayrı ölkələr müvafiq bəyanatlarla çıxış etdilər, amma birbaşa hərbi dəstəyin verilməsində iştirak etmədilər. Bu da o anlama gəlir ki, İrana qarşı hərbi əməliyyatların keçirilməsindən öncə konkret olaraq İsrail və ABŞ, eləcə də digər müttəfiqləri tərəfindən həm Rusiya, həm də Çinlə bu və ya digər şəkildə danışıqlar aparılmışdı. Bu gün Rusiya ABŞ və İranla bağlı məsələni bir-birindən ayırdığını, İranın bombalanmasının bu münasibətlərə təsir etmədiyini deyəndə də müəyyən məsələləri görürük. Əslində biz onu görürük ki, Rusiya da İrana qarşı hərbi əməliyyatların keçiriləcəyini əvvəlcədən bilirdi. Vaşinqton-Moskva yaxınlaşmasının əsas elementlərindən biri də Rusiyanı İrandan uzaqlaşdırmaq idi. Bu ona hesablanmışdı ki, İrana qarşı əməliyyatlarda Rusiya neytral qalsın. Rusiyaya Ukraynaya qarşı müharibədə İranın pilotsuz aparatlarla yardım etməsi məlumdur. Ancaq bir müddət əvvəl İran və Rusiya arasında imzalanan strateji tərəfdaşlıq haqqında müqavilədə mümkün əməliyyatlar halında tərəflərin bir-birinə hərbi dəstək verməsi ilə bağlı müddəa həmin sazişdən çıxarıldı. Halbuki, Şimali Koreya ilə Rusiya arasında imzalanan müqavilədə qarşılıqlı hərbi yardım öhdəliyi var. Bu da o deməkdir ki, Rusiya faktiki olaraq ABŞ-ı böyük ölçüdə öz üzərinə çəkməmək baxımından belə edib. Bu, təkcə Ukrayna müharibəsi ilə bağlı deyil. Moskva ilə Vaşinqton İrana qarşı hücumu əvvəlcədən razılaşdırıb. Rusiya həm özünü qorumaq, həm də Ukraynada əməliyyatlar aparmaqdan ötrü İranı çox rahat qurban verdi. İndiki mərhələdə Rusiyanın başqa yolu yox idi. Çünki imkanları əvvəlki kimi deyil. Üstəlik, Ukrayna məsələsində ABŞ-ı neytral saxlamaqdan ötrü bu, Rusiya üçün bəlkə də həyati əhəmiyyətli idi”.