AMİP-30

Deputat: Bu, FTX-nin əməliyyatı sifariş əsasında həyata keçirdiyini göstərir

“Rusiyanın Yekaterinburq şəhərində yaşayan azərbaycanlılara qarşı zorakılıq edənlər dərhal məsuliyyətə cəlb edilməli və ən sərt şəkildə cəzalandırılmalıdırlar”.

Bu fikirləri Teleqraf-a açıqlamasında Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə deyib.

O bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməliyyatı istintaq hərəkətləri kimi qəbul edilə bilməz:

“Bu, işgəncə ilə müşayiət olunan zorakılıq aktıdır. Həmin hərəkətlər qanunazidd pozuntularla həyata keçirilib. Qarşı tərəf iddia edir ki, əməliyyat guya 21 il əvvəl baş vermiş qətlin motivləri əsasında aparılıb. İsgəncəyə məruz qalan, öldürülən şəxslər Rusiya vətəndaşları idilər, onlar istintaqa çağırılsaydılar, həmvətənlilərimiz sivil qaydada buna razı olacaqdılar. Cinayətin iştirakçısı olsalar belə FTX-nin zorakı addımları qəbuledilməzdir. Hadisənin iştirakçıları, əməliyyatın əmrini verənlər ən sərt şəkildə cəzalandırılmalıdırlar.

Bu hərəkətlər Rusiya-Azərbaycan münasibətlərinin ruhuna uyğun deyil. Azərbaycan Xarici İşlər Nazirliyi mövqeyimizi bəyan etdi, Rusiya rəsmiləri də mövqe bildirməli, günahkarlar isə qeyd etdiyim kimi, sərt şəkildə cəzalandırılmalıdır. Rusiya hüquq-mühafizə orqanlarının bu şəkildə hüquqazidd davranışı və amansız rəftarı əməliyyatın sifariş əsasında həyata keçirildiyini göstərir”.