Təyyarəmizi vurdular, indi xalqımıza əl qaldırırlar: Yekaterinburq olayları hara aparır?
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı həyata keçirilən xüsusi əməliyyat təkcə hüquqi yox, siyasi və etnik kontekstdə də ciddi narahatlığa səbəb olub.
Təhlükəsizlik qüvvələrinin yerli azərbaycanlılara qarşı nümayiş etdirdiyi sərt və qeyri-insani münasibət sosial şəbəkələrdə geniş rezonans doğurub. Hadisənin birbaşa Rusiya Federal Təhlükəsizlik Xidməti (FTB) tərəfindən həyata keçirilməsi isə məsələni daha da ağırlaşdırır.
Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan deputat, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə baş verənləri açıq şəkildə “dövlətin həyata keçirdiyi cinayət” adlandırıb və bunun cavabsız qalmayacağını bildirib. O, Rusiyada son dövrlərdə azərbaycanlılara qarşı artan təzyiqlərin, təhqir və zorakılıqların sistemli xarakter aldığını deyərək, bu siyasətin arxasında rəsmi dairələrin dayandığını vurğulayıb:
“Bu, təkcə hüquq pozuntusu deyil, Rusiya FTB-si tərəfindən açıq şəkildə təşkil edilmiş bir cinayətdir. Əgər kimsə hər hansı cinayətdə şübhəli bilinirsə, hüquqi prosedurla məsuliyyətə cəlb olunmalıdır. Amma adamı ailəsinin gözü qarşısında döymək, küçədə zor tətbiq etmək nə qanuna, nə də insanlığa sığır. Bu, vəhşilikdir”.
Arzuxan Əlizadə qeyd edib ki, əvvəllər bu tip etnik zorakılıqlar dövlətin dəstək verdiyi müxtəlif milliyyətçi qruplar tərəfindən həyata keçirilirdi. Bu dəfə isə vəziyyət dəyişib:
“İndi bu vəhşilik birbaşa dövlətin hüquq-mühafizə orqanları tərəfindən, gizli yox, açıq şəkildə həyata keçirilir. Bu, çox təhlükəli bir mərhələyə keçidin göstəricisidir. Artıq soydaşlarımızın Rusiyada yaşamaq və işləmək hüququ sorğulanır. Bu siyasət açıq-aşkar etnik təmizləmə niyyəti daşıyır”.
O, həmçinin baş verənlərin təsadüfi olmadığını və bütün bu proseslərin arxasında Azərbaycan-Rusiya münasibətlərinin geosiyasi fonunun dayandığını bildirib:
“Azərbaycanın başına gələn bir çox faciələrin kökündə Rusiya amili dayanıb. Yekaterinburqda yaşananlar bunun təkcə bir hissəsidir. Sərnişin təyyarəmizin vurulması da Rusiyanın törətdiyi bir cinayət idi. O cinayətə hələ də hüquqi və siyasi qiymət verilməyib. İndi isə bu açıq zorakılıqlar başlayıb. Amma hər şeyin cavabı olacaq. Bu proses cavabsız qalmayacaq, nə siyasi, nə də beynəlxalq müstəvidə”.
Sonda Arzuxan Əlizadə qeyd edib ki, Azərbaycan dövləti və cəmiyyəti bu hadisələrə adekvat reaksiya verməli, beynəlxalq təşkilatlar səviyyəsində məsələ qaldırılmalıdır:
“Bizə qarşı sistemli təzyiq siyasəti aparılır. Susmaq, görməməzlik, gələcəkdə daha ağır nəticələrə gətirib çıxara bilər. Azərbaycan öz vətəndaşlarını, soydaşlarını qoruyur. Hadisənin arxasında dövlət varsa, onun məsuliyyəti də dövlət səviyyəsində araşdırılır”.