AMİP-30
arzuxan

Azərbaycanla Özbəkistanın ortaq hədəfləri – ŞƏRH

“Azərbaycan və Özbəkistanı tarixi bağlar və ortaq strateji maraqlar birləşdirir”

“Azərbaycanla Özbəkistanı birləşdirən münasibətlər yalnız diplomatik əlaqələrlə məhdudlaşmır. Bu əlaqələr dərin tarixi, mədəni və strateji bağlara əsaslanır. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulsa da, sonrakı illərdə müxtəlif sahələr üzrə 200-dən çox saziş və müqavilə imzalanıb”.

Bu barədə Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan–Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Arzuxan Əlizadə bildirib.

Deputat qeyd edib ki, 2022-ci ilin avqustunda imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ölkələr arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir:

“Bu sənəd iki ölkənin artıq müttəfiq statusunda olduğunu təsdiqləyir. Özbəkistan eyni zamanda işğaldan azad edilmiş ərazilərə investisiya yatıran ikinci ölkədir. Füzuli şəhərində 960 şagird yerlik məktəb Özbəkistan hökumətinin vəsaiti ilə tikilərək istifadəyə verilib. Hazırda həmin məktəbdə 500-dən artıq şagird təhsil alır. Bundan əlavə, Xankəndidəki tikiş fabriki də artıq fəaliyyətə başlayıb”.

Arzuxan Əlizadənin sözlərinə görə, Azərbaycan–Özbəkistan münasibətləri təkcə, siyasi və diplomatik deyil, eyni zamanda iqtisadi sahədə də dərinləşməkdədir. Bu istiqamətdə Hökumətlərarası Müştərək Komissiya və Ali Dövlətlərarası Şura mühüm rol oynayır:

“İki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan–Özbəkistan İnvestisiya Fondu yaradılıb. Artıq bu fond vasitəsilə 10 layihənin icrasına start verilib. Gələcəkdə energetika, turizm, tikinti, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi planlaşdırılır”.

Deputat vurğulayıb ki, ölkələr arasında ticarət dövriyyəsinin həcmi hazırda 200 milyon dollar civarındadır, lakin qarşıya qoyulan məqsəd bu rəqəmi 1 milyard dollara çatdırmaqdır. Bu baxımdan nəqliyyat-logistika layihələri də xüsusi önəm daşıyır:

“Nəqliyyat infrastrukturu sahəsində görülən işlər, xüsusilə Transxəzər marşrutunun inkişafı, iki ölkə arasında əlaqələrin genişlənməsinə əlavə imkanlar yaradır. Bu, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində inteqrasiyanın gücləndirilməsinə töhfə verir”.

Arzuxan Əlizadə onu da bildirib ki, iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasındakı şəxsi dostluq münasibətləri də dövlətlərarası əlaqələrin inkişafına xüsusi təkan verir:

“Azərbaycan və Özbəkistan təkcə, ikitərəfli münasibətlərdə deyil, həm də İƏT, TDT kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində müttəfiq mövqe nümayiş etdirir. Gələcək hədəflərdən biri TDT çərçivəsində daha sıx siyasi, iqtisadi və mədəni inteqrasiya yolu ilə regionun mühüm qlobal qütblərdən birinə çevrilməkdir”.