AMİP-30

Rəşad Bayramov: “Azərbaycan tərəfinin Ukrayna ilə bağlı mövqeyi heç cür Rusiya tərəfini qane etmir”

Ukrayna münaqişəsi ilə bağlı fikir ayrılıqları Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı münasibətləri pozmamalıdır. Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib.

“Biz Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən xəbərdarıq. Burada bizim fikirlərimiz fərqlənir. Əvvəldən Prezident İlham Əliyev bu mövqedən çıxış edib. Biz əvvəldən bununla razılaşmadıq. Eyni zamanda, ümid edirik ki, bu fikir ayrılıqları ikitərəfli münasibətlərdə qısa soyuma dövrünü keçməyimizə maneə olmayacaq. Və ani vəziyyət naminə qarşılıqlı, qarşılıqlı faydalı maraqları qurban verməz”, – o vurğulayıb.

Müharibə başlayandan Azərbaycan birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Nəinki 24 fevral 2022-ci ildən sonra, 2014-cü ildə Krım ilhaq ediləndə də Azərbaycan bu mövqedə olub. O zaman Rusiya rəsmiləri niyə indi Prezident Əliyevin fikirlərinə bu dərəcədə həssas yanaşırlar?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov bildirdi ki, Azərbaycanla Rusiyanın Ukrayna müharibəsinə yanaşması hər zaman fərqli olub: “Azərbaycan müxtəlif platformalarda – istər daxili, istərsə də beynəlxalq platformalarda hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Orada baş verənləri bir işğal faktoru kimi qiymətləndirib və Ukraynanın suverenliyinə birmənalı olaraq dəstəyini ifadə edib. Rəsmi Bakının bu mövqeyi dəyişməz olaraq qalır. Təkcə Rusiya tərəfindən Ukraynada ayrı-ayrı ərazilərin işğal olunub referendum keçirilməsi dövrü yox, eləcə də Krımın ilhaqı dövründən etibarən Azərbaycan tərəfi həmin ərazilərin Ukraynaya məxsus olduğunu dəfələrlə bəyan edib. Həmin mövqe də dəyişmir və son mediaforumda ölkə başçısı ukraynalı jurnalistin sualını cavablandırarkən işğalla barışmayın tövsiyəsini verməklə bir daha Azərbaycanın mövqeyini ortaya qoydu. Təbii ki, Azərbaycan tərəfinin bu mövqeyi heç cür Rusiya tərəfini qane etmir. Hər nə qədər Zaxarova “bu fikir ayrılıqları bizim münasibətlərə təsir etməməlidir” desə də, əslində Moskvanın bu mövqeyə görə Bakıya təzyiqlər etdiyi də məlumdur. Moskva münasibətlərin normallaşdırılması üçün konkret addımlar atsa yaxşıdır, nəinki bu cür bəyanatlarla çıxış etmək. Təbii ki, Azərbaycan işğaldan əziyyət çəkən ölkə olaraq heç bir halda hansısa ölkənin işğala təslim olmasını arzulamır. Azərbaycanla Rusiya arasında münasibətlərin hansı vəziyyətdə olmasından asılı olmayaraq, Azərbaycanın bununla bağlı mövqeyində hansısa dəyişiklik olmayacaq. Rusiya iki ölkə arasında münasibətlərin pozulmasını meydana gətirən şərtlərin aradan qaldırılması istiqamətində müvafiq addımlar atmalıdır. Söhbət təyyarəmizin vurulması və ondan sonra baş verənlərdən, davamlı şəkildə aparılan anti-Azərbaycan təbliğatından, soydaşlarımızın saxlanılmasından, iş adamlarımıza hücumlardan gedir. Bütün bunlar dayandırılacaqsa, o zaman iki ölkə münasibətləri normallaşacaq. Azərbaycan maraqlı deyil ki, Rusiya ilə münasibətlər gərgin olsun”.