AMİP-30

“Heç bir dövlət sülh prosesində vasitəçi qismində iştirak etməyəcək” – Deputat

“Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirmədən, sülh müqaviləsi imzalana bilməz”.

Bu barədə 525.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddilarını çıxarmalı, eyni zamanda, ATƏT-in Minsk qrupunun onsuz da mövcud olmayan missiyasından rəsmi şəkildə imtina etməlidir.

ABŞ-nin sülh prosesdə hansı rolu oynaya biləcəyinə gəlincə, deputat bildirib ki, artıq uzun müddətdir ki, Azərbaycan ikitərəfli danışıqlara üstünlük verir və Ermənistan bunu bir qədər gec olsa da, qəbul edib:

“İkitərəfli danışıqların artıq ortada nəticələri var. Bu baxımdan istər Birləşmiş Ştatlar, istər digər ölkələr olsun, heç bir halda vasitəçi qismində iştirak etməyəcəklər. Məlumat yayılıb ki, Ağ Evdə Azərbaycan və Ermənistan liderləri qəbul ediləcəklər. Bu qəbul, görüş yalnız ABŞ-nin ev sahibliyi qismində ola biləcək. Yəni Birləşmiş Ştatlar bu məsələdə vasitəçi qismində iştirak etməyəcək. Bu, birmənalıdır. ABŞ Minsk qrupunun həmsədrlərindən biri idi. Digər həmsədrlər olmuş Rusiya və Fransa özlərinin nümayiş etdirdikləri qeyri-konstruktiv mövqeyə görə onsuz da kənarda qalıblar. Vaşinqton yaranmış vəziyyətdən istifadə edərək özünün prosesdə iştirakını diqqətə gətirib. Ötən ay Əbu-Dabidə Azərbaycan və Ermənistan liderləri arasında 5 saatlıq görüş oldu. ABŞ Dövlət Departamenti bu görüşün pozitiv keçdiyini, sülh sazişinin imzalanmasında Birləşmiş Ştatların maraqlı olduğunu açıqladı. Sülhlə bağlı təklif də ilk olaraq beynəlxalq hüququn beş baza prinsipi əsasında bizim tərəfimizdən irəli sürülüb. Bakının tələbləri yerinə yetiriləcəyi təqdirdə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Mən bunun yalnız Ermənistandakı parlament seçkilərindən sonra mümkün olacağını proqnozlaşdırıram. Çünki ona qədər Ermənistan konstitusiya dəyişikliyinə getməyəcək, ən yaxşı halda seçkilərlə eyni gündə referendum keçirilməsi mümkündür. İstənilən halda, proses yaxınlaşmaq üzrədir”.

Deputat hesab etmir ki, Ermənistan Bakının iki tələbilə bağlı öhdəlik götürməklə saziş imzalansın: “İrəvandan belə təkif olmuşdu ki, əvvəl sülh sazişi imzalansın, sonra digər məsələləri həll edəcək. Bu, birmənalı şəkildə ola bilməz. Ən azından ona görə ki, ərazi iddiaları olan bir ölkə ilə necə sülh müqaviləsi imzalana bilər, bu, nonsesdir”.

A.Əlizadə onu da vurğulayıb ki, Ermənistanda əvvəlki administrasiyalara rəhbərlik edənlər – Köçəryan, Sarkisyan Rusiyanın marionet qüvvələri idi, indi də Moskva yeni qüvvələr üzə çıxarmağa çalışır: “Onlardan biri də Samvel Karapetyan idi, hazırda Ermənistanda türmədədir. Ara Abramyanı üzə çıxarıblar, kilsəni hərəkətə gətiriblər. Təəssüf ki, şimal qonşumuz bu prosesdə dinc dayanmır, sülh sazişinin imzalanmasına mane olmağa çalışır. Amma əvvəlki gücündə deyil. İndi Ermənistan hökuməti anlayır ki, nə Rusiya, nə Fransa, nə ABŞ bölgədə ona hər hansı formada dəstək ola biləcək. Öz qondarma dövlətini bu arealda qoruyub saxlamaq istəyirsə, kommunikasiyaların açılmasının tərəfdarıdırsa, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır”.