Rəşad Bayramov: “Rusiya rəsmisinin müqayisəsi məntiqli deyil”
MDB Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanmış sənədlərin sülh sazişi üçün əsas olacağına ümid edir. Bunu MDB-nin baş katibi Sergey Lebedev deyib.
“Biz Birlik ölkələrində bir vaxtlar Qırğızıstan və Tacikistan arasında dövlətlərarası sərhəd haqqında sazişin imzalanmasını alqışladığımız kimi, indi də hesab edirik ki, bu, Azərbaycan və Ermənistan arasında fikir ayrılıqlarının yekun həlli və sülh sazişinin bağlanması yolunda mərhələlərdən biridir”, – deyə Lebedev bildirib.
Sülh sazişinin MDB ali orqanlarının iclaslarının Ermənistan və Azərbaycan ərazisində daha dolğun keçirilməsinə imkan verəcəyini deyən RF rəsmisi ümidvar olduğunu bildirib ki, bundan sonra Ermənistan və Azərbaycan MDB-nin fəaliyyətlərində daha fəal iştirak edəcəklər.
Göründüyü kimi, Lebedev Azərbaycan-Ermənistan münasibətlərini Tacikistanın Qırğızıstanla olan münasibətləri ilə müqayisə edir. Onun bu müqayisəsi nə qədər doğrudur?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, Rusiya rəsmisinin məlum müqayisəsi məntiqli deyil: “Bəli, SSRİ süqut edəndən sonra Tacikistan və Qırğızıstan arasında sərhəd məsələləri ilə bağlı mübahisələr ortaya çıxmağa başladı. Nəticə etibarı ilə zaman-zaman bu problemlərdən doğan münaqişələrin şahidi olduq. Ancaq bu problemlər Rusiyanın imperiya siyasətindən qaynaqlanırdı. Rusiya həmin dövlətlər onun tərkibində olarkən sərhədləri düzgün, ədalətli müəyyən etsəydi, bu münaqişələr baş verməzdi. Ancaq Rusiya imperiya siyasətindən çıxış edərək məqsədyonlü şəkildə respublikalar arasında mübahisəli sərhədlər formalaşdırırdı ki, bütün respublikalar Moskvadan asılı olsun. Bax məsələnin kökü buradadır. Sözügedən məsələnin illər ərzində bir neçə dəfə müzakirə edilməsinə baxmayaraq, nəhayət Qırğızıstan və Tacikistanın siyasi iradəsi ilə həll edildi. Hər iki ölkə rəhbərliyi siyasi iradə ortaya qoyaraq sərhəd mübahisəsinə son qoydular. Ancaq Azərbaycanla Ermənistan arasında yaranan problem fərqli idi. Birincisi, Azərbaycanın tarixi ərazilərində yoxdan Ermənistan yaradıldı və bunda Rusiyanın da rolu böyük idi. Çünki Cənubi Qafqazda erməniləri kütləvi məskunlaşdıran Rusiya imperiyası olub. İkincisi, Rusiyada hakimiyyətə gələn bolşeviklər 1920-ci ildə Azərbaycanı işğal etdikdən sonra Zəngəzur və Göyçə daxil olmaqla 20 min kvadrat kilometr ərazimizi Ermənistana peşkəş etdi. Həmçinin Qarabağda ermənilərə muxtariyyət verildi. Üçüncüsü, sonrakı dövrlərdə də SSRİ rəhbərliyi ərazilərimizi hissə-hissə qopararaq Ermənistana verib. Ermənistanda yaşayan soydaşlarımızın böyük bir hissəsi 1948-1953-cü illərdə deportasiya edilib. Daha sonra 1988-ci ildə məlum hadisələr baş verəndən sonra bilavasitə Rusiyanın yardımı ilə Ermənistan ərazilərimizi işğal edib. Yaxşı olardı ki, Lebedev bu məqamlara toxunsun. Yoxsa süni müqayisələr aparmaqla Rusiyanın rolunu şişirtməyin bir mənası yoxdur. Azərbaycan Ermənistanla ikitərəfli danışıqlar aparmaqla problemləri həll edir”.