AMİP-30

Azərbaycanda əcnəbi vətəndaşların hərəkətlərini tənzimləyən əlavə qanuna ehtiyac varmı? – DEPUTAT AÇIQLADI

Azərbaycan milli və mənəvi dəyərlərinə hörmət göstərən öncül ölkələrdən biridir. Tarixi, musiqisi, abidələri, şairləri, adət-ənənələri, ailə dəyərləri və vətənpərvərliyi ilə seçilən Azərbaycan xalqı isə həmişə öz irsinə sahib çıxmış, ulu babalarına, vətən uğrunda qəhrəmanlıq göstərənlərə hörmət etmiş və bu uğurda canından keçənləri yaddaşından silməmişdir. Belə bir xalqı olan ölkənin şəhidinə hörmətsizlik isə birmənalı olaraq qəbuledilməzdir.

Söhbət avqustun 13-də Şəhidlər xiyabanında şəhidlərimizin məzarları önündə əxlaqsız hərəkətlər edən ərəblərdən gedir. Azərbaycan xalqının məğrur duruşu və dövlətimizin qanunvericiliyi sayəsində həmin şəxslər məsuliyyətə cəlb olundular.

Bəs bu kimi halların bir daha təkrarlanmaması üçün hansı tədbirlər görülməlidir? Bunun üçün ayrıca qanun qəbul edilməlidirmi?

Məsələ ilə bağlı Patrulaz.az-a Milli Məclisin deputatı, ictimai-siyasi xadim Arzuxan Əlizadə fikirlərini bölüşüb.

Deputatın fikrincə, Azərbaycan qanunvericiliyində xarici ölkə vətəndaşlarının dövlət qanunlarına zidd hərəkətləri ilə bağlı kifayət qədər maddələr mövcuddur. Onun sözlərinə görə, bu səbəbdən əlavə qanun qəbul edilməsinə ehtiyac yoxdur:

“Azərbaycanın müxtəlif sahələri əhatə edən qanunvericilik bazası mövcuddur. İstər Azərbaycan vətəndaşları, istərsə də ölkəmizdə yaşayan, vətəndaşlığı olmayan şəxslər və ya əcnəbi vətəndaşlar, eləcə də turist qismində iş vizası ilə və digər məqsədlər üçün gələn xarici vətəndaşlar da həmin qanunlar çərçivəsində fəaliyyət göstərməyə məcburdurlar. Yəni, bu insanlar olduqları ölkənin qanunlarına əməl etməyi öhdələrinə götürməlidir. Hər bir şəxsin vəzifə borcu getdiyi ölkənin qanunları çərçivəsində fəaliyyət göstərməsidir. Bu konteksdə məsələyə yanaşıldıqda, əcnəbilərin ölkəmizdəki qeyri-etik hərəkətləri ilə bağlı əlavə qanunların qəbul edilməsinə heç bir ehtiyac yoxdur”.

A. Əlizadə sözügedən şəxslərin hərəkətinin cəzasız qalmamasını yüksək qiymətləndirərək bildirir ki, hər bir xarici ölkə vətəndaşı getdiyi ölkənin qanunlarına əməl etməli, əks halda isə mütləq cəzalandırılmalıdır:

“Bu yaxınlarda Şəhidlər xiyabanında üç əcnəbi vətəndaşın qeyri-etik, əxlaqdan kənar hərəkətlər etməsi ilə bağlı məsələyə gəldikdə, biz onların Azərbaycana məxsus qanunlar üzrə cinayət məsuliyyətinə cəlb olunmalarının şahidi olduq. Onlar barəsində həbs qətimkan tədbiri seçildi və cinayət məcələsinin müvafiq maddəsi ilə də cəzalandırılacaqlar. Əlbəttə ki, istintaq prosesləri başa çatdıqdan sonra bununla bağlı artıq məhkəmə müstəvisində qərar veriləcək. Məsələyə bu kontekstdən yanaşaraq vurğulamaq istəyirəm ki, Azərbaycanda mükkəməl qanunvericilik bazası var və insanların həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb olunmaması üçün sözügedən qanunlara riayət etməsi vacib şərtlərdəndir. Necə ki, biz xarici ölkələrə getdikdə, onların qanun və qaydalarına riayət etməyi üzərimizə bir öhdəlik olaraq götürürük. Eləcə də hansı məqsədlərə görə ölkəmizə gəlmələrindən asılı olmayaraq, Azərbaycanda istənilən əcnəbi vətəndaş ölkəmizin qanunverivilik tələblərinə uyğun olaraq addımlar atmalıdır. Əks halda ya inzibati, ya da cinayət məsuliyyətinə alınma risqi ilə üz-üzə olacaqlar. Çünki Azərbaycanda baş verən istənilən qanundankənar əməl ölkəmizin qanunvericiliyi ilə cəzalandırılır”.