AMİP-30

Cənubi Qafqazda gərginlik yaratmaq istəyənlər qarşılarında Azərbaycanı görəcək – Deputat

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycanın gələcək inkişaf strategiyası, Türk dünyası və bütövlükdə Avrasiya coğrafiyasında oynadığı əhəmiyyətli rolu və bununla bağlı beynəlxalq aləmə ciddi mesajlar verib.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, Azərbaycan İkinci Qarabağ savaşından sonra yaratdığı reallıqlar dünya tərəfindən qəbul edilir və Bakı bu reallığın şərtlərinə uyğun olaraq yürütdüyü uğurlu diplomatiya nəticəsində öz hədəflərinə nail olmaqdadır:

“Birincisi, Prezident hədəflərə xidmət edən siyasəti nəticəsində işğala son verərək Azərbaycanın suverenliyini bərpa edib.

İkincisi, Azərbaycan bölgədə dayanıqlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə Cənubi Qafqazda sülh gündəliyinin memarı və onun təminatçısıdır.

Üçüncüsü, sülh sazişinin imzalanması formal xarakter daşıyır. Yekun sülh imzalamaq üçün yeganə problem Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə qarşı iddiadır. Bu məsələ həllini tapandan sonra yekun sülh sazişi imzalanacaq.

Dördüncüsü, Cənubi Qafqazda gərginlik yaratmaq istəyənlər qarşılarında Azərbaycanı görəcək.

Beşincisi, 8 avqustda Vaşinqtonda sülh sazişinin paraflanması və yekun sülh sazişi həm Cənubi Qafqaz regionu, həm Mərkəzi Asiya, Yaxın Şərq, bütövlükdə Avrasiya coğrafiyasında əməkdaşlıq üçün daha geniş imkanlar açır.

Altıncısı, Azərbaycan Avrasiya məkanında yeni bağlantı əlaqələrini yaradan xətlərin xəritəsini cızan ölkədir.   

Yeddincisi, Zəngəzur dəhlizi də bu logistik xətlərin tərkib hissəsi kimi, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən dəhlizin qovşağı olduğundan Avrasiya coğrafiyasında yerləşən ölkələrin əksəriyyəti bundan  yalnız faydalanacaqlar”.

Deputat əlavə edib ki, müsahibənin ən mühüm mesajlarından biri isə Türk dünyasının yeni dünya nizamının formalaşmasında qlobal oyunçu kimi meydana çıxmasında Azərbaycanın rolu ilə bağlıdır: “Prezident beynəlxalq aləmə mesaj verdi ki, Türk dünyası Avrasiyada geniş coğrafiyaya malik olmaqla yanaşı, çox böyük iqtisadi resurslara malik bölgəni əhatə edir. Bu gün Avrasiya coğrafiyasındakı logistik layihələrin türkdilli ölkələrin iştirakı olmadan reallaşması mümkünsüzdür. 

Prezidentin “Türkiyə qlobal miqyasda aparıcı hərbi gücdür və Türkiyə ordusu NATO daxilində ABŞ-dən sonra ikinci yerdədir. Azərbaycan ordusu da özünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirdi. Bizim fikrimiz beynəlxalq arenada rol oynaya bilən, təkcə daxili məsələlərlə məşğul olmayan qlobal oyunçuya çevrilməkdən ibarətdir ki, həm də beynəlxalq arenada sabitləşdirici, müsbət rol oynasın və qonşular üçün imkanlar yaratsın”, – mesajı isə o demək idi ki, türk dünyası təkcə siyasi, iqtisadi cəhətdən deyil, həm də hərbi cəhətdən də qüdrətlidir. Bu isə o deməkdir ki, Prezidentin əsas hədəfi türk dünyasının yeni dünya düzənində ciddi qlobal oyunçu rolunda çıxış etməsinə nail olmaqdır. İnanıram ki, yürüdülən uğurlu diplomatiya nəticəsində Azərbaycan türk dünyasının fəal qlobal oyunçu kimi beynəlxalq arenada sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunub, yeni qarşılıqlı maraqlara xidmət edən bərabərhüquqlu əməkdaşlıq formatlarının yaradılmasında müstəsna rol oynayacaq”.