AMİP-30

Deputat: “Sədərək”də, hadisə baş verən ərazidə liman tikiləcəyi ilə bağlı fikirlər həqiqətəuyğun görünmür

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş verən şiddətli yanğın barədə müzakirələr davam edir. Sözügedən ərazinin gələcəkdə guya Bakı Limanı ilə birləşdiriləcəyi səbəbindən hadisənin qəsdən törədildiyi barədə iddialar var.

Mili Məclisin deputatı Arzuxan Əlizadə Pravda.az-a açıqlamasında deyib ki, baş verən yanğın hadisəsi barədə istintaq davam edir və istintaq yekunlaşandan, konkret orqanın rəyi olandan sonra düzünə və ya dolayı qəsd olub-olmadığı barədə fikir bildirmək olar.

“Hadisə ehtiyatsızlıqdan, qısa qapanmadan da baş verə bilər. Belə hadisələrdən sonra cəmiyyətdə həmişə müxtəlif fikirlər səsləndirilir, şayiələr yayılır, kimlərsə tərəfindən məqsədyönlü törədildiyi barədə iddialar səsləndirilir. İstintaqın başa çatmasını gözləyək. Mətbu orqanlar da bu məsələdə rəsmi məlumatlara istinad etsələr, daha məqsədəuyğun olar. Hadisə baş verən ərazidə liman tikiləcəyi ilə bağlı fikirlər isə həqiqətəuyğun görünmür. İstənilən halda, hadisələri qabaqlamamağı üstün tuturam. Konkret olaraq yanğında kimlərinsə marağı olubsa, bu maraq hansı gələcək hədəfləri özündə ehtiva edirsə, yəqin ki, yaxın zamanda məlumatlanacağıq. Bundan sonra müvafiq açıqlamamız olar. Bu cür yanğın hadisələrinin baş verməməsi üçün çox ciddi önləyici tədbirlər görülməli, yanğına qarşı mübarizə vasitələri mükəmməl olmalıdır. Təbii ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları bununla bağlı xəbərdarlıq da edirlər, yoxlamalar aparırlar. Görünən isə budur ki, böyük obyektlərdə sahibkarlara çox böyük maliyyə itkisi ilə nəticələnən yanğınlar baş verirsə, deməli, bunu önləmək üçün də ciddi tədbirlər görülməlidir”, – deputat bildirib.