Azərbaycan diplomatiyasının uğuru: Minsk qrupu buraxıldı
“ATƏT-in Minsk qrupunun buraxılması Azərbaycan diplomatiyasının növbəti uğurudur”.
Bu sözləri Azərbaycan İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Azərbaycan uzun müddətdir ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı mövqeyini sərgiləyirdi:
“Ermənistana bu məsələ ilə bağlı birgə müraciət təklif olunmuşdu. Lakin təəssüf ki, rəsmi İrəvan uzun müddət ərzində digər məsələlərdə olduğu kimi bu məsələdə də qeyri-konstruktiv mövqe sərgilədi. Lakin nəhayət 8 avqustda Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı müraciət ünvanlandı”.
Partiya sədri vurğulayıb ki, müraciət cavabsız qala bilməzdi:
“Çünki münaqişə tərəfləri adlandırılan Azərbaycan və Ermənistan bu qurumun mövcudluğuna xitam verilməsi ilə bağlı birgə müraciət ediblər. Minsk qrupunun həmsədrlərindən olan ABŞ-nin də bununla bağlı mövqeyi ortadadır.
Üstəlik, Fransa da bunun ləğvi ilə bağlı öz mövqeyini bildirmişdi. Təbii ki, belə vəziyyətdə ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırmağa məhkum idi. Bunu Azərbaycanın müharibə meydanında qazandığı uğurun diplomatik müstəvidə də növbəti dəfə təkrarlanması deməkdir.
Bu, Azərbaycan diplomatiyasının, Azərbaycan dövlətinin böyük uğurudur. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin növbəti dəfə təsdiqidir. Azərbaycanın haqlı tələbləri artıq yerinə yetməkdədir. Biz reallıqları dəyişirik və bütün aparıcı dünya dövlətləri də ölkəmizin haqlı mövqeyi ilə hesablaşmaq məcburiyyətindədir”.
Millət vəkili qeyd edib ki, ATƏT-in Minsk qrupu 30 ilə yaxın cinayətkarcasına fəaliyyətsizlik göstərməklə faktiki olaraq işğal altında olan ərazilərin Ermənistanın xeyrinə rəsmiləşdirmə siyasəti yürüdürdü:
“Lakin öz çirkin məqsədlərinə nail ola bilmədilər.
Azərbaycanın mövcud reallıqlarla barışmasın istəyirdilər. Biz dövlət və millət olaraq öz siyasi iradəmizi ortaya qoymaqla reallıqları dəyişdik. O reallıqlar artıq diqtə etdi ki, ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilsin. Əslində, bu bədnam qurum bundan sonra da tarixdə öz vəzifəsinin öhdəsindən gəlməyən, vasitəçilik missiyası əvəzinə tərəf tutaraq, ədalətsiz bir mövqe sərgiləyən qurum kimi qalacaq”.
Xatırladaq ki, bu gün ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.