AMİP-30

AMİP XIII Qurultayına Doğru: Regionlarda Hesabat-Seçki Konfransları Yekunlaşır

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) növbəti – XIII Qurultayının keçirilməsi istiqamətində hazırlıq prosesi sürətlə davam edir. Partiyanın Nizamnaməsinə uyğun olaraq ölkənin müxtəlif rayon və şəhərlərində hesabat-seçki konfransları yekunlaşmaq üzrədir. Bu konfransların əsas məqsədi partiya təşkilatlarının fəaliyyətini qiymətləndirmək, yeni idarəetmə heyətlərini formalaşdırmaq və qarşıdan gələn qurultayda iştirak edəcək nümayəndələri seçməkdir.
Bu çərçivədə 1 sentyabr 2025-ci il tarixində Masallı rayon təşkilatınının strukturlarının yenidən formalaşması prosesi ilə bərabər, Lənkəran ŞT -da, Lerik və Astara rayon təşkilatlarında növbəti konfranslar keçirilib. Tədbirlərdə AMİP-in qarşıdakı siyasi kursu, ölkədə gedən ictimai-siyasi proseslər və partiyanın strateji hədəfləri ətrafında geniş müzakirələr aparılıb. Konfrans iştirakçıları, həmçinin hesabat dövründə görülmüş işlər barədə məlumatlandırılıb və qarşıya qoyulan yeni vəzifələr müəyyən edilib.
Konfranslarda AMİP Nizamnaməsinə müvafiq olaraq rayon (şəhər) təşkilatlarının İdarə Heyətləri yenidən formalaşdırılıb, partiyanın növbəti qurultayında təmsil olunacaq nümayəndələr seçilib.
Tədbirlərdə AMİP Sədri, millət vəkili Arzuxan Əlizadə çıxış edərək ölkədə mövcud ictimai-siyasi vəziyyət, yeni hədəflər demokratik inkişaf və partiyanın qarşısında duran əsas prioritetlər barədə ətraflı məruzə ilə çıxış edib. O, qarşıdakı qurultayın AMİP-in siyasi xəttində mühüm mərhələ olacağını vurğulayaraq, bütün təşkilatları daha fəal olmağa çağırıb.
Konfranslarda, həmçinin AMİP Siyasi Şurasının üzvü Təbriz Musayev, partiya sədrinin Təşkilat məsələləri üzrə müavini Afsəddin Nəbiyev, Seçki məsələləri üzrə müavini Yəhya Həsənov iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan Milli İstiqlal Partiyasının XIII Qurultayının sentyabr ayının sonlarında keçirilməsi nəzərdə tutulur. Qurultayda təşkilati məsələlərlə yanaşı, ölkənin ictimai-siyasi gündəliyi və partiyanın yeni dövrdə qarşısında duran hədəflər geniş müzakirə olunacaq.