AMİP-30

Rəşad Bayramov: “Azərbaycanla bağlı aparılan kampaniya birbaşa Moskvanın rəsmi mövqeyidir”

Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Aleksey Çepa Moskva-Bakı münasibətləri ilə bağlı diqqətçəkən açıqlama verib. Deputat bildirib ki, bütün çətinliklərə baxmayaraq, Rusiya və Azərbaycan arasındakı dostluğun bərpası labüddür.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq qarşıdurmadan qat-qat daha faydalıdır, xüsusilə də iqtisadi sahədə: “Dostluq münasibətlərinin və iqtisadi maraqların inkişaf perspektivləri çox böyükdür. İstənilən halda istiləşmə qaçılmazdır – bu, sadəcə zaman məsələsidir. Sual yaradan məqamlar var, amma yavaş-yavaş hamısı həll ediləcək”.

Burada diqqəti çəkən və qəribə məqam odur ki, belə açıqlamalara baxmayaraq, Azərbaycana qarşı təzyiqlər, hibrid hücumlar, diaspor təmsilçilərinin həbsi səngimir. Ən son Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ölkəmizlə əlaqələr barədə müsbət fikir dedi, amma bundan dərhal sonra Krasnodardakı “Köhnə Bakı” restoranının sahibi Şahlar Novruzov həbs edildi.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, Aleksey Çepa tutduğu statusa görə təbii ki, başqa cür mövqe ortaya qoya bilməz: “Təbii ki, o da Overçuk və daha bir neçə şəxslər kimi Azərbaycan-Rusiya münasibətlərinin normallaşacağı, yaxud da bu istiqamətdə müvafiq işlərin görüləcəyi ilə bağlı müsbət mesajlar verir. Ancaq çox təəssüf ki, bu mesajlar sadəcə quru bəyanat xatirinə verilən açıqlamalardır. Yəni hər kəs kifayət qədər yaxşı bilir ki, bu gün Rusiyanın Azərbaycanla bağlı apardığı kampaniya birbaşa Moskvanın rəsmi mövqeyidir. Rusiyada kiminsə Putinin iradəsindən kənarda şəxsi mövqe bildirməsi, kimisə təhdid etməsi, kimisə dost, digərini düşmən elan etməsi faktiki olaraq mümkün olan iş deyil. O baxımdan bu gün Rusiya mediasında Azərbaycanla bağlı aparılan təbliğat, Dumanın ayrı-ayrı üzvlərin, ekspertlərin, aparıcıların Azərbaycanla bağlı təhdidləri və s. hamısı bir mərkəzdən idarə edilir. Təbii ki, Azərbaycan olaraq Rusiya ilə münasibətlərin normallaşmasında, bu gərginliyin aradan qaldırılmasında maraqlıyıq. Ancaq problem ondadır ki, bu gərginliyin səbəbi bizdən qaynaqlanmır. Rusiya rəsmiləri Azərbaycanla dostluğun bərpasından danışırlarsa, o zaman ilk növbədə bu gərginliyin meydana gəlmə səbəblərinin aradan qaldırılması istiqamətində hansısa addımlar atmaq lazımdır. Biz təyyarəmizin vurulmasına görə üzr istəməyi, günahkarları cəzalandırmağı istədiyimiz halda diaspor təmsilçilərimizə qarşı vəhşiliyin edilməsini görürük. Buna etiraz etdiyimiz halda iş adamlarımıza qarşı hücumlar daha da güclənir. Belə olan halda hansı normallaşmadan söhbət gedə bilər? Rəsmi Moskva normal münasibətlər qurmaq istəyirsə, bütün bunların aradan qaldırılması ilə bağlı konkret addımlar atmalıdır. Yoxsa xoş bəyanatlardan sonra heç nə dəyişmirsə, deməli Rusiya rəsmilərinin bəyanatları səmimi deyil”.