AMİP-30

Afsəddin Nəbiyev: “Azərbaycanın sərgilədiyi prinsipial mövqe Orta Asiya ölkələrini cəsarətləndirir”

Özbəkistanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya XİN-ə rəsmi nota göndərib. Daşkənd Rusiyada taksi sürücüsü işləyən özbək miqrantı təhqir edən kişinin şəxsiyyətinin müəyyən olunmasını, onun barəsində qanunvericiliyə uyğun tədbirlər görülməsini tələb edir. Bu barədə Özbəkistan XİN-in mətbuat katibi Axror Burxanov məlumat verib.

Avqustun sonunda yayılan videoda Moskvaya yaxın Ximki şəhərində rusca danışan bir şəxsin miqrant taksi sürücüsünü təhqir etdiyi görünür. Həmin kişi taksi sürücüsünə qışqıraraq “Sən qulsan, rusların qulusan! Özbəkistanda özünə heç nə tapmadın, buraya gəldin. Öz evində deyilsən, işləmək üçün gəlmisən – işlə!” deyir, söyüş işlədir.

Özbəkistan XİN son üç ayda Rusiya XİN-ə ikinci dəfədir nota göndərir. İyunda Moskvada miqrantların qaldığı yataqxanada OMON zorakı reyd keçirmişdi. Daşkənd Moskvadan hadisəyə hüquqi qiymət verilməsini tələb etmişdi. Notada Rusiyada Özbəkistan vətəndaşlarına qarşı icazəsiz axtarışlar və kobud rəftar hallarından narahatlıq bildirilmişdi.

Burada diqqəti çəkən məqam odur ki, məlum hadisələrlə bağlı Azərbaycanın Rusiyaya qarşı qətiyyətli mövqe sərgiləməsi Orta Asiya dövlətlərini bu kimi məsələlərdə cəsarətləndirib. Rus şovinizminə qarşı etiraz edirlər. Artıq bu kimi pozuntuları Moskvanın xoşuna gəlməz deyə görməzdən gəlmirlər.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Özbəkistan tərəfinin Rusiyaya göndərdiyi nota təsadüfi hadisə deyil: “Taksi sürücüsü işləyən bir özbək miqrantın təhqir olunması artıq təkcə fərdi insident kimi qəbul edilmir. Bu, Rusiya cəmiyyətində illərdir kök salmış şovinizmin, miqrantlara qarşı laqeydliyin və “üstün millət” düşüncəsinin nəticəsidir. Özbəkistanın sərgilədiyi qətiyyətli mövqe isə göstərir ki, Orta Asiya ölkələri artıq bu kimi haqsızlıqları görməzdən gəlməyəcək. Proses davam edəcək. Burada diqqəti çəkən vacib məqam Azərbaycanın mövqeyidir. İllərdir Rusiyanın təzyiqlərinə və ikili standartlarına qarşı sərgilənən prinsipial davranış, Qarabağ məsələsində göstərilən qətiyyət digər dövlətlərə də örnək oldu. Məhz buna görə Orta Asiya respublikaları da bu gün Moskvaya “dayan” deməkdən çəkinmirlər. Rus şovinizmi təkcə miqrantların gündəlik həyatında təhqir və təzyiqlər kimi təzahür etmir. O, həm də beynəlxalq siyasətdə “böyük qardaş” iddiası, qonşu xalqlara təhdid və işğal kimi özünü göstərir. Ukraynaya qarşı davam edən qanlı müharibə bunun bariz nümunəsidir. Rusiyanın aqressiyası nəticəsində minlərlə dinc insan həlak olub, milyonlarla insan evindən didərgin düşüb. Bu gün sual açıq qalır: daha nə edilməlidir ki, Rusiya dayandırılsın? Beynəlxalq ictimaiyyətin qınağı, sanksiyalar, diplomatik təzyiqlər indiyə qədər kifayət etməyib. Deməli, yeni yanaşma zəruridir. Bu yanaşma həm siyasi, həm də ictimai müstəvidə daha sərt və qətiyyətli olmalıdır. Miqrantların hüquqlarının qorunması, xalqların milli ləyaqətinin müdafiəsi yalnız hüquqi məsələ deyil, həm də siyasi iradənin göstəricisidir. Orta Asiya dövlətlərinin səslərinin ucalması isə göstərir ki, artıq Moskvanın istədiyi kimi “susqun zona” yoxdur. Əksinə, yeni bir regional həmrəylik formalaşır – şovinizmə, zorakılığa və işğal siyasətinə qarşı həmrəylik. Dünya ictimaiyyəti üçün bu mühüm mesajdır. Əgər illər boyu “Rusiyanın xoşuna gəlməz” qorxusu ilə susan dövlətlər indi sözlərini açıq deyirsə, deməli, Kreml artıq əvvəlki kimi toxunulmaz deyil. Bu prosesin davamı isə daha güclü beynəlxalq təzyiq və Rusiyanın işğalçı siyasətinə son qoymaq üçün yeni imkanlar deməkdir. Azərbaycanın bu baxımdan apardığı prinsipial mövqe digər ölkələri də cəsarətləndirir. Əslində bütün bu məsələlər beynəlxalq hüququn norma və qaydalarına əməl olunmasına çağırışdır. Rusiya əvvəl-axır bu həqiqəti dərk edib normal sivil məcraya qayıtmalıdır. Əks halda dünyadan tamamilə təcrid olunması qaçılmazdır”.