AMİP-30
arzuxan

“Tramp yolunu” açmaq üçün hərəkətə keçdilər

ABŞ nümayəndə heyəti “Tramp marşrutu” (Zəngəzur dəhlizi) layihəsini müzakirə etmək üçün Ermənistana gələcək. Bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, amerikalıların səfəri gələn həftəyə planlaşdırılıb. Məlumatda bildirilir ki, onlar Sünikdən keçən marşrutun təkcə texniki və siyasi detallarını deyil, həm də investisiyaların həcmini, prioritet istiqamətləri və tikinti işlərinin başlama tarixini müzakirə edəcəklər. 

Görüşlər bağlı qapılar arxasında keçiriləcək. Yayılan xəbər doğrudursa, bu, ABŞ-ın Zəngəzur dəhlizinin açılması üçün real praktiki hərəkətə keçdiyi demək olacaqmı və prosesi sürətləndirəcəkmi?

Milli Məclisin deputatı Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, İkinci Qarabağ savaşında əldə etdiyimiz möhtəşəm qələbə və bütün ərazimizdə suverenliyimizin bərpa olunması ilə regionda yeni reallıqlar yarandı və yeni kommunikasiya qovşağının açılması gündəmə gəldi: “Azərbaycan tərəfinin ideya müəllifliyi ilə şərti olaraq Zəngəzur dəhlizi adlandırdığımız kommunikasiya qovşağının açılacağı təqdirdə təkcə region ölkələri deyil, eləcə də böyük dövlətlərin də bu qovşaqdan nəhəng iqtisadi dividentlər əldə edə biləcəyi aydındır. Ona görə də ABŞ, Böyük Britaniya və digər iri dövlətlər də Zəngəzur dəhlizinin vacibliyindən, eləcə də özlərinin prosesdə iştirakından danışmağa başladılar. Artıq bu istiqamətdə praktiki addımlar atılıb və atılır. Ermənistanın uzun müddət bu məsələdə qeyri-konstruktivlik göstərməsi və bəzi dövlətlərin maneələr yaratması səbəbindən bu layihənin gerçəkləşdirilməsi uzanırdı. Nəhayət, bu il 8 avqustda Vaşinqtonda prezident Donald Trampın da iştirakı ilə imzalanmış müqavilələrlə sözügedən kommunikasiya qovşağının reallaşması istiqamətində olduqca ciddi addım atılıb. ABŞ kimi super dövlətin bu prosesdə iştirakı və öz şirkəti ilə birbaşa praktiki iştirak qərarı verməsi bu layihənin tezliklə gerçəkləşəcəyinə ümidləri kifayət qədər artırıb”.

Deputatın sözlərinə görə, gözləntilər də bundan ibarətdir ki, yaxın zamanlarda Zəngəzur dəhlizinin reallaşması istiqamətində çox ciddi addımlar atılacaq: “ABŞ bunun üçün hərəkətə keçir. 8 avqustda Vaşinqtonda keçirilən görüşdə Donald Tramp da belə bir ifadə işlətmişdi ki, bölgədə bu layihənin gerçəkləşməsi ilə çox böyük sərvət əldə etmək mümkündür. Təbii ki, ABŞ Prezidenti siyasətçi olmaqla yanaşı, bir biznes təfəkkürünə də malik şəxsdir. O, Zəngəzur dəhlizinin gətirəcəyi böyük iqtisadi qazancların olacağını dəqiq bilir. Bu səbəbdən də Amerika şirkətinin prosesin içərisində olması və ABŞ-ın bu prosesin əsas aparıcı qüvvələrindən birinə çevrilməsi üçün praktiki addımlar atılacaq. Ermənistan mediasında yayılan məlumat da bunu təsdiq edir ki, həmin addımların atılmasına başlanır. Təbii ki, ilk növbədə bu prosesdə Azərbaycanın maraqları qorunmalıdır. Naxçıvanla maneəsiz gediş-gəlişin təmin olunması Azərbaycanın maraqları sırasında əsas məsələlərdən biridir. Bu istiqamətdə olduqca ciddi addım atılıb. Bəzi region ölkələrinin buna hansısa formada müqavimət göstərməsi də artıq mümkün deyil. İstər şimal, istər cənub qonşumuz bundan sonra hansı mövqe ortaya qoymağından asılı olmayaq bu kommunikasiya qovşağının açılması reallıqdır və geridönməz bir prosesdir. Əslində hər iki qeyd etdiyimiz qonşumuz da bu layihənin gerçəkləşməsindən iqtisadi imkanlar əldə etmiş olacaqlar. Sadəcə olaraq, bu qovşağa nəzarət uğrunda bir savaş var idi. Artıq ABŞ-nin prosesə praktiki qoşulması ilə bütün nöqtələr öz yerinə qoyulub”.