AMİP-30

“Revanşistlərin qarşısının alınması Ermənistan hakimiyyətinin öhdəliyidir” – Millət vəkili

“Azərbaycanın Ermənistan üzərinə qoyduğu haqlı tələblər var və onlar beynəlxalq hüquqa əsaslanır. Ermənistanı qarşıda seçki gözləyir, onun nəticələrindən asılı olaraq Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağı bəlli olacaq. Amma istənilən halda cənab Prezident də qeyd etdi ki, Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında imzalanan çərçivə sazişi əslində dövlətlərarası müqavilədir”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə Ermənistandakı revanşist qüvvələrin fəallaşması fonunda proseslərin mümkün gedişini şərh edərkən deyib.

O bildirib ki, sülh sazişinin imzalanması Azərbaycandan daha çox Ermənistana lazımdır:

“Ermənistan bütövlükdə öz üzərinə öhdəlik götürüb və Paşinyan deyil, hansısa digər qüvvə də hakimiyyətə gələcəksə, bunu icra etməlidir. Revanşistlərin qarşısının alınması da Ermənistan hakimiyyətinin öhdəliyidir. Həmin revanşistlər heç bir halda Azərbaycana qarşı hansısa təhdid törədə bilməzlər. Sadəcə olaraq sülh prosesini ləngidə bilərlər. Buna görə də Paşinyan onların qarşısını almalıdır. Görünən budur ki, Paşinyan rəqiblərini sıradan çıxarıb, xüsusilə Rusiyanın ordakı əlaltılarından söhbət gedir, kilsə ilə çox ciddi mübarizəyə başlayıb. Burada da üstünlük Paşinyan tərəfindədir və revanşistlərin hər hansı təhlükə törədə bilmək imkanları kifayət qədər aşağıdır. Paşnyan seçkilərə yaxın rəqiblərini sıradan çıxarmaqla məşğuldur. Faktiki olaraq Köçəryan-Sarkisyan timsalında siyasi rəqiblər sıradan çıxarılır. Çünki onlar heç bir elektorata malik deyillər. Onların Rusiyaya bağlılığını xüsusi gündəmə gətirməklə, özünə daha çox tərəfdar toplayıb. Siyasi rəqiblər hesab ediləcək, seçki ərəfəsində güclənə biləcək müxalif qüvvələr faktiki olaraq zəifləmiş durumdadırlar. Paşinyan onların tam olaraq sıradan çıxarmaq niyyətini həyata keçirməkdədir. Görünən odur ki, buna nail olur və sonadək də nail ola biləcək”.

Deputat söyləyib ki, kilsə artıq faktiki olaraq sıradan çıxarılmış durumdadır, ona rəhbərlik edən şəxslərlə bağlı çox ciddi kompromatlar gündəmə gətirib, elə formada onlara qarşı mübarizə başladıb ki, burada Paşinyanın üstünlüyü şəksizdir:

“İstənilən halda, hesab edirəm ki, Paşinyan seçkilərə qədər həm siyasi, həm dini kəsimə məxsus rəqiblərini tam olaraq neytrallaşdıra biləcək. Təbii ki, Rusiyanın da çox ciddi planlarının olacağı istisna edilmir. Rusiyanın orda hərbi bazası var, 5-ci kalonu var, onların güclənməsi, hansısa formada təmərküzləşməsi prosesi baş verə bilər. Ermənistanda həbs olunan Samvel Karapetyanın timsalında deyə bilərik ki, bugünkü güc Paşiyanın tərəfindədir və bu prosesdə qalib kimi görünür”.