AMİP-30

“20 sentyabr Azərbaycanın xalqının qürur günü kimi tarixə düşdü”

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən 2 il ötür. Lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. 

Bu barədə Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib ki, Azərbaycan 2020-ci ilin 27 sentyabrında başlayan II Qarabağ müharibəsində möhtəşəm qələbə qazandı:

“44 gün ərzində 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizin əhəmiyyətli hissəsi azad olundu.  Lakin bu qələbədən sonra da ölkəmiz bəzi lokal antiterror tədbirlərini həyata keçirmək məcburiyyətində qaldı. Bu prosesin kulminasiya nöqtəsi 2023-cü ilin 19-20 sentyabr tarixlərində baş verdi. Cəmi 23 saat ərzində Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən 10 mindən artıq erməni silahlı dəstələri tam zərərsizləşdirildi. Onlardan təxminən 1000 nəfər neytrallaşdırıldı, digərləri isə silahlarını yerə qoyaraq qaçdılar. Beləliklə, Azərbaycan növbəti tarixi zəfərə imza atdı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdi və 1992-ci ildən BMT-yə üzv oldu. Birinci olaraq Türkiyə Azərbaycanın müstəqilliyini tanıdı, daha sonra digər ölkələr də bunu rəsmiləşdirdi. Lakin bu müstəqillik dövründə ərazilərimizin 20%-i işğal altında qaldı”.

Millət vəkili diqqətə çatdırıb ki, 2023-cü ilin 20 sentyabrında ilk dəfə olaraq Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etdi:

“Bu, sadəcə hərbi və siyasi uğur deyil, eyni zamanda beynəlxalq ictimaiyyətə “Azərbaycan modeli”nin nümayişi oldu. Dünya bu gün bir çox bölgədə separatçılığın və terrorizmin qarşısının alınmasının nə qədər çətin olduğunu görür. Azərbaycan isə bu problemi təkbaşına və qətiyyətlə həll etdi. Bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə can sağlığı arzulayırıq. Bu zəfərin baş memarı isə, şübhəsiz ki, ölkə Prezidenti İlham Əliyevdir. Onun qətiyyətli siyasi iradəsi, düzgün xarici siyasəti, daxildəki birlik və barış mühitinin yaradılması Azərbaycanın bu nailiyyətə çatmasını mümkün etdi.  2024-cü ilin Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu tarixi əhəmiyyətin təsdiqidir. 30 ildən sonra ölkəmiz nəinki müstəqil, həm də bütün ərazisinə tam nəzarət edən, suveren, güclü bir dövlət kimi tarix səhnəsindədir. Bu gün hər bir Azərbaycan vətəndaşı başı dik, qürurla deyə bilər ki, biz müstəqilik, biz suverenik və bu suverenliyi qoruya bilən güclü bir xalqın övladıyıq”.