AMİP gənc üzvlərinə üzvlük vəsiqələri təqdim olundu – FOTOLAR
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) XIII Qurultayı çərçivəsində partiyanın sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim edilib.
Qurultayda bir qrup gənc – Qarayev Abbas, Səmədova Alina, Müslümova Kəmalə, Abbaslı Nəzrin, Abbaslı İsa, İlyasova Gülər, İlyasova Gülşən, Hüseynli Teyyub, Hüseynov Əfqan və Vəliyev Əkbərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Tədbirdə çıxış edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə yeni üzvləri təbrik edərək onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, qeyd edib ki, Azərbaycan Milli İstiqlal Partiyası daim gənclərə xüsusi önəm verir və onların milli dövlətçilik ideyalarına bağlı, prinsipial və fəal vətəndaş kimi yetişməsini əsas hədəflərindən biri hesab edir:
“Milli İstiqlal Partiyası dünənin və bugünün olduğu kimi, sabahın da partiyasıdır. Bu amal uğrunda mübarizəyə qoşulan hər bir gənc bizim gələcək fəaliyyətimizin təminatçısıdır. Biz inanırıq ki, gənclərimizin enerjisi və vətənpərvərliyi partiyamızın ideyalarının yaşadılmasına və Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə töhfə verəcəkdir.”
Qurultay iştirakçıları tərəfindən gənclərə təqdim olunan vəsiqələr onların siyasi fəaliyyətə rəsmi qoşulmalarının göstəricisi olmaqla yanaşı, milli istiqlal ideyalarına sədaqətin rəmzi kimi dəyərləndirilib.
AMİP rəhbərliyi gənclərə üzərlərinə düşən məsuliyyəti dərk etməyi, təşkilati işlərdə fəallıq göstərməyi və Azərbaycanın müstəqil dövlət kimi inkişafı naminə ardıcıl fəaliyyət aparmağı tövsiyə edib.
Azərbaycan Milli İstiqlal Partiyası hər zaman gənclərin öz ideya və təşəbbüsləri ilə partiya fəaliyyətinə qoşulmalarını dəstəklədiyini və onlara geniş meydan verdiyini bir daha bəyan edib.



