AMİP XIII Qurultayı Qətnamə qəbul etdi
28 sentyabr 2025-ci il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) XIII Qurultayı keçirilib. Qurultayda partiyanın gələcək fəaliyyət istiqamətlərini müəyyən edən və ölkənin ictimai-siyasi həyatına dair mühüm mövqeləri əks etdirən Qətnamə qəbul olunub.
Qətnamədə Azərbaycanın siyasi, sosial-iqtisadi və xarici siyasət sahələrində islahatların aparılmasının zəruriliyi xüsusi vurğulanıb.
Siyasi idarəetmə sahəsində hakimiyyət qolları arasında bölgü və qarşılıqlı nəzarət mexanizmlərinin yaradılması, seçki sisteminin təkmilləşdirilməsi, qanunverici orqanda təmsilçiliyin genişləndirilməsi və müstəqil məhkəmə hakimiyyətinin gücləndirilməsi əsas istiqamətlər kimi göstərilib.
Yerli özünüidarəetmə ilə bağlı bələdiyyələrin mərkəzi hakimiyyətdən asılılığının aradan qaldırılması və onların səlahiyyətlərinin genişləndirilməsi vacib məsələ kimi qeyd olunub.
Sosial-iqtisadi sahədə isə aztəminatlı ailələrin, qazilərin və şəhid ailələrinin dövlət qayğısının artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, kənd təsərrüfatında yeni təşəbbüslərin həyata keçirilməsi və bank sektorunda problemlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub.
Qurultay Qətnaməsində xarici siyasət məsələlərinə də geniş yer ayrılıb. Türk dövlətləri ilə əməkdaşlığın dərinləşdirilməsi, Güney Azərbaycanda yaşayan soydaşlara dəstək göstərilməsi, xaricdəki azərbaycanlıların hüquqlarının qorunması və diaspor təşkilatlarının gücləndirilməsi partiyanın əsas prioritetləri kimi elan edilib.
AMİP XIII Qurultayının Qətnaməsi ölkədə demokratik inkişafın təmin olunması və cəmiyyətin bütün sahələrində islahatların vacibliyi barədə həm cəmiyyətə, həm də mövcud hakimiyyətə ünvanlanmış siyasi mesaj kimi qiymətləndirilir.

