AMİP-30

Rəşad Bayramov: “Ölkə başçısı bu telefon zəngi ilə Azərbaycanın mövqeyini ortaya qoydu”

Məlum olduğu kimi, Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Dövlət başçısı zəng zamanı Kreml rəhbərini doğum günü münasibətilə təbrik edib, həmçinin iki ölkə arasında əlaqələrin mövcud vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Cənubi Qafqazda baş verən son hadisələr, regionda dəyişən güc balansı və Qərb–Rusiya münasibətlərindəki gərginlik fonunda Bakı ilə Moskva arasında istənilən yüksək səviyyəli təmas diqqət mərkəzində olur. Ən azından ona görə ki, məlum olduğu kimi, ötən ilin dekabrında Rusiya səmasında mülki təyyarəmizin vurulmasından sonra iki ölkə münasibətlərində gərginlik, soyuqluq yaşanmaqdadır. Bu ilin iyununda Rusiyada Azərbaycan diaspor nümayəndələrinin həbsi, buna cavab olaraq Azərbaycanın atdığı adekvat addımlar iki ölkə münasibətlərində yenidən gərginliyin yaranmasına səbəb oldu.

Bütün bu deyilənlərin fonunda, Əliyev-Putin danışığı mövcud proseslər fonunda necə qiymətləndirilməlidir? Hesab etmək olarmı ki, Bakı və Moskva arasında gərginlik aradan qalxır?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov buna bir neçə prizmadan yanaşdı: “Prezident İlham Əliyevin Putinə zəngi təkcə adi bir təbrik zəngi deyil. Bu zəng həm də bizim Azərbaycan olaraq heç kimlə, o cümlədən də Rusiya ilə düşmənçilik etmədiyimizə dair verilmiş mesajdır. Bu mesaj, Rusiya hakimiyyəti başda olmaqla, anti-Azərbaycan mövqeyini inkişaf etdirən ayrı-ayrı deputatlara, rəsmi şəxslərə, media nümayəndələrinə və Rusiya ictimaiyyətinə verilmiş mesaj kimi qəbul olunmalıdır. Putinə təbrik zəngi bir daha Rusiya ilə soyuq və bəzən də gərgin münasibətlərin Azəbaycandan qaynaqlanmadığını, problemlərin Rusiyada olduğunu göstərir. Başqa sözlə desək, Prezident bu telefon zəngi ilə ortada olan problemlərin aradan qaldırılması üçün məhz Rusiya tərəfinin konkret addımlar atmasının zəruriliyini ortaya qoymuş oldu. Bu addım Azərbaycan və Rusiya arasında olan gərginliyin aradan qaldırılmasına təsir edə bilərmi? Əgər Rusiya tərəfi verilən mesajı doğru dəyərləndirəcəksə, Azərbaycanın haqlı tələblərini qəbul edib təyyarəmizin vurulmasına görə məsuliyyəti qəbul edərək buna uyğun addımlar atacaqsa, münasibətlər düzələcək. Bununla yanaşı, əgər Rusiyada hökm sürən anti-Azərbaycan ritorikasına son verəcəksə, Yekaterinburq vəhşiliyinin səbəbkarlarını cinayət məsuliyyətinə cəlb edəcəksə, diaspor təşkilatlarımıza və iş adamlarına qarşı hücumları dayandıracaqsa, Rusiyada yaşayan və ya iş üçün Rusiyaya gedən soydaşlarımıza qarşı ədalətli mövqe sərgiləyəcəksə və ən əsası, Azərbaycanın müstəqil xarici siyasət kursuna hörmət edərək, ölkəmizə yuxarıdan aşağı baxmağa son verəcəksə o zaman hər hansı bir gərginlik, soyuqluq da qalmayacaq. Ölkə başçısı bu telefon zəngi ilə Azərbaycanın mövqeyini ortaya qoydu. İndi top tamamilə Rusiyanın meydanındadır”.