AMİP-30

Arzuxan Əlizadə: “İlham Əliyevin iştirakı Azərbaycanın beynəlxalq nüfuzunu göstərir”

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir. AMİP-in sədri, millət vəkili Arzuxan Əlizadə yenifikir.media-ya bu barədə şərh verib.

Deputat bildirib ki, bu gün Misirdə Qəzza ilə bağlı əldə edilmiş atəşkəs çərçivəsində Sülh Sammiti keçirilir və tədbirdə artıq 20 dövlət və hökumət başçısının iştirakı təsdiqlənib. Azərbaycan Prezidenti İlham Əliyev də bu sammitdə iştirak üçün Amerika və Misir prezidentləri tərəfindən dəvət alıb və səfər artıq reallaşıb.

Arzuxan Əlizadə qeyd edib ki, Prezident İlham Əliyevin bu səfərə dəvət olunması Azərbaycanın regional və qlobal miqyasda artan nüfuzunun göstəricisidir. Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyə nail olub və artıq bir çox beynəlxalq platformalarda təmsil olunur. Dünya liderləri Prezident İlham Əliyevin apardığı xarici siyasəti və verdiyi töhfələri yüksək qiymətləndirir. Misirdə keçirilən Sülh Sammitinə dəvət bunun bariz nümunəsidir.

Arzuxan Əlizadə əlavə edib ki, bu prosesdə Azərbaycanın gələcəkdə iştirak imkanları da istisna deyil. Qəzzada bərpa və quruculuq işləri dayanıqlı sülh təmin edildikdən sonra reallaşacaq və bu sahədə Azərbaycan, qardaş Türkiyə ilə yanaşı, öz töhfəsini verə bilər. Bugünkü sammitdə bölgədə dayanıqlı sülhün təmin edilməsi və Qəzzada son iki il ərzində baş vermiş dağıntıların aradan qaldırılması, bərpa və quruculuq işləri müzakirə mövzusu ola bilər.

Deputat vurğulayıb ki, Azərbaycanın bu sahədə böyük təcrübəsi var. Ölkəmiz 30 il ərzində işğal altında olan ərazilərini azad edib və qısa müddət ərzində bu ərazilərdə geniş bərpa və quruculuq işləri həyata keçirib. Üç beynəlxalq hava limanı, yol, dəmiryol, infrastruktur layihələri, binalar və digər mühüm obyektlər qısa müddətdə tikilərək istifadəyə verilib. Bu təcrübə Qəzada bərpa işlərinə Azərbaycanın da dəvət olunma ehtimalını gücləndirir.

Millət vəkili bildirib ki, belə nüfuzlu tədbirdə Prezident İlham Əliyevin iştirakı bir daha Azərbaycanın artan beynəlxalq nüfuzunu və dünya liderləri tərəfindən qlobal səviyyədə qəbulunu göstərir.