Rəşad Bayramov: “Revanşist müxalifət bu məsələdən hakimiyyətə qarşı istifadə edir”
Bakıda saxlanılan məhbusların azad edilməsi məsələsi Şarm əl-Şeyxdə Azərbaycan tərəfi ilə müzakirə olunub. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 14-də Finlandiyadan həmkarı ilə birgə mətbuat konfransında deyib.
“Bu istiqamətdə hər gün iş aparılır. Bəzən bu iş gözə çarpmır, bəzən isə effektiv olmur, yoxsa çoxdan həll olunardı. Amma səylərimizi dayandırmırıq və dünən Şarm əl-Şeyxdə Qəzza sülh sammiti çərçivəsində bu məsələni Azərbaycan tərəfdaşlarımızla yenidən müzakirə etdik”, – Mirzoyan deyib.
Nazir Azərbaycan rəsmilərinin reaksiyası barədə bir söz deməsə də, yaxın gələcəkdə bu mövzuda “yaxşı” xəbərlərin olacağına ümidini bildirib.
Ermənistan hakimiyyəti niyə yersiz olaraq separatçıların azad edilməsi məsələsini gündəmə gətirir? Ən azından onlara qarşı məhkəmə hökmü çıxarılmayıb. Üstəlik, onların azad edilməsi Paşinyan höküməti üçün problem olacaq. Çünki onlar bilavasitə revanşist siyasi qüvvələrə yaxındılar. İndiki şəraitdə onların azad edilməsi revanşist qanadın əlini gücləndirə bilər. Nəzərə almaq lazımdır ki, gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. O baxımdan, həqiqətənmi Paşinyan hakimiyyəti separatçıların azad edilməsində maraqlıdır? Ola bilərmi ki, Mirzoyanın bu açıqlaması daxili auditoriyaya hesablanmış bir gedişdir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, antiterror əməliyyatı və ondan sonrakı dövrdə Qarabağda həbs edilən və Bakıda məhkəməsi gedən separatçıların hər birinin cinayəti faktlarla və məhkəmə araşdırması ilə sübut olunub: “Üstəlik, gedən məhkəmə prosesində hər keçən gün yeni faktlar ortaya çıxır. Bu da saxlanılan şəxslərin hər birinin ayrı-ayrı cinayətlərdə faktiki iştirakını sübut edir. Məsələ ondadır ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi var. Həmin qanunvericiliyə görə, bu və ya digər şəxsin azad edilməsi birbaşa Prezidentin səlahiyyətində olan məsələdir. Bunun üçün də ilk növbədə həmin şəxslər haqqında məhkəmə qərarının verilməsi lazımdır. Prosedur qayda bundan ibarətdir. Məhkəmə prosesi gedir və təbii ki, bundan sonra kimsə azad ediləcəksə, Ermənistana təhvil veriləcəksə, bu, birbaşa ölkə başçısı tərəfindən verilən qərardan asılı olacaq. İndiki mərhələdə Ermənistan hakimiyyətinin bu məsələni diqqətdə saxlaması, xüsusən də son dövrlər daha aktiv şəkildə gündəmə gətirməsi birbaşa seçkiyə hesablanmış siyasətdir. Gələn ilin iyununda Ermənistanda parlament seçkiləri keçiriləcəyi üçün bu, daxili auditoriyaya hesablanıb. Çünki revanşist müxalifət bu məsələdən hakimiyyətə qarşı istifadə edir. Paşinyana qarşı anti-təbliğat vasitəsi kimi istifadə edirlər. Bunu önləməkdən ötrü Paşinyan hakimiyyəti formal şəkildə separatçıların azad edilməsini qabardır. Məqsəd odur ki, revanşist müxalifət bundan öz xeyrinə istifadə edə bilməsin. Yoxsa Paşinyan onları niyə müdafiə etsin? Yaxşı bilirlər ki, Bakıda həbsdə olan separatçılar revanşist müxalifətlə bir düşərgədədirlər. Onların da arxasında Rusiya dayanır. Çünki Rusiya maraqlıdır ki, Ermənistanda revanşist müxalifət hakimiyyətə gəlsin”.