“Ramiz Mehdiyevlə yaxın təmasda olan partiya sədrləri olub” – Deputat
Xəbər verildiyi kimi, ötən gün Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istəyi ilə bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə göndərdiyi məktub yayılıb.
Sözügedən məktubun mediada tirajlanan mətnində hakimiyyətin 3 qolunun – qanunvericilik, icra, məhkəmə – fəaliyyətinə nəzarəti cəmiyyətdə nüfuza malik olan 50 üzvdən – təcrübəli dövlət məmurları, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət xadimləri – ibarət Dövlət Şurasının həyata keçirəcəyi qeyd edilir. Məktubda “Dövlət Şurası” üzvlərinin ümumxalq səsverməsi nəticəsində formalaşdırılması və “qurum”a Dövlət Şurası sədrinin rəhbərlik edəcəyi bildirilir.
Maraqlıdır, o siyahıda kimlər ola bilərdi?
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, siyahıda kimlərin ola biləcəyi hamıya maraqlıdır:
“Lakin konkret adlar çəkə bilməyəcəyəm. Biz sadəcə ehtimal edə bilərik. Bu, çox ciddi məsələdir və hazırda istintaq gedir. Fakt olmadan istintaq getdiyi bir zamanda ad çəkmək kimisə ittiham etmək sayılar. Düzdür, Ramiz Mehdiyevlə yaxın təmasda olan partiya sədrləri olub.
Həmin siyahıda da onlardan kiminsə adlarının ola biləcəyi istisna deyil. Ancaq Ramiz Mehdiyev 6 ildir ki, vəzifədən kənarlaşdırılıb. Bu müddət ərzində onun kimlərlə təmas qurduğu da istintaq araşdırmaları ilə üzə çıxarılacaq. Onun tamam başqa şəxslərlə də münasibəti formalaşmış ola bilər”.
Partiya sədri qeyd edib ki, Ramiz Mehdiyev bu cinayəti təkbaşına edə bilməz:
“Əlbəttə ki, onun komandasında başqa şəxslər də olub. Onların da kimliyi istintaq müddətində müəyyənləşdiriləcək. Ramiz Mehdiyevin “Dövlət Şurası” adlandırdığı “qurum” Azərbaycan Konstitusiyasına ziddir. Dövlət çevrilişi edəndən sonra müvəqqəti formalaşdırmağı arzu etdiyi bir “qurum”dan söhbət gedir.
“Dövlət Şurası”nı yaratmaq hakimiyyəti zorla ələ keçirməkdir. 50 nəfərin toxunulmaz olması və onların idarəçilikdə hansı formada iştirak edəcəyi tamamilə Ramiz Mehdiyevi təxəyyülüdür. Bunun olduqca xəstə bir təxəyyül olduğunu düşünürəm. Bütün bu məsələlər araşdırılacaq”.