AMİP-30

“Perinçək bu yalanla dividend qazanmaq istəyir” – Deputat

“Azərbaycan artıq neçə illərdir ki, mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün məkan olaraq seçilib. Həm Bakıda, həm də azad olunmuş ərazilərimizdə beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilir. Avropa Ravvinlər Konfransına da Bakı ev sahibliyi edəcəkdi. Görünür, təşkilatçılar tərəfindən hansısa səbəblərə görə tədbiri təxirə salmaq barədə qərar qəbul edilib”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, burda Azərbaycanın ev sahibliyindən imtina etməsindən söhbət getmir. Sadəcə olaraq hansısa səbəblərə görə tədbirin ertələnməsi qərarı verilib. Bu da təbiidir, belə hallar olur.

Deputat Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçəkin konfransın onun Prezident İlham Əliyevə ünvanladığı məktubdan sonra ləğv olunduğuna dair iddialarına da toxunub.

“Doğu Perinçək adlı siyasətçinin dedikləri tam olaraq yalandır. Hesab edirəm ki, bununla özünə hansısa formada dividend qazanmaq, xal toplamaq istəyir. Onun əslində keçmişi də bəllidir və bu açıqlamaları Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyi, iki ölkənin ictimaiyyətləri arasında münasibətlərdə gərginlik yaratmağı hədəfləyir. Bu baxımdan da heç bir halda söylədikləri doğru deyil. Bu cür fikirlər ümumiyyətlə zərərlidir və belə formada gündəmə gəlmək, belə üsullardan istifadə etməklə özünə xal qazanmağa çalışmaq bu vaxta kimi heç bir siyasətçiyə başucalığı gətirməyib”, – A.Əlizadə söyləyib.

Bu cür halların qarşısını almaq üçün nə kimi addımların atılmalı olduğuna gəlincə, deputat deyib ki, Türkiyə cəmiyyəti yekcins deyil, orada zamanında soyadını dəyişmiş digər millətlərin nümayəndələri, eləcə də ermənilər də var:

“Türkiyə çoxmillətli, çox qüdrətli bir dövlətdir. Onların hamısına təbii ki, hörmətlə yanaşılır. Amma təəssüf ki, aralarında Azərbaycan-Türkiyə dostluğuna bu və ya digər formada xələl gətirən, qarışıqlıq salmaq, ixtilaf yaratmaq istəyən insanlar da var. Onlar münasibətlərə şübhə toxumları səpməklə gərginlik fonu yaratmağı hədəfləyirlər. Bunun da qarşısı alınmalıdr. Türkiyə dost və qardaş dövlətdir. Bizim münasibətlərimiz dünyada analoqu olmayacaq səviyyədə yaxındır. Cəmiyyətdə müxtəlif yanaşmalar ola bilər. Müxtəlif tipli insanlar ola bilir ki, hansısa formada bu birliyə, bütövlüyə xələl gətirmək istəyirlər. Bunun təbii ki, qarşısı alınmalıdır. Bununla bağlı məsələyə dəfələrlə toxunulub, dostlarımıza müraciətlərimiz olub ki, bu məsələlər, nüanslar nəzərə alınmalıdır. Heç bir halda imkan verilməməlidir ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlığına bu və ya digər formada kölgə salınsın, narahatlıq fonu yaradılsın”.